2013-cü il oktyabrın 1-də uzun illər müxtəlif məsul vəzifələrdə çalışmış və Azərbaycan hökumətinə rəhbərlik etdiyi dövr ərzində özünün zəngin idarəçilik təcrübəsi, təşkilatçılıq bacarığı və səmərəli fəaliyyəti ilə respublikanın sosial-iqtisadi inkişafına sanballı töhfələr vermiş Əli İbrahimovun anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əli İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı görkəmli dövlət xadiminin xatirəsinə göstərilən ehtiram, onun əməyinə verilən yüksək qiymətdir.
Əli İsmayıl oğlu İbrahimov 1913-cü il oktyabrın 1-də Çar Rusiyasının Çita vilayətinin Ust-Kara kəndində anadan olmuşdur. Onun baba və nənəsi XIX əsrin 60-70-ci illərində Azərbaycanın Qaryagin (indiki Füzuli) rayonundan Uzaq Sibirə sürgün edilmiş azərbaycanlı kəndliləri olmuşlar. Valideyinləri Uzaq Sibirdə anadan olmuş və orada yaşamışlar. İnqilabi hərəkata qoşulmuş atası 1919-cu ildə ağ qvardiyaçılar tərəfindən güllələnmişdir. Anasının himayəsində qalan balaca Əli 1929-cu ildə həmin kənddə məktəbi bitirmiş və sonradan ailə üzvləri ilə birlikdə Bakıya köçmüşlər.
Ə.İbrahimov Bakıya gəldikdən sonra Oktyabr İnqilabı adına Bakı mexaniki texnikumuna daxil olur, tətil vaxtları isə Azneftin müəssisələrində müvəqqəti fəhlə işləyir. 1932-ci ildə texnikumu texnik-mexanik peşəsi üzrə bitirdikdən sonra leyt. Şmidt adına (indiki Səttarxan) zavodda əmək fəaliyyətinə başlayır. O, istehsalatda işləməklə yanaşı, böyük həvəslə biliyini artırmağa can atır və 1932-ci ildə istehsalatdan ayrılmamaqla M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyasının) mexanika-energetika fakültəsinə daxil olur. 1937-ci ildə institutu bitirir və mühəndis-mexanik ixtisası üzrə ali təhsilli mütəxəssis olur. 1937-ci ilin fevral-dekabr aylarında daxili işlər orqanında işləyir. Gənc mütəxəssis kimi mühəndis Ə.İbrahimov 1938-ci ilin yanvarında leyt. Şmidt adına zavoda qayıdır və əsas istehsalat sahələrindən olan mexanika sexinə başçılıq etməyə başlayır, həqiqi hərbi xidmətə çağırılana kimi - 1938-ci ilin dekabrınadək burada işləyir.
Ə.İbrahimov 1938-1940-cı illərdə SSRİ Silahlı Qüvvələrinin Sakit Okean donanmasının tərkibində əsgəri xidmət keçmişdir. 1941-1943-cü illərdə təcrübəli mütəxəssis, işgüzar rəhbər kimi Ə.İbrahimov 1 May adına Bakı maşınqayırma zavodunun baş mühəndisi vəzifəsinə irəli çəkilir. O, üç il (1941-1943-cü illər) bu vəzifədə işləyir. Bu müddət ərzində Əli İbrahimov işlədiyi sistemdə və müvafiq dövlət strukturlarında təcrübəli, işgüzar, təşəbbüskar mütəxəssis kimi tanınır. Böyük və ya kiçikliyindən asılı olmayaraq tutduğu vəzifələrə çox böyük məsuliyyətlə yanaşmaq, işgüzarlıq və təşəbbüskarlıq ona gətirib çıxarır ki, Əli İbrahimovun tutduğu vəzifələr pillə-pillə yüksəlir. 1943-1945-ci illərdə S.M.Kirov adına Bakı qazma dəzgahları zavodunun direktoru olmuşdur. Bu mühüm vəzifələrdə işlədiyi illərdə müharibə üçün tələb olunan sursatların istehsal edilməsi, döyüşən ordunun hərbi ləvazimatlarla və neft mədənlərinin avadanlıqla təmin olunması sahəsində var qüvvəsi ilə çalışmışdır.
Ə.İbrahimov 1945-1946-cı illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsi katibinin maşınqayırma sənayesi üzrə müavini vəzifəsinə təyin olunur. Lakin tezliklə neft maşınqayırma sənayesi müəssisələrində geriliyi aradan qaldırmaq, kadrlarla möhkəmləndirmək məqsədilə istehsalata rəhbər vəzifəyə göndərilir.
1946-1948-ci illərdə o, Azərbaycan Neft Maşınqayırma Trestinin müdiri vəzifəsində çalışmışdır. Ə.İbrahimov ilk gündən trestin strukturuna daxil olan zavod və sexlərdə texnoloji proseslərin yaxşılaşdırılması, əməyin düzgün təşkil edilməsi və s. tədbirlər həyata keçirməyə nail olmuşdur. Onun səriştəli və səmərəli fəaliyyəti nəticəsində “Azneftmaş”ın müəssisələri istehsalat tapşırıqlarını və planları artıqlaması ilə yerinə yetirmiş və respublikanın qabaqcıl müəssisələrinə çevrilmişlər.
Ə.İbrahimov 1948-ci ilin aprel ayında Azərbaycan KP MK katibinin müavini, MK-da sənaye və nəqliyyat şöbəsinin müdiri, 1948-ci ilin noyabrından 1950-ci ilin may ayına kimi isə idman şöbəsinin müdiri olmuşdur. O, Azərbaycan KP MK-da işlədiyi zaman müəssisələrdə siyasi-kütləvi işin yüksəldilməsi, istehsalat planlarının yerinə yetirilməsi, idmanın inkişafı sahəsində xeyli iş görmüşdür. Ə.İbrahimov respublikanın dəmiryol, su və avtomobil nəqliyyatında vəziyyətin yaxşılaşdırılmasında və inkişaf etdirilməsində, işgüzar kadrlarla təmin olunmasında ciddi səylər göstərmiş, bütün qüvvə və bacarığını sərf etmişdir.
1950-ci ildən başlayaraq, Əli İbrahimov Azərbaycan SSR Nazirlər Sovetində müxtəlif rəhbər vəzifələrdə işləyir. 1950-1953-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Plan Komissiyasının sədri, 1953-1954-cü illərdə Dövlət Plan Komitəsi sədrinin birinci müavini, 1954-1957-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri, 1957-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədrinin müavini, 1958-1963-cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri vəzifələrində işləmişdir. 1963-1965-ci illərdə Zaqafqaziya iqtisadi rayonu (Tbilisi şəhəri) Plan Komissiyasının sədri, 1965-1970-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, 1970-ci ilin aprel ayından 1981-ci ilin yanvarına kimi Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində çalışmışdır.
XX əsrin 50-70-ci illərində Azərbaycan SSR Dövlət Plan Komitəsi respublikada xalq təsərrüfatının inkişafının dövlət planlaşdırılmasını, həmçinin xalq təsərrüfatı planlarının yerinə yetirilməsinə nəzarəti həyata keçirirdi. Ə.İbrahimov Respublika Dövlət Plan Komitəsi sədrinin birinci müavini və sədri vəzifələrində işləyərkən əhəmiyyətli tədbirlərin işlənib hazırlanmasını həyata keçirmişdir. Ə.İbarhimov perspektiv planların işlənib hazırlanmasına 1964-cü ildə təşkil edilmiş Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun (indiki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) əməkdaşlarını, Azərbaycan SSR Elmlər Akademiyası və digər elmi mərkəzlərin əməkdaşlarının bilavasitə iştirakını vacib hesab edirdi. O, bu işə alimləri, iqtisadçıları, ayrı-ayrı sahələrin təcrübəli işçilərini cəlb edirdi.
Ə.İbrahimov Azərbaycan SSR Dövlət Plan Komitəsində fəaliyyət göstərdiyi illərdə Azərbaycan SSR xalq təsərrüfatının müxtəlif sahələrinin planlaşdırılması, iri fabrik və zavodların, elektrik stansiyalarının respublikanın müxtəlif bölgələrində tikilməsi, şəhər və kəndlərin planlı qaydada abadlaşdırılması sahələrinə kapital qoyulması, yeni tikilən müəssisələrin bacarıqlı kadrlarla təmin olunması işinə xüsusi diqqət yetirirdi.
Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi, MK-nın Büro üzvü seçilir. Bu elə bir dövrə təsadüf edirdi ki, Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Ölkənin sənaye potensialı və digər göstəricilər çox aşağı səviyyədə idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda yeni bir dövrün əsası qoyuldu, respublika həyatının bütün sahələrində sürətli iqtisadi, sosial və mədəni inkişaf dövrü başladı. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Heydər Əliyevin rəhbərliyi ilə o dövrdə həyata keçirilən nəhəng quruculuq işlərinin, ölkənin hərtərəfli inkişafına yönəldilmiş tədbirlərin icrasında Əli İbrahimov da yaxından iştirak etmiş, ümummilli liderin yaxın silahdaşı olmuşdur.
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin tövsiyəsi ilə Ə.İbrahimov 1970-ci ilin aprelində Azərbaycan SSR Nazirlər Sovetinin sədri təyin edilir, SSRİ Nazirlər Sovetinin üzvü olur və 1981-ci ilədək bu məsul vəzifədə çalışır. Zəngin idarəçilik təcrübəsinə malik bacarıqlı təşkilatçı kimi özünü göstərmiş Ə.İbrahimov Azərbaycan sənayesi, kənd təsərrüfatı, tikinti, nəqliyyat, mədəniyyət və s. sahələrin hərtərəfli inkişafı üçün ciddi səy göstərir və böyük əmək sərf etmişdir. Ulu öndərimiz Ə.İbrahimovun qarşısında respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi əsaslı surətdə yaxşılaşdırmaq, kadrlara qarşı tələbkarlığı gücləndirmək xəttini müəyyən etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi sayəsində o dövrdə sovet Azərbaycanının tarixində böyük dönüş yaranmış, ölkəmiz Sovet İttifaqında özünü təmin edən və ümumittifaq büdcəsinə töhfə verən iki respublikadan birinə çevrilmişdir. Burada bir məsələni xüsusi vurğulamaq lazımdır ki, 1970-1980-ci illərdə Azərbaycanda yaradılan güclü sənaye potensialı 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu sahənin inkişafında əsas baza rolunu oynamışdır. O vaxtlar neft və energetika sənayesində aparılan məqsədyönlü işlər müstəqil Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rola malikdir. O illərdə xalq təsərrüfatının digər sahələrinin inkişafı ilə yanaşı, həm respublikanın sosial-iqtisadi inkişafı, həm də milli mənəvi dəyərlərin təbliğində böyük işlər görülmüşdür.
Heydər Əliyevin məqsədyönlü, titanik təşkilatçılıq fəaliyyəti nəticəsində 1970-1980-ci illərdə respublika iqtisadiyyatının mühüm sahələri olan sənaye və kənd təsərrüfatı yüksək sürətlə artmışdır. 1970-1980-ci illərdə sənaye və kənd təsərrüfatı məhsulu istehsalı ildən-ilə çoxalmış, xalq təsərrüfatının bütün sahələrində keyfiyyət göstəriciləri xeyli yaxşılaşmışdır.
Keçən əsrin 70-ci illərində Azərbaycan iqtisadiyyatını daha sürətlə inkişaf etdirmək üçün respublikaya əlavə maliyyə vəsaitlərinin, texnikanın, texnologiyanın ayrılması ilə əlaqədar Sovet İttifaqı səviyyəsində beş mühüm qərarın qəbul edilməsinə nail olunub. Bunun üçün ittifaq rəhbərliyinə elmi cəhətdən əsaslandırılmış proqnoz göstəriciləri təqdim etmək və bu göstəriciləri ittifaq nazirliklərində müdafiə etmək tələb olunurdu. Bu dövrdə xalq təsərrüfatının daha da inkişaf etdirilməsi, kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi, sənayenin ayrı-ayrı sahələrinin, üzümçülük və şərabçılığın inkişaf etdirilməsinə dair qəbul edilmiş bu qərarlar ölkə iqtisadiyyatının daha sürətlə inkişafına təkan vermişdir. Bu qərarların qəbul edilməsində Ə.İbrahimovun da rolu olmuşdur.
1971-1975-ci illəri əhatə edən doqquzuncu və 1976-1980-ci illəri əhatə edən onuncu beşilliklər Azərbaycan SSR-nin iqtisadi inkişafında böyük dönüş illəri olmuşdur. 1970-1980-ci illərdə bütün sahələrdə baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin uğurlu səhifələrindəndir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli həmin illərdə yaradılmış potensiala əsaslanır. Doğrudan da məhz həmin illərdə iqtisadiyyatda yaradılmış güclü potensial Azərbaycan Respublikasının suveren və müstəqil bir dövlət kimi başqalarından heç bir məsələdə asılı olmadan tərəqqi etməsinə geniş imkanlar yaratmışdır.
Keçən əsrin 70-ci illərində Azərbaycan iqtisadiyyatı və sosial tərəqqisi sənayenin dinamik və proporsional inkişafı ilə bilavasitə bağlı olmuşdur. Həmin illər məcmu ictimai məhsulun və milli gəlirin artımının yarıdan çoxu sənayenin payına düşürdü. Sənayenin üstün inkişafı maddi istehsalın digər sahələrinin də tərəqqisinə müsbət təkan vermişdir.
1970-ci ilə nisbətən 1980-ci ildə respublikamızda ÜDM 2,1 dəfə, milli gəlir 2 dəfədən çox (1970-82-ci illərdə milli gəlir 2,5 dəfə, adambaşına isə 2 dəfədən çox artmışdır), sənaye məhsulu 2,2 dəfə, kənd təsərrüfatı məhsulu 2,1 dəfəyə qədər artmışdır.
Nazirlər Sovetinin sədri kimi Ə.İbrahimov Azərbaycan Kommunist Partiyasının XXVIII, XXIX qurultaylarında və Mərkəzi Komitənin plenumlarında yeni müəssisələrin açılmasını, mövcud sənaye müəssisələrində yeni istehsal sahələrinin istifadəyə verilməsini, sənayenin ayrı-ayrı sahələrinin inkişafı ilə paralel neft və kondensatın, qazın çıxarılmasının artırılmasını, neft-qazçıxarma sənayesinin respublika sənayesinin əsas sahələrindən birinə çevrilməsini vacib hesab edirdi. O, respublikada yeyinti, ət, süd və balıq sənayesinin, yerli sənaye məhsulları istehsalının həcminin artırılmasına, əhalinin ərzaq və sənaye malları ilə təminatının yaxşılaşmasına xüsusi diqqət göstərirdi. Bir sözlə, Ə.İbrahimov ölkənin iqtisadi və sosial sahələrinin yüksək sürətlə inkişafı üçün ciddi səy göstərirdi və çıxışlarında Dövlət Plan Komitəsi, Elmlər Akademiyası, nazirliklər və baş idarələr, yerli xalq deputatları sovetləri respublikanın iqtisadi zonaları üzrə məhsuldar qüvvələrin yerləşdirilməsi planlarının işlənib hazırlanması səviyyəsinin yüksəldilməsini və planlarda Naxçıvan Muxtar Respublikasının, Dağlıq Qarabağ Muxtar Vilayətinin, şəhərlərin və rayonların iqtisadiyyat və mədəniyyətinin kompleks şəkildə inkişafını əsas götürürdü.
Bu illərdə ulu öndər Heydər Əliyev aqrar sahəni iqtisadiyyatın prioritet istiqaməti kimi müəyyənləşdirmiş, bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bunun nəticəsidir ki, Azərbaycan keçmiş İttifaqda geridə qalan aqrar respublikadan qabaqcıl aqrar-sənaye respublikasına çevrilmiş və daha yüksək inkişafa nail olmaq üçün möhkəm təməl yaradılmışdır. Bu dövrdə Azərbaycanda aqrar bölmədə çox böyük dəyişikliklər baş vermiş, rekord nəticələr əldə edilmişdir. Həmin illərdə ilk növbədə aqrar sahədə kadr siyasətinin düzgün aparılması önə çəkilmiş, yüksək intellektə malik, yeniliyə can atan, təşəbbüskar və işgüzar peşəkarlar vəzifədə irəli çəkilmiş, onların səmərəli fəaliyyət göstərmələri üçün əlverişli şərait yaradılmışdır.
Kənd təsərrüfatı maşınqayırma sənayesinin və gübrə istehsalının inkişaf etdirilməsi üçün həmin dövrlərdə kənd təsərrüfatı avadanlığı və texnikası istehsal edən bir neçə zavod tikilərək istifadəyə verildi və mövcud zavodların istehsal gücü artırıldı. Bundan əlavə, digər təmayüllü zavodlarda kənd təsərrüfatında istifadə edilən avadanlıqların istehsalına sifarişlər verildi, bütün növ kənd təsərrüfatı texnikasının respublika ərazisində təmiri təmin edildi. Sumqayıt Superfosfat Zavodu fosfor gübrələrinə olan tələbatı tam ödədi və kənd təsərrüfatında istifadə edilən kimyəvi maddələrin istehsalı təşkil olundu. Həmin dövrdə ölkəmizin kənd təsərrüfatının traktor, kombayn, pambıqyığan maşınlar və digər ağır texnika və kənd təsərrüfatı maşınları istisna olmaqla, başqa kənd təsərrüfatı avadanlığı və texnikasına olan tələbatı əsasən yerli istehsal hesabına təmin edilirdi.
Kənd təsərrüfatı maşınqayırma sənayesinin və gübrə istehsalının inkişafı kənd təsərrüfatı işlərini vaxtında, itkisiz və yüksək keyfiyyətlə yerinə yetirməyə, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və maya dəyərinin aşağı salınmasına geniş imkanlar yaradırdı.
Aqrar sahənin inkişafında kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına xüsusi diqqət yetirilirdi. Ə.İbrahimovun təklifi əsasında bitkiçilik məhsullarının ümumi istehsalının artırılmasını təmin etmək üçün ilk növbədə toxumçuluq təsərrüfatlarının fəaliyyətinin gücləndirilməsi, yüksək məhsuldar bitki sortlarının əkin sahələrinin genişləndirilməsi, aqrotexniki tədbirlərin aparılmasında yeni texnika və texnologiyaların tətbiqi, əkinçilik mədəniyyətinin yüksəldilməsi, işçilərin həvəsləndirilməsi məsələləri önə çəkildi. Bitkiçilikdə prioritet sahə kimi üzümçülük və pambıqçılıq xüsusi proqramlar əsasında inkişaf etdirildi.
Həmin dövrdə aqrar bölmədə əsas diqqət bitkiçilik və heyvandarlıqda məhsuldarlığın yüksəldilməsinə, təsərrüfatların maddi-texniki bazasının möhkəmləndirilməsinə, emal müəssisələrinin tikintisinə və fəaliyyətinin genişləndirilməsinə, heyvandarlığın sənaye əsasında inkişafına, yeni texnika və texnologiyaların tətbiqinə, yüksək məhsuldar bitki sortları və heyvan cinslərinin yaradılmasına və istifadəsinin təşkilinə, kəndlərin sosial inkişafına və həlli vacib olan digər məsələlərə yönəldildi. Həyata keçirilən tədbirlər nəticəsində ildən-ilə kənd təsərrüfatında əmək məhsuldarlığı yüksəlməyə başladı, istehsalın həcmi artmaqla respublikamız üzüm istehsalına görə İttifaqda birinci yerə, pambıq istehsalında isə üçüncü yerə yüksəldi.
Respublikada həyata keçirilən təşkilatçılıq və elmi əsaslara söykənən siyasət nəticəsində heyvandarlıq yüksək sürətlə inkişaf etməyə başladı. Həmin illərdə republikamızda bir çox yeni damazlıq təsərrüfatları yaradıldı, damazlıq təsərrüfatların maddi-texniki bazası müasir texnika və texnologiyalar ilə təmin edildi. SSRİ-nin qabaqcıl heyvandarlıq təsərrüfatları olan respublikalarından hər il on minlərlə cins mallar gətirilirdi. Respublikamızın kənd rayonlarında bir neçə südçülük və mal-qara kökəltmə kompleksləri tikilib istifadəyə verildi, yem istehsalı sexləri fəaliyyətə başladı. Çoxsaylı broyler fabrikləri, yumurta istehsalı ilə məşğul olan təsərrüfatların işə düşməsi quşçuluğu bütövlükdə sənaye əsasında təşkil etməyə imkan verdi və quşçuluq məhsulları istehsalı sürətlə artmağa başladı.
Kənd təsərrüfatı məhsullarının emalı sənayesi də həmin illərdə özünün yeni inkişaf mərhələsinə keçdi. Respublikamızda üzüm, pambıq, meyvə, tərəvəz, çay, ət, süd və digər kənd təsərrüfatı məhsulları istehsalının dinamik artımı bu məhsulların emalının təşkili ilə paralel aparılırdı. İri üzümçülük, meyvəçilik və tərəvəzçilik təsərrüfatlarında emal müəssisələri tikilib istifadəyə verildi, yeni çayçılıq, meyvə və tütün emalı zavodları inşa edildi, süd və ət kombinatları fəaliyyətə başladı.
Ulu öndər tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi siyasətin Ə.İbrahimov kimi təcrübəli kadrlar tərəfindən həyata keçirilməsi Azərbaycanı geridə qalmış aqrar ölkədən inkişaf etmiş müasir texnologiyaya əsaslanan qabaqcıl aqrar-sənaye respublikasına çevirdi. Kənd ərazilərinin qaz, işıq, su, rabitə, yol, sosial və digər obyektlərlə təminatı genişləndi. Azərbaycanda aqrar siyasətin belə yüksək nəticələr verməsi ölkəmizin iqtisadiyyatının digər sahələrinin inkişafına da öz müsbət təsirini göstərdi.
Belə yüksəliş illərində Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində Ə.İbrahimov qarşıya qoyulan qərarları ardıcıl həyata keçirən rəhbər və təşkilatçı kimi istedadı və bacarığı parlaq surətdə təzahür etmişdir.
Ə.İbrahimov özünə və başqalarına yüksək tələbkarlığı, insanlara həssas, qayğıkeş münasibəti ilə seçilən kadrlardan idi. O, yüksək intellektual keyfiyyəti, təşkilatçılıq qabiliyyəti, işgüzarlığı, təşəbbüskarlığı ilə hamının hörmətini qazanmışdı.
Respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən Əli İbrahimov SSRİ Ali Sovetinin 6-10-cu çağırış və Azərbaycan SSR Ali Sovetinin 2-4, 5, 8-10-cu çağırış deputatı seçilmişdir.
Ə.İbrahimovun əmək fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 4 dəfə Lenin ordeni, 3 dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə və müxtəlif medallarla təltif edilmişdir.
1990-cı il fevralın 15-də Bakı şəhərində vəfat etmiş Ə.İbrahimov Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əli NURİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor
Vilayət VƏLİYEV,
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru,
iqtisad elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.