Azərbaycanın əldə etdiyi bütün uğurların mərkəzində güclü dövlət amili dayanır

 

Azərbaycanın müstəqillik əldə etməsindən 22 il ötür. Xalqımız və ölkə gəncliyi dünyada gedən siyasi prosesləri  analiz etmək, sosial-iqtisadi yüksəliş və tərəqqinin Azərbaycanda yüksələn tempini asanlıqla görmək iqtidarındadır. Ölkənin bütün sahələrdə hərəkətverici təbəqəsi olan gənclər -onların öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemindən, bir sözlə, dövlət gənclər siyasətindən lazımınca yararlanmaqdadırlar.

Son illər respublikada həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 2005-2009-cu, 2011-2015-ci illər  Azərbaycan Gəncliyi Dövlət Proqramlarına uyğun olaraq bir sıra  vəzifələrin icrası uğurla həyata keçirilməkdədir.  Bu vəzifələr sırasında istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması, gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. Gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi,vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onların intellektual və yaradıcılıq potensialının inkişafının təmin edilməsi və sair bu kimi  çox mühüm əhəmiyyət kəsb edən müddəalar  da dövlət proqramlarında yer almışdır.

Dövlət gənclər proqramlarına “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əlavə olunması Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda yeni texnologiyaların mənimsənilməsinə öz töhfəsini verməkdədir. Neft kapitalının insan kapitalına çevirilməsi istiqamətində həyata keçirilən xaricdə təhsil proqramı tükənən təbii sərvətlərimizin tükənməz bilik və zəka sərvətlərinə çevrilməsinə və nəticə etibarilə ölkəmizin dayanıqlı inkişafının uzun illər bundan sonra da təmin olunmasına istiqamətləndirilmişdir. Gənclərimizin Böyük Britaniya,Türkiyə,Almaniya, Kanada, Rusiya, Fransa, ABŞ, İsveçrə, Niderland və digər qabaqcıl ölkələrin universitetlərində təhsil almasına yaradılan şərait heç şübhəsiz ölkəmizin kadr potensialının formalaşdırılmasına göstərilən diqqət və qayğının tərənnümüdür.

Azərbaycan gəncliyinin ideya və təşəbbüslərinin davamlı dəstəklənməsinin təmin olunması məqsədilə Azərbaycan Respubilikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun təsis edilməsi və qısa zaman ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna çevrilməsi ölkə gəncliyinə ən yüksək səviyyədə diqqətin ifadəsidir. Yaradılan fond gənclərin elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə layihə və proqramların dövlət tərəfindən qrantlar hesabına maliyyələşdirilməsini təmin etmişdir. Gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması məqsədilə regionlarda gənclər üçün hər cür lazımi şəraitlə təmin olunmuş “Gənclər Ev”ləri inşa edilib, gənclərin istifadəsinə verilmişdir.

Biz gənclər üçün çox sevindirici  və bir o qədər də önəmli haldır ki, gənclərin təklifləri və təşəbbüsləri müvafiq dövlət orqanları tərəfindən nəzərə  alınaraq həyata keçirilir  və dəstəklənir. Bu işdə gənclər sahəsində görülən işlər haqqında hesabatların ictimaiyyətə çatdırılması, dövlət gənclər siyasəti sahəsində yeni vəzifələrin müəyyən edilməsi və gənclərin onlara yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində iştiraklarının təmin edilməsi məqsədilə reallaşdırılan Azərbaycan Gənclərinin Forumları xüsusi əhəmiyyət kəsb edir. Bu cür forumlar və forumlararası yığıncaqların mütəmadi təşkili gənclərin söz meydanında öz təklif və təşəbbüslərini, tənqid və iradlarını müvafiq dövlət orqanlarının diqqətinə çatdırmasına, mövcud nöqsanların aradan qaldırılması, yeni, innovativ təşəbbüslərin reallaşdırılmasına zəmin hazırlayır.

İstedadlı və yaradıcı gənclərə dövlət qayğısı nəticəsində Bakı şəhərində “İstedadlı və yaradıcı gənclərin II respublika toplantısı” keçirilmiş və burada adiyyəti dövlət qurumlarının, yaradıcılıq ittifaqların və ictimai birliklərin nümayəndələri, yaradıcı və gənc jurnalistlər iştirak etmişdir.

Tələbə-gənclərin elmi-mədəni fəaliyyətinin dəstəklənməsi və sosial müdafiəsi  məsələsinin sonuncu dövlət proqramına ayrıca bənd kimi  əlavə olunması biz gəncləri sevindirməyə bilməz. Həmin bəndə bizim təklifimizlə təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədilə “Azərbaycan tələbə kartı”nın tətbiq edilməsi maddəsi əlavə olunmuş və bu kart vasitəsilə gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulmasına şərait  yaradılmışdır. Nəticədə dünyada ilk dəfə olaraq Azərbaycanın tələbə-gəncləri təhsil aldıqları bütün dövr üçün etibarlı olan Avropa Gənclər Kartını tamamilə ödənişsiz əldə etmək şansını qazanmışdır. Həmin bəndin ən mühüm maddələrindən biri olan tələbələrin sosial-məişət problemlərinin həlli istiqamətində də işlər görülməkdədir. Tələbə yataqxanaları sisteminin təkmilləşdirilməsi problemi paytaxt və regionlarımızda tədricən öz həllini tapmaqdadır.Təhsil alan gənclərin fəaliyyətinin stimullaşdırılması, onların təhsilə və ictimai işlərə həvəsləndirilməsi məqsədilə təhsildə və ictimai həyatda xüsusi fərqlənən tələbələrə adlı təqaüdlərin verilməsi isə tələbələrin xüsusilə böyük rəğbətinə səbəb olmuşdur.

Gənclərin dövlət idarəetməsi və vətəndaş cəmiyyətinin inkişafında iştirakının təmin olunmasına münbit şəraitin yaradılması da Azərbaycan gəncinin diqqətindən yayına bilməz. Hal-hazırda gənclər icraedici dövlət strukturlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə geniş təmsil olunmaqdadırlar.

İdman ölkəsi olan Azərbaycanın bu sahədəki ən mühüm nailiyyətləri də məhz yeniyetmə və gənclərin payına düşür. Əlverişli idman infrastrukturunun yaradılması idman uğurlarımızın məntiqi artımına şərait yaradır. 2012-ci il London Olimpiya Oyunlarında qazandığımız onlarla medal, 2015-ci il Avropa Oyunları və 2017-ci il İslam oyunlarına ev sahibliyi hüququ bunun bariz nümunəsidir.

Gənclərimizin uğuru sözsüz ki, dövlətimizin uğurudur. “Azərbaycan 2020: gələcəyə baxış ” İnkişaf  Konsepsiyası da uğurlarımızın davamlılığını təmin etməyə yönəlmişdir. Son on illiyin uğurları əsasında işlənib hazırlanan və təsdiq olunan bu sənəddə qarşıdakı 10 il üçün hədəflər öz əksini tapıb. Başlıca hədəf isə çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Əlbəttə, Azərbaycanın əldə etdiyi bütün uğurların mərkəzində ölkə gəncləri, güclü dövlət faktoru dayanır. Əminəm ki, Azərbaycan xalqı və ölkə gəncliyi qarşıdan gələn prezident seçkilərində güclü dövlət naminə Azərbaycanın uğurlu gələcəyinə səs verərək öz layiqli liderini seçəcək.

Şahin İSMAYILOV,

 Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında