Bakıda “Tempus Azərbaycanda: yazılı və şifahi tərcümə tədqiqatlarında islahatlar” mövzusunda beynəlxalq konfrans işə başlamışdır

 

Sentyabrın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) təşkilatçılığı  ilə bu ali məktəbdə  “Tempus Azərbaycanda: yazılı və şifahi tərcümə tədqiqatlarında islahatlar” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, Avropa  İttifaqının Tempus proqramı   RITSA layihəsinin yekun konfransında Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin və Avropanın bir sıra  qabaqcıl universitetlərinin nümayəndələri,  səfirliklərin əməkdaşları, yerli və beynəlxalq təşkilatların təmsilçiləri  iştirak etmişlər.

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov  rəhbərlik etdiyi ali məktəbin üç il  əvvəl  RITSA  layihəsinə qoşulduğunu, bu layihədə böyük uğur qazandığını bildirmişdir. Ölkənin  təhsil sistemində  ilk dəfə   ADU-nun  2010-cu ildə  Tempus layihəsinin  əlaqələndiricisi seçildiyini qeyd edən S.Seyidov demişdir ki, Azərbaycanda tərcümə tədrisinin islahatlarına yönəlmiş bu layihə üçillik dövrü əhatə edir. Layihədə Avropa Komissiyasını təmsil edən Böyük Britaniyanın Esseks Universiteti, Almaniyanın Leypsiq Universiteti, Fransanın Strasburq Universiteti və İtaliyanın Milan Tərcüməçilik İnstitutu tərəfdaş kimi iştirak edir. Azərbaycan universitetləri arasında isə  Naxçıvan Dövlət, Gəncə Dövlət və Lənkəran Dövlət universitetləri, eləcə də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma  İnstitutu bu layihənin tərəfdaşlarıdır.  Layihənin daimi tərəfdaşı olan  Təhsil Nazirliyinin nümayəndələri üç il ərzində bu layihədə fəal iştirak etmişlər.

Bildirilmişdir ki, layihə çərçivəsində ADU-da sinxron tərcümə magistr proqramı fəaliyyətə başlamışdır.  Bu proqram Fransanın Strasburq Universiteti ilə ADU arasında birgə diplom layihəsi kimi həyata keçirilir. Layihədə iştirak edən Azərbaycan universitetlərində isə  yeni məzmunda bakalavr tərcümə proqramları həyata keçirilir. 

 Rektor  təhsil nazirinin beynəlxalq əlaqələrə diqqət göstərdiyini və  sözügedən layihənin Azərbaycanda həyata keçirilməsində dəstəyini xüsusi vurğulamışdır. S.Seyidov  yekun konfransın yeni əlaqələrin başlanğıcı olduğunu qeyd etmiş, tədbir iştirakçılarına və tərəfdaşlara uğurlar arzulamışdır. 

Azərbaycanın 1995-ci ildən Tempus  layihəsində iştirak etdiyini  diqqətə çatdıran təhsil nazirinin müavini Ceyhun Bayramov ölkədə  yazılı və şifahi tərcümə sahəsində islahatlar mövzusunda konfransın keçirilməsini yüksək dəyərləndirmişdir.  Nazir müavini son illər Tempus layihəsinə qoşulan ali məktəblərin sayının artdığını, hazırda  Azərbaycanın bəzi ali təhsil müəssisəsinin də  bu layihədə uğurla iştirak etdiyini bildirmişdir.

Müxtəlif sahələrdə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini  vurğulayan C.Bayramov yazılı və şifahi tərcümə sahəsində   aparılan islahatların uğurlu nəticələrinin ölkəmizdə təhsil sisteminin davamlı inkişafına kömək edəcəyinə, konfransda bir sıra vacib məsələlərin müzakirə olunacağına əminliyini bildirmişdir.   

 Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov rəhbərlik etdiyi təhsil müəssisəsinin  Tempus layihəsində tərəfdaş kimi  fəal iştirakını, bu layihənin Azərbaycan təhsilinin inkişafı üçün əhəmiyyətini vurğulamışdır. Müasir dövrdə yenilənmiş ali təhsilə böyük ehtiyac olduğunu bildirən A.Zamanov bu işdə yeni texnologiyalarla işləməyi və xarici dilləri öyrənməyin, bütün bunlardan dərs prosesində istifadənin zəruriliyini qeyd etmişdir. 

  Avropa  İttifaqının (Aİ) nümayəndəsi Frederik Bernard çıxış edərək demişdir ki,  Tempus layihəsinin Azərbaycanda keçirilən  yekun konfransı əməkdaşlıq, eləcə də tərcümə sahəsində böyük uğurdur. Avropada təhsilə xüsusi önəm verildiyini, bu istiqamətdə bir sıra layihələrin həyata keçirildiyini bildirən F.Bernard Azərbaycanda  təhsil sahəsində böyük uğurlar əldə olunduğunu və buna görə də,  Aİ-nin ölkəmizdə təhsillə bağlı layihələrin  həyata keçirilməsinə əhəmiyyət verdiyini söyləmişdir. Aİ-nin nümayəndəsi təmsil etdiyi qurum və Azərbaycan arasında əməkdaşlığın davamlı olacağına əminliyini bildirmiş, konfransın işinə uğurlar arzulamışdır.

Avropa İttifaqının  Tempus proqramı üzrə rəhbəri  Klaus Haupt Azərbaycana ilk səfərindən məmnunluğunu,   burada keçirilən konfransın tərəfdaşlar üçün əhəmiyyətini  diqqətə çatdırmışdır.  K.Haupt “Ali təhsilin müasirləşdirilməsi: Tempus layihəsinin Azərbaycana gətirdiyi dəyərlər” mövzusunda məruzəsində proqramın inkişafı, məqsədləri,  proqram çərçivəsində Azərbaycanda həyata keçirilən layihələr barədə geniş məlumat vermişdir.  Tempus layihəsinin 1990-cı ildən yarandığını,  Azərbaycanın bu layihəyə  1995-ci ildən qoşulduğunu qeyd edən K.Haupt proqramın  əsas  məqsədinin ali təhsil müəssisələrinin müasirləşdirilməsi, milli ali təhsil müəssisələrində təhsil siyasətinin dəstəklənməsi, universitetlər arasında yeni fikir mübadilələrinin aparılması olduğunu bildirmişdir.  Azərbaycanın Tempus layihəsində fəal  iştirakından söz açan  qonaq  hazırda ölkənin 17 Tempus layihəsinə cəlb olunduğunu  vurğulamışdır.  Bildirmişdir ki, təhsil sahəsində rəqabətin artmasında böyük rol oynayan Tempus proqramının Azərbaycanda reallaşdırılması Bolonya prosesinə  töhfələr vermişdir.

Tempus proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən RITSA  layihəsinin əhəmiyyətindən  danışan K.Haupt Azərbaycan ilə Aİ arasında əlaqələrin möhkəmlənməsində bu layihənin mühüm rolunu qeyd etmişdir.

 K.Haupt Tempus proqramının bu ilin sonunda başa çatacağını, lakin bu sahədə fəaliyyətin gələcəkdə də davam edəcəyini bildirmişdir. Bu proqram 2014-2020-ci illərdə “Erasmus+” layihəsi ilə davam edəcəkdir.  Həmin layihə çərçivəsində azərbaycanlı gənclərin Avropa universitetlərində təhsil almaları nəzərdə tutulmuşdur. Əminəm ki, Aİ-nin Azərbaycanda həyata keçirdiyi proqram və layihələr ölkə təhsilinin inkişafına töhfə verəcəkdir.

 Naxçıvan Dövlət Universitetinin prorektoru  Anar Kazımov,  Milli Tempus layihəsinin rəhbəri Pərviz Bağırov, “British Council” təşkilatı Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Vayt  Azərbaycanda həyata keçirilən proqram və layihələrin əhəmiyyətindən danışmışlar.

ADU-nun prorektoru Jalə Qəribova RITSA layihəsinin nəticələri,   üç il ərzində əldə olunmuş uğurlar barədə ətraflı məlumat vermişdir.   

Sonra konfrans işini panel iclasları ilə davam etdirmişdir. İclasda Azərbaycan və xarici ölkə mütəxəssislərinin mövzuya dair məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.

 Konfransı sentyabrın 26-da işini Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda panel iclasları ilə davam  etdirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında