Bakıda Avropa Milli Kitabxanaları Konfransının XXVII illik iclası keçirilmişdir

 

Sentyabrın 24-də “Park-İNN Azərbaycan” otelində

Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası keçirilmişdir.

CENL-in növbəti toplantısının Azərbaycanda keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq demişdir: “Siz, Şərq dünyasında ilk parlamentin qurulduğu, ilk dəfə opera və baletin səhnələşdirildiyi, qadınlara səs vermək hüququnun verildiyi bir ölkədəsiniz. Azərbaycan xalqı qədim tarixi, dünya elminə, incəsənətinə verdiyi töhfələrlə həmişə öndə olmuşdur. Heç bir xalq kitabsız, savadlanmadan irəli gedə bilməz. Məhz insanlarımızın bütün zamanlarda kitaba olan sonsuz marağı ölkəmizə böyük uğurlar gətirmişdir. Biz bu ənənəni qorumalı, gənclərin kitaba həvəsini artırmalıyıq. Əgər biz onları kitabxanalara gətirə bilməsək, onda gənclər pis vərdişlərə daha çox üstünlük verəcəklər. İlk növbədə biz kitabı gənclərə sevdirməliyik”.

Azərbaycanda kitabxanalara göstərilən dövlət qayğısından danışan natiq qeyd etmişdir ki, hazırda ölkəmizdə 4 mindən çox kitabxana fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarının əksəriyyəti müasir avadanlıqla təchiz edilmiş və onların günün tələbləri səviyyəsində fəaliyyət göstərməsi üçün lazımi işlər görülmüşdür.

Nazir son illər ölkəmizdə latın qrafikalı yeni nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, bu işlər Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamına uyğun olaraq həyata keçirilmişdir.

Bildirilmişdir ki, bu tədbir çərçivəsində müzakirə olunacaq məsələlər kitabxana işinin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bildirmişdir ki, iclasın Milli Kitabxananın 90 illik yubileyi ilə eyni vaxtda keçirilməsi böyük hadisədir. Bu gün Azərbaycan mədəniyyət tədbirlərinin keçirilməsində yüksək səviyyədə iştirak edir. Biz mədəniyyətin kitablar vasitəsilə təbliğinə böyük yer veririk. Ölkəmizdə kitabla təbliğat işinin aparılmasına çox diqqətlə yanaşılır.

Vurğulanmışdır ki, Azərbaycan CENL-in tədbirlərində 2003-cü ildən fəal iştirak edir. Bu əməkdaşlığın nəticəsidir ki, son illər Milli Kitabxanana beynəlxalq tədbirlərə dəvət alır və ölkəmizi bu nüfuzlu konfranslarda layiqincə təmsil edir. Bugünkü tədbir də qurulmuş əməkdaşlığın bariz nümunəsidir. Bu iclasda Avropanın milli kitabxanalarının rəhbərləri iştirak edirlər. İclasda bır sıra layihələr müzakirə ediləcəkdir. Bu tədbirdən sonra qarşılıqlı əməkdaşlıq istiqamətində çox böyük addımlar atılacaqdır.

Bakıda olmasından məmnunluğunu ifadə edən CENL-in prezidenti Bruno Rasine III Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında iştirakını unudulmaz bir tarixi an kimi xatırlayacağını bildirmişdir. Qonaq demişdir: “Azərbaycanda kitaba olan böyük maraq məni valeh etdi. Bir daha əmin oldum ki, Azərbaycan xalqının yüksək elmi potensialının kökündə kitaba olan sonsuz sevgi dayanır. Bir daha şahid oldum ki, azərbaycanlılar  sadə, səmimi, mehriban olduqları qədər də kitabsevərdirlər”.

B.Rasine son illər rəhbərlik etdiyi qurum tərəfindən görülmüş işlər, həyata keçirilən layihələr və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişdir.

İclasda əməkdaşlıqla bağlı məsələlər müzakirə olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında