Bir əsrlik işıqlı yolun davamçısı

 

Düz yüz il bundan əvvəl qədim Naxçıvana bir qadın müəllim gəldi. Bu Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı ilk rus-müsəlman qız məktəbinin məzunu, əslən naxçıvanlı olan Nazlı xanım

Tahirova idi.

Nazlı xanım məktəbi bitirdikdən sonra Tiflisdə yaşıyan qardaşı Yusifin yanına gedir. Bakıda oxuyarkən dövrün demokratik fikirli ziyalılarından Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir və başqalarını tanıyan gənc Nazlı Tiflisdə Cəlil Məmmədquluzadənin də diqqətini cəlb edir. Onun Bakıda təhsil almasından məmnun olan Mirzə Cəlil deyir: “Qızım, sən təhsil almısan, get Naxçıvana, qadınların maariflənməsinə çalış, cəsarətli ol, heç nədən qorxma”!

Böyük ədibin xeyir-duası Nazlını ruhlandırır, onun həyat yoluna işıq salır. Naxçıvana gələn Nazlı xanım burada yenicə açılmış qızlar məktəbində müəllim işləyir. Sonrakı illərdə isə həmin məktəbin və pedaqoji məktəbin müdiri vəzifələrində çalışır. Bu o vaxt idi ki, qadınlar çadrada gəzir, həyatın boyunduruğu altında inləyirdilər. Qoçular, nadanlar Nazlını və onun məktəbə cəlb etdiyi qızları ölümlə hədələyirdilər. Müxtəlif təqiblərə, təhqirlərə, hədələrə səbrlə dözən Nazlı xanım şagirdlərə deyirdi: “Qızlar, siz azadlığın, maarif və mədəniyyətin qaranquşlarısınız. Qaranquşlar isə bahar müjdəçiləridir. Onlar bütün quşlardan erkən uçub gəlirlər. Bəzən yolda qara, çovğuna düşürlər, lakin dözürlər. Çünki gətirdikləri bahar hamıya səadət bəxş edir”.

Naxçıvanda pedaqoji kollektivlərdə Rəşid bəy Əfəndiyevlə, Hüseyn Cavidlə, digər tanınmış ziyalılarla birgə işləməsi Nazlı xanımı püxtələşdirir. O, öz təcrübəli şagirdləri ilə birlikdə qadınları savadsızlığı ləğvetmə kurslarına, ictimai işlərə cəlb edirdi. İllər ötdü, naxçıvanlıların bir neçə nəslinin müəllimi olmuş Nazlı xanım Tahirova-Nəcəfova xidmətlərinə görə “əməkdar müəllim” fəxri adına, orden və medallara layiq görüldü. Onu bütün Azərbaycanda tanıyırdılar. Bu maarif fədaisinin adı və şəkli “İşıq” nəşriyyatının 1973-cü ildə nəşr etdiyi görkəmli Azərbaycan qadınlarına həsr edilmiş “Ömürlərdən səhifələr” kitabına düşmüşdür. Ondan yadigar qalmış əşyalar, respublikanın tarix və incəsənət muzeylərində saxlanılır. Vaxtilə Nazlı xanımın şagirdləri olmuş onlarla elmlər doktoru, professor, yüksək vəzifə sahibləri, mədəniyyət və incəsənət xadimləri onu xeyirxahlıqla yad edir və gənc müəllimlərə nümunə göstərirlər.

Nazlı Tahirovanın  çoxsaylı davamçılarından biri kimi müəllim olmaq arzusu Xədicə Bağırova da hələ Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5 nömrəli orta məktəbdə oxuyarkən yaranmışdı. Bir dəfə ədəbiyyat müəllimi şagirdləri məktəbin yaxınlığında yerləşən Hüseyn Cavidin ev muzeyinə aparmışdı.  Şagirdlər böyük şairin həyatını və yaradıcılığını əks etdirən eksponatlara maraqla tamaşa edirdilər. Muzey bələdçisi bir şəklin qarşısında xeyli dayanaraq geniş məlumat verdi. Şəkildə bir qrup müəllimin içərisində ön cərgədə Hüseyn Cavidlə yanaşı oturmuş bir qadın var idi. Bu, vaxtı ilə pedaqoji məktəbdə Hüseyn Cavidlə birlikdə dərs deyən Nazlı xanım idi.

Sonralar Nazlı xanımın pedoqoji fəaliyyətinin tez-tez yada salınması və yubileylərinin dəfələrlə qeyd olunması, şəhərdəki bir nömrəli orta məktəb yanında açılmış liseyə onun adının verilməsi Xədicəni daha da duyğulandırdı. O, mütləq müəllim olacağına, Nazlı xanım kimi xalq üçün layiqli övladlar yetirəcəyinə qərar verdi. Elə bu məqsədlə də sənədlərini Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə verərək tələbə oldu və 1984-cü ildə oranı bitirdi.  Həmin il Naxçıvan şəhərindəki 3 saylı beynəlmiləl orta məktəbdə    pedaqoji fəaliyyətə başladı. İllər ötdükcə böyük zəhmət və məsuliyyət tələb edən müəllimlik peşəsinin  incəliklərinə daha dərindən bələd oldu. Şagirdlərin, valideynlərin, pedaqoji kollektivin sevimlisinə çevrildi.

Xədicə Bağırova 1993-cü ildən Bakı şəhərindəki 193 saylı orta məktəbdə ingilis dili fənnini tədris edir. Zəngin pedaqoji təcrübəsi olan bu maarifpərvər xanım ildən-ilə modernləşən təhsilimiz üçün var qüvvəsi ilə çalışır. O, beynəlxalq ünsiyyət vasitəsi olan ingilis dilini   tədris etməklə kifayətlənmir, dərslərini interaktiv üsullarla aparır. Xədicə müəllim ingilis dilini müasir tələblər baxımından,  kurikulum çərçivəsində tədris edir.

Xədicə Bağırova yaxşı bilir ki, qrammatik tərcümədən fərqli olaraq, kommunikativ yanaşma xarici dildə istənilin situasiya daxilində fikri daha tez çatdırmağı və çoxlu söz ehtiyatı yığmağı tələb edir. Lüğətin müasir üsullarla öyrədilməsi isə şagirdlərdə daha çox çalışmaq  həvəsi yaradır, onların istənilən mövzuda sərbəst danışmasına gətirib çıxarır.

Zəhmətkeş, bacarıqlı pedaqoq Xədicə xanım ölkəmizdə təhsilin inkişafına, bilikli  və tərbiyəli nəsil yetişdirilməsinə köməyini əsirgəmir. Bu fədakar insanın əməyi isə ölkə miqyasında nəzərdən yayınmır. 2003-cü ildə ilin ən yaxşı müəllimi seçilən, 2012-ci ildə  Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə keçirilən “ İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olan Xədicə Bağırova özünə örnək seçdiyi Nazlı Tahirova–Nəcəfovanın müqəddəs müəllimlik yolunu ləyaqətlə davam etdirir. Nəsillərin estafeti bax beləcə davam edir.

Təranə AĞAMİRZƏYEVA, Azərbaycan Jurnalistlər Birliyinin  üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında