Müəllimlik olduqca şərəfli peşədir. Cəmiyyətdə müəllimlərə həmişə böyük hörmət və sayğı olub. Ulu öndər Heydər Əliyev müəllim adını uca tutardı, müəllimliyi bütün peşələrdən ən şərəflisi hesab edərdi. Ulu öndər deyirdi: “Həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və mənəviyyatını hər şeydən yüksək tutubdur”.
Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimlərə hörmət və ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxınlaşdırılması qayğısına qalıb. O deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”. Bu şərəfli peşə sahiblərinin əməyi yüksək qiymətləndirildiyindəndir ki, ayrıca Müəllimlər Günü təsis edilmişdir.
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd qəbul edilmişdir. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində bu gün ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər günü” qeyd edilir.
Azərbaycanda da bu tarix təntənəli şəkildə qeyd olunur. Hazırda ölkəmizdəki 4529 ümumtəhsil məktəbində təhsil alan 1 milyon 352 mindən çox şagirdin təlim-tərbiyəsi ilə 168 mindən çox müəllim məşğul olur. Müəllim öz peşəsini sevməlidir. Əks halda, o, istədiyi nəticəni ala bilməyəcək. Uzun illərin təcrübəsindən aydın olub ki, müəllimlik olduqca çətin peşədir. Çünki sənə cəmiyyətin gələcək sahiblərinin taleyi həvalə olunur. Müəllimlik elə peşədir ki, onun əməyindən bütün cəmiyyət bəhrələnir. Ona görə də hər bir müəllim öz çiyinlərində bu ağır yükü daşımağı bacarmalıdır. Çox şükürlər olsun ki, bu gün dövlətimiz bu peşə sahiblərinə böyük qayğı və diqqət göstərir, onların əməkhaqları ilbəil artır, qabaqcıl yaşlı müəllimlərə Prezident təqaüdü verilir. Nə qədər müəllimlərimiz son illər “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif olunmuşlar.
Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrətmiş müəllim tutur. Müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli və ən gözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən müdriklərimiz müəllimə həmişə hörmətlə yanaşıblar.
Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən böyük məsuliyyətdir.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun ən fəal iştirakçılarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Bu gün də ulu öndərin təhsilə, müəllimə qayğıkeş münasibəti dövlətimizin siyasətində önəmli yer tutur. Dövlət başçısının sərəncamı ilə hər il “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir. Qalib müəllimlərimiz 5000 manat məbləğində mükafatlandırılırlar. Uzaq rayonlarda yaşayan müəllimlərimizə xüsusi müavinətlər verilir. Müəllimlərimiz təcrübə keçmək üçün dünyanın inkişaf etmiş ölkələrinə göndərilirlər. Bu gün Azərbaycan müəllimləri 20-25 il əvvəl olduğu kimi uçub dağılmış, təmirsiz məktəblərdə dərs demirlər. Onlar üçün çox gözəl, rahat şərait yaradılmışdır, indi müəllimlərimiz müasir standartlara uyğun, hər cür şəraiti olan yeni məktəblərdə işləyirlər. Son vaxtlar təhsilə qayğı xüsusilə artmaqdadır. Təhsil Nazirliyinin həyata keçirdiyi yeni islahatlar müəllimlərin də fəaliyyətinə öz təsirini göstərmişdir. İndi müəllimlərimizdən daha ciddi işləmək, təhsilin keyfiyyətini yüksəltmək, gələcəyin sağlam düşüncəli qurucularınıı yetişdirmək tələb olunur.
Yəhya ABBASOV,
Bakıdakı 244 saylı tam orta məktəbin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.