Azərbaycan xalqı tarix boyu dünya sivilizasiyasına əvəzsiz töhfələr vermiş, Şərqdə həm də mədəniyyətin, incəsənətin öncülü kimi nüfuz qazanmışdır. Fəxrlə deyə bilərik ki, elm aləmində nadir istedada malik elə şəxsiyyətlərimiz var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman keçdikcə və elmi təfəkkür inkişaf edib zənginləşdikcə daha aydın dərk edilir. İstedadlı alim, ictimai xadim Aida Nəsir qızı İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir. Görkəmli alimin həyatını, elmi və yaradıcılıq fəaliyyətini araşdırdıqca, onun dünya şərqşünaslığına böyük töhfələr verdiyinin şahidi olur, xatirələri oxuduqca gözlərimiz önündə xeyirxah, nəcib və yaradıcı bir insan, mədəni-intellektual qadın obrazı canlanır.
Aida xanımla eyni dövrdə yaşayan müasirlərinin xatirələrində deyildiyi kimi, o, Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətləri təcəssüm etdirirdi. Zərif, kövrək qəlbli alim əhatəsində olan hər bir insanın problemləri ilə maraqlanır, nəvaziş və qayğısını əsirgəmirdi. Çoxşaxəli yaradıcılığı, ictimai həyatda da geniş fəaliyyəti olan Aida xanım bütün bunların fövqündə ailə ocağının müqəddəsliyini, Şərq qadınına məxsus olan incə ruhu qoruyan gözəl həyat yoldaşı, övlad sevgisi ilə yaşayan mehriban ana, qayğıkeş nənə, əsl xanım, zərif qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. İnanılmaz zəka, zəhmətkeşlik, qayğıkeşlik, həssaslıq, dostcanlılıq, səmimiyyət, yüksək əxlaq – bütün bunlar Aida xanıma xas olan keyfiyyətlər idi. Təbii ki, bu, həm də ailədən gələn genetik xüsusiyyət idi. Çünki Aida xanımın doğulduğu, böyüdüyü ailənin və gəlin gəldiyi ocağın Azərbaycan xalqının ədəbi-mədəni fikrində öz yeri və sanbalı vardır. Belə bir mühit onun ədəbi-elmi yaradıcılıqla gərəyincə məşğul olması üçün mənəvi zəmin yaratmışdır. Aida xanımın atası – görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyev Azərbaycan mətbuatında inkişafın bünövrəsini qoyanlardan biri olmuşdur, uzun müddət “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru işləmişdir. Anası Gövhər İmanquliyeva (Sultanzadə) Şamaxıda əsilzadə ailəsində anadan olmuşdur. Aida xanım görkəmli Azərbaycan yazıçısı, alim və pedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin köçmüşdür. Boya-başa çatdığı mötəbər ziyalı mühitinin məlum təsirinin nəticəsidir ki, Aida xanım İmanquliyevanın həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi.
Böyük alimin bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti də bütövlüyə, vəhdətə can atan xarakterin ifadəsi olmuşdur. Bəlkə elə bu xarakterin ifadəsidir ki, xalqımızın tarixində ilk azərbaycanlı qadın - ərəbşünas - elmlər doktoru olan bu böyük alim öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf etmiş və özünün şəxsiyyəti və yaradıcılığı timsalında dünənimizlə bugünümüz arasındakı bağları bərpa etməyə çalışmışdır. Aida xanımın müqayisəli elmi araşdırmalarından göründüyü kimi, o, sadəcə, tanınmış ərəbşünas kimi deyil, eyni zamanda müxtəlif mədəniyyətlərin və fərqli ədəbi-fəlsəfi cərəyanların dərin bilicisi olaraq elm dünyasında öz dəst-xəttini qoymuş bir alimdir. Bu gün görkəmli alim öz həmkarlarının, tələbələrinin arasında olmasa da, onun ərsəyə gətirdiyi elmi əsərləri və yetişdirdiyi tələbələri alimin xatirəsini əziz tutur, açdığı elmi cığırla gedən tədqiqatçılar onun yolunu davam etdirirlər.
Aida xanım İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində dünyaya gəlmişdir. 1957-ci ildə Bakı şəhərinin 132 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olmuşdur. 1962-ci ildə universiteti bitirəndən sonra həmin universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, daha sonra keçmiş Sovetlər Birliyinin Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil almışdır. 1966-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edən Aida xanım İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda məhsuldar elmi fəaliyyətə başlamışdır.
Zəhmətkeşliyi, zəkası, qabiliyyəti , istedadı ilə diqqətləri cəlb edən Aida xanım elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçərək kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə qədər ucalmışdı. 1989-cu ildə Aida xanım İmanquliyeva Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsi və tezliklə bu ixtisas üzrə professor adını almışdır. 3 monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” və 70-dən artıq elmi məqalənin müəllifi olan Aida xanım İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur. O, həmçinin Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika xarici ölkə ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasına sədrlik etmişdir.
Professor Aida xanım İmanquliyeva Azərbaycanı yüksək səviyyədə təmsil edən xanım ziyalı kimi keçmiş Sovetlər Birliyində şan-şöhrət qazanmışdır. Təsadüfi deyil ki, o, SSRİ-də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur. Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzələr etmişdir. Aida xanımın elmi yaradıcılığı çox zəngindir. O, bir mütəfəkkir alim kimi düşüncə sistemi və təfəkkür tərzi ilə Qərbin və Şərqin ortaq dəyərlərinin təmsilçisi kimi çıxış edir. Aida İmanquliyevanın qələmi ilə düşüncələrdə çəkdiyi “İpək yolu” – dünyanın Qərbi ilə Şərqini birləşdirən ədəbi-fəlsəfi fikir sistemi özlüyündə həm dünya mədəniyyətinin, ümumbəşəri mənəvi dəyərlərin öyrənilməsi, ən başlıcası isə milli özünüdərkin ifadəsi olmuşdur.
Aida xanım İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. O, Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürmüş, mədəni tərəqqini şərtləndirən amillərə istinad etmişdir. Onun nəzəri tədqiqat dairəsini ümumiləşdirən “Ərəb filologiyası məsələləri”, “Şərq filologiyası məsələləri”, “Şərqin problemləri: tarix və müasirlik” və onlarca digər məqalə və elmi əsərləri alimin elmi maraq və tədqiqat əhatəsinin çox geniş və müxtəlif sahələrə, yalnız filologiya elminin deyil, digər ictimai-humanitar elmlərin sərhədlərinə də nüfuz etdiyinin göstəricisidir.
AMEA-nın Şərqşünaslıq İnstitutunda direktorun müavini, direktor vəzifələrində çalışdığı dövrlərdə Aida xanım dəyərli elmi təşkilatçılıq fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyil ki, institutun “Ərəb filologiyası” şöbəsinə başçılıq etdiyi qısa müddət ərzində onun bilavasitə səyləri ilə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdir. Akademik Ziya Bünyadov görkəmli şərqşünasın elmi-pedaqoji fəaliyyətinin bu cəhətini xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, Aida xanım həmişə öz dərin elmi biliyini gənc alim və aspirantlarla bölüşür, əlindən gələn köməyi onlardan əsirgəmirdi. Böyük alimlə 15 il birgə çalışan Milli Məclisin deputatı, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva onun fəaliyyətindən, nümunəvi insani keyfiyyətlərindən söz açarkən deyib: “Ulu Tanrı Aida xanımı yaradarkən çox səxavətli olmuş, ona yüksək şəxsi və intellektual keyfiyyətlərlə yanaşı, qibtədoğuran bir zahiri gözəllik də bəxş etmişdi. Onun gözəlliyini vəsf etmək üçün bəlkə də Füzuli qələmi, Vaqif təbi, Ələsgər sözü gərəkdir. Çünki bu zahiri gözəllik onun daxili aləmi, zəngin mənəvi dünyası, incə ruhu və həssas qəlbi ilə tam bir harmoniya təşkil edirdi. Çox təəssüf ki, görkəmli şərqşünas-alim, elm təşkilatçısı, pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın ömür yolu qısa oldu. Amma onsuz ötən illər bir həqiqəti də ortaya qoydu: Aida xanım bizdən yalnız cismən ayrılıb — adı dillərdən düşmür, xatirəsi ürəklərdən silinmir. Onun ruhu aramızda dolaşır, övladlarında, əsərlərində, tələbələrində, həmkarlarında yaşayır, yolumuzu işıqlandırır, bizi sabaha səsləyir. Əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Nə qədər ki, onun alim qələmi ilə uğrunda mübarizə apardığı ideya və amallar aktuallığını itirməyib, nə qədər ki, Şərq və Qərb münasibətlərində tam anlaşma bərqərar olmayıb, insanlar dönə-dönə professor Aida İmanquliyevanın əsərlərinə müraciət edəcək və gələcək nəsillər onu daim minnətdarlıqla xatırlayacaqlar”.
Bəli, Aida xanım İmanquliyevanı tanıyanlar onun son dərəcə zəhmətkeş və özünə qarşı həddindən artıq tələbkar bir alim olduğunu yaxşı bilirdilər. Onun qələmindən çıxan hər bir əsər gərgin, böyük bir zəhmətin nəticəsidir. Tədqiqatçıların haqlı olaraq qeyd etdikləri kimi, Aida xanım bu gün ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısıdır. Bunu nəinki Azərbaycan və əski sovet ərəbşünasları, hətta Avropa şərqşünasları, ərəblərin özləri belə, etiraf edirlər. AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun “Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyeva yaradıcılığının izi ilə” kitabında (elmi redaktoru professor Nərgiz xanım Paşayevadır) görkəmli şərqşünas-alim Aida xanım İmanquliyevanın elmi-nəzəri irsindən söz açılır və müxtəlif səhifələrində diqqətçəkən məqamlara toxunularaq deyilir: “Aida xanım Şərq ruhunu özündə yüksək səviyyədə təcəssüm etdirən, eyni zamanda müasir Qərb mədəniyyətinə dərindən bələd olan, sovet məkanında bizə görə Qərb sayılan Moskva və Sankt-Peterburqda Şərq ruhunu böyük ləyaqətlə təmsil edən bir Azərbaycan qadını, Qərb üçün şərqşünas, Şərq üçün qərbşünas alim idi... Aida xanımın əsərlərində izahını tapan bir çox nəzəri məsələlərlə yanaşı, ədəbi-bədii komparativistika təcrübəsi də milli ədəbiyyatşünaslığımız üçün böyük əhəmiyyətə malikdir. Şərq və Qərb düşüncə tərzlərinin xüsusiyyətlərini nəzərə almaqla aparılan müqayisələr Azərbaycan ədəbiyyatının da dünya ədəbiyyatı kontekstində nəzərdən keçirilməsi və Qərb romantik poeziyası ilə paralellər yaradılması üçün geniş imkanlar açır... Aida xanıma qədər nəinki ərəb məhcər ədəbiyyatı, habelə Qərb romantik poeziyası Azərbaycanda geniş tədqiq olunmamışdı. U.Bleyk, Emerson, Uitmen kimi görkəmli şairlərin həm bədii yaradıcılıq metodları, həm də ideya mövqeləri Azərbaycan oxucularına ilk dəfə olaraq məhz Aida İmanquliyeva tərəfindən təqdim olunmuşdur...”
Bu məqamda qeyd etmək yerinə düşər ki, müasir Qərb fəlsəfəsində və mədəniyyətində hermenevtik metodlarla mətnlərin və simvolların kəşf edilərək interqetasiya (şərh-təfsir) məsələsi öz aktuallığını mühafizə edir. Belə ki, məşhur fransız filosof və hermenevtik mütəxəssis Pol Rikora görə bir mədəniyyəti şərh etmək və ya onun simvollarını yozmaq o mədəniyyəti müəyyən dərəcədə dəyişdirmək mənasına gəlir. Nəticədə, bu şərh və yozumlar sayəsində “şərhlərin-yozumların toqquşması” (conflict of interpretations) məsələsi ortaya çıxır. Bu isə normaldır və ancaq hermenevtik metodologiya ilə izah oluna bilər. Maraqlıdır ki, Aida xanım İmanquliyevanın yaradıcılığı həm fəlsəfi, həm də ədəbi mətnlərin anlaşılması və şərh olunmasında müasir dövrdə geniş tərzdə tətbiq olunan hermenevtik tezis və təhlillər ilə zəngindir. Məhz Aida xanımın əsərlərində hermenevtik metod vasitəsi ilə ixtisaslararası (interdisipliner) əlaqələrin ən aktual nümunələrinə rast gəlmək mümkündür. Nəticədə, professorun bütün yaradıcılığı ekzistansial olaraq varlığı, mətnləri və ümumiyyətlə, ədəbi əsərləri anlayaraq öz həyat anlayışımızı və mənəvi dünyamızı zənginləşdirməyimizdə böyük əhəmiyyət kəsb edir və edəcəkdir.
Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm edirdi. Onun ömür yolu, həyatın, varlığın əsasında duran mənəvi bağları qurmağa, tamlığa, vəhdətə can atan bir insan idrakının, bir ana, bir qadın ruhunun təcəssümü olmuşdur. Ancaq heç bir insan əbədi ömür sürmək üçün dünyaya gəlməyib. Hər birimiz bu dünyanın müvəqqəti sakinləriyik. Bununla belə insan öz əməlləri, yaratdığı əsərləri, insanpərvərliyi ilə bu müvəqqəti həyatda ölməzlik qazana bilər. Böyük alim, professor Aida xanım İmanquliyeva da öz əməlləri, yaradıcılığı ilə ölməzlik abidəsinə çevrilmişdir. O, 1992-ci il sentyabrın 19-da vəfat etsə də bu gün də ürəklərdə yaşayır, onun elmi fəaliyyəti bu gün də tədqiqatçıların diqqət mərkəzində saxlanılır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.