Təhsil və mədəniyyət son 10 ildə inkişafımızın prioritet istiqamətlərindən olub

 

Azərbaycan  ötən on ildə  böyük sürətlə  inkişaf edərək   Cənubi Qafqazın lider dövlətinə çevrilib. Ulu öndərin əsasını  qoyduğu  islahatlar bu dövrdə sürətlə davam etdirilmiş, Azərbaycan beynəlxalq aləmdə islahatlar ölkəsi kimi tanınmışdır. Bu islahatlar sırasında təhsil və mədəniyyət  sahəsində həyata keçirilən  layihələri xüsusi olaraq  qeyd etmək istərdim.

Ulu öndərin müəllifi olduğu Təhsil İslahat Proqramı   reallaşdıqca  90-cı illərin əvvəllərində  bərbad vəziyyətə  salınmış milli təhsilimiz  ilbəil  yeniləşməyə başladı. 2004-cü ilin əvvəllərində  artıq  təhsilimizə informasiya  texnologiyaları sürətlə  daxil oldu. Yeni tədris binalarının tikilməsi, köhnə məktəblərin əsaslı təmir olunub yenidən istifadəyə verilməsi, məktəblərin maddi texniki bazalarının möhkəmlənməsində əhəmiyyətli  rol oynadı. Az müddət ərzində  20 nəfər şagirdə bir kompyuter nisbəti  həll olundu.  Bu çox əhəmiyyətli nəticə idi. Bir faktı  vurğulamaq istəyirəm. Belə ki, son on ildə təhsilə yonəldilən  maliyyə  xərcləri  7,6 dəfə artmış, 408,2  min şagird yerlik ümumtəhsil  məktəbi,  9780 yerlik  məktəbəqədər təhsil müəssisəsi  tikilmiş, məktəblərin  87,2  faizi  kompyuter  və digər  İKT  avadanlığı ilə təmin olunmuşlar.

Dövlət xətti ilə  xarici ölkələrdə təhsil alanların  sayı 2,6 dəfə  çoxalmışdır. Müəllim adının  şərəfi ucalmış, “Ən yaxşı müəllim” müsabiqəsi təsis edilmişdir. Hər il “Ən yaxşı müəllim”  müsabiqəsi ilə yanaşı “Ən yaxşı ümumtəhsil məktəbi”  müsabiqəsi də keçirilir.Bu təhsil prosesinin  daha da yaxşılaşmasına  güclü təsir göstərir.

Bu gün  təhsilimizdə islahatlar uğurla davam edir.  Təhsilin bütün mərhələlərində - istər orta, istər texniki peşə, isrər  orta ixtisas, isrərsə də ali təhsil sahələrində  tədrisin  keyfiyyət göstəricilərinə  xüsusi diqqət yetirilir. Kurikulum islahatı milli təhsilimizə yeni ab-hava gətirmişdir. Ali təhsil  sisteminə  Boloniya  prosesinin gətirilməsi  də   böyük yenilik kimi qiymətləndirilir. Azərbaycan ali təhsilinin Avropaya inteqrasiyası artıq öz müsbət nəticələrini verməkdədir.

Azərbaycan təhsilində  son on ildə baş verən yenilikləri  sadalamaqla qurtaran  deyil. Ən əsası budur ki, məktəblərimiz öz simalarını dəyişmiş, müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşlar. Təhsildə demokratiya, humanizm prinsipləri, şəffaflıq başlıca rol oynayır.

Mühüm olan budur  ki,  bu inkişaf  davamlı olaraq həyata keçirilir. Bu sahədə  dövlətimizin   siyasəti ulu öndərin ideyalarına  söykənir və  belə bir tezis daim diqqətdə saxlanılır ki, təhsil millətin gələcəyidir.  Ona görə də   son on ildə  təhsillə bağlı 20-dən artıq Dövlət Proqramı qəbul olunmuşdur.  Təhsil  Nazirliyi bu proqramların  icrasını uğurla həyata  keçirir.

Millətin  gələcəyinin təmin olunması milli- mənəvi dəyərlərə münasibətdən çox asılıdır. Bu gün mədəniyyətimizə, incəsənətimizə  dövlət  qayğısı  həqiqətən  böyükdür. Bu qayğı incəsənətin bütün sahələrini əhatə edir.Azərbaycan mədəniyyəti sürətlə   beynəlxalq aləmə inteqrasiya edir. YUNESKO-nun Ümumdünya  İrs Siyahılarına   son vaxtlar  tar ifaçılıq sənəti, xalça sənəti, aşıq  sənəti, Novruz  bayramı, Qobustan  Milli Tarixi Qoruğu da salınmışdır.   Bu abidələr  beynəlxalq miqyasda  qorunur.

Mədəniyyətimizin beynəlxalq əlaqələrinin genişlənməsində  Heydər  Əliyev   Fondunun  prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi  xidmətləri vardır. Heydər Əliyev Fondunun  həyata  keçirdiyi layihələr  əsasında nə qədər məktəb, uşaq bağçası  tikilmiş, muğam sənətinə yeni həyat verilmişdir. Dünyanın böyük sərgi salonlarında Azərbaycan rəssamlarının əsərləri sərgilənmişdir. Bu gün də  bu sahədə fond uğurlu  fəaliyyət göstərir.

Mədəni həyatımızın  10 ildə keçdiyi inkişaf yoluna nəzər salanda  aydın hiss etmək olur ki, dövlətimiz   milli- mənəvi  dəyərlərimizin qorunmasına, onların  gələcək nəsillərə   çatdırılmasına   böyük diqqət və qayğı ilə yanaşmış,  bu sahədə bir  sıra layihələr reallaşdırılmışdır.   Teatr,  kino,  muzey və  kitabxana işinin inkişafı ilə bağlı qəbul olunan  dövlət proqramları uğurla həyata  keçirilmişdir. Mədəniyyətin maddi-texniki bazası  xeyli möhkəmlənmişdir. Yeni tamaşa müəssisələri istifadəyə verilmiş,  mövcud teatrlarımız yenidən  əsaslı təmir olunaraq tamaşaçılara  təqdim olunmuşdur. Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Opera və Balet Teatrı , Musiqili Komediya Teatrı öz qapılarını yeni görkəmdə tamaşaçıların üzünə açmışdır. Dövlət Film Fondu üçün  müasir tələblərə uyğun yeni bina inşa olunmuş, Nizami kinoteatrı əsaslı təmir olunduqdan sonra əsl Kino Mərkəzinə çevrilmişdir.

Kitabxanaların inkişafı ilə bağlı qəbul olunan Dövlət Proqramı  bu sahənin tamamilə yenidən qurulmasına imkan vermişdir. Kitabxanalarımızda  elektron kataloqların yaranması, internetdən istifadəyə imkan yaradılması oxuculara xidmətin təşkilində əhəmiyyətli rol oynamışdır.

Muzeylərimiz də yenidən qurulmuşdur. Xalça Muzeyi üçün yeni binanın tikilməsi   mədəniyyətimizə dəyərli töhfədir.Rəsmi məlumata görə son on il ərzində muzeylərin sayı 43 faiz, muzeylərə gələnlərin sayı 18 dəfə, mədəniyyət və istirahət parklarının sayı 1,7 dəfə artmışdır.

 Musiqi mədəniyyətimizin inkişafı da  davamlı olaraq həyata keçirilmişdir. Muğam  müsabiqələri, caz musiqisi festivalı, Qəbələdə keçirilən beynəlxalq musiqi festivalları, xarici ölkələrdə  Azərbaycan  musiqi  xadimlərinin çıxışları mütəmadi hal almışdır. Muğam Mərkəzinin istifadəyə verilməsi də  bu dövrün  əhəmiyyətli mədəniyyət hadisəsi idi.

Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşdiyindən burada mədəniyyət də  Avropa və Asiyanın mədəniyyətlərini  özündə əks etdirir. Azərbaycanda   keçirilən  beynəlxalq tədbirlərdə  dünyanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edir. I və II mədəniyyətlərarası dialoq  forumları Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası  yolunda  çox əhəmiyyətli rol oynadı. Bakıda keçirilən  bu beynəlxalq tədbir iki ildən bir  təkrar  davam etdiriləcək.

Azərbaycan həm də İslam ölkəsi olduğundan burada İslam mədəniyyəti  də formalaşmışdır.Təsadüfi deyil ki, 2009 -cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuş və həmin il Bakıda və regionlarımızda  bir çox beynəlxalq tədbir keçirilmişdir.

Bu gün həqiqətən Azərbaycan  mədəniyyətini dünyada tanıyır və sevirlər. Bu, ölkədə son on ildə  həyata keçirilən uğurlu mədəniyyət siyasətinin real nəticəsidir. İnanırıq ki,  gələcəkdə də  ulu öndərin ideyalarından güc alan bu siyasi kurs uğurla davam etdiriləcək , Azərbaycanda təhsil və mədəniyyət inkişafımızın  prioritet sahəsi kimi   daim diqqət mərkəzində olacaq.

 

İlqar MAHMUDOV,

hüquq elmləri üzrə fəlsəfə doktoru,

Bakı Humanitar Kollecinin direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında