Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi qeyd edilmişdir

 

Sentyabrın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycanda kitabxana işinin yüksək səviyyədə qurulması istiqamətində görülmüş işlərdən danışmışdır. Azərbaycan paytaxtında III Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının yüksək səviyyədə təşkil olunduğunu söyləyən nazir 3 gün ərzində minlərlə insanın bu sərgini ziyarət etdiyini söyləmişdir.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülmüş  Azərbaycan Milli Kitabxanasının əməkdaşlarını təbrik edən  mədəniyyət və turizm naziri bütün kollektivə uğurlar arzulamışdır.

Tədbirdə geniş məruzə ilə çıxış edən Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev Azərbaycan Milli Kitabxanasının keçdiyi şərəfli tarixi yola bir daha nəzər salmış, görülmüş işlər, əldə olunmuş uğurlar və qarşıda duran vəzifələrdən danışmışdır.

E.Əfəndiyev demişdir ki, hazırda Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir. Kitabxananın fondunda 5 milyondan çox çap məhsulu saxlanılır.

Xalq yazıçısı xüsusi olaraq vurğulamışdır ki, elm və mədəniyyətə daim yüksək qiymət verən ulu öndərimiz Heydər Əliyev 4 dəfə Milli Kitabxanada olmuş və öz şəxsi kitabxanasından yüzlərlə kitabı  bu bilik ocağına hədiyyə etmişdir.

Natiq son illər ölkəmizdə latın qrafikalı yeni nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, bu işlər Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı əsasında həyata keçirilmişdir.

Diqqətə çatdırılmışdır ki, 37 min daimi oxucusu olan kitabxananın virtual oxucu sayı isə 500 mindən çoxdur. Gün ərzində bu mədəniyyət ocağının xidmətlərindən 1500-dən çox insan istifadə edir. 1999-cu ildə respublikamızda ilk internet zalı Milli Kitabxanada yaradılmışdır. Ötən illər ərzində beynəlxalq əlaqələrə üstünlük verən Azərbaycan Milli Kitabxanası beynəlxalq kitab mübadiləsini bərpa edərək, dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə yarada bilmişdir. 2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanmışdır.

Tədbirdə Avropa Milli Kitabxanaları Konfransının prezidenti, Fransa Milli Kitabxanasının rəhbəri Bruno Rasine və Avrasiya Kitabxanalar Assambleyasının prezidenti, Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislıy çıxış edərək, Azərbaycan Milli Kitabxanasının əməkdaşlarını yubiley münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışlar.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 24 iyun tarixli Sərəncamını kitabxana işinə verilən yüksək qiymət kimi dəyərləndirən Milli Kitabxananın direktoru Kərim Tahirov bundan sonra da inamla çalışacaqlarını söyləmişdir.

Tədbir geniş konsert proqramı ilə davam etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında