Şriftin ölçüsü:
21.09.2013 11:50 | Oxunma sayı: 2791
Dünən Azərbaycan Dövlət Neft Akademiyasının qaz-neft-mədən fakültəsində Amerika Birləşmiş Ştatlarının “Weatherford” şirkətinin təşkilatçılığı ilə yaradılmış təlim-tədris mərkəzinin açılışı oldu. Müəllim və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə akademiyanın rektoru, akademik Siyavuş Qarayev açaraq bildirdi ki, bütün ali məktəblərdə olduğu kimi, Neft Akademiyasında da Prezident
İlham Əliyevin imzaladığı “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı”nın icrası
istiqamətində mühüm addımlar atılmışdır.
Rektorun sözlərinə görə, təhsil müəssisəsində kadr hazırlığı əmək bazarının tələblərinə uyğun qurulur, tədris prosesi ölkəmizin neft-qaz sektorunda aparılan elmi-tədqiqat və layihələndirmə işləri ilə koordinasiya edilir, istehsalatla inteqrasiya gücləndirilir və s. Tələbə və doktorantların tədqiqi və təcrübi biliklərini formalaşdırmaq, neft-qaz-mədən işləri sahəsindəki innovasiyaları tədris prosesinə tətbiq etmək məqsədilə yerli və ölkəmizdə fəaliyyət göstərən xarici təşkilatlarla qarşılıqlı əlaqələr genişləndirilir. Belə əməkdaşlıq sayəsində təhsil ocağında müasir İKT avadanlığı ilə təchiz edilmiş xüsusi ixtisaslaşdırılmış auditoriyalar, elmi-tədqiqat təşkilatlarında isə baza kafedraları yaradılaraq tələbə və doktorantların ixtiyarına verilmişdir. ABŞ-ın “Weatherford” şirkətinin qaz-neft-mədən fakültəsinin nəzdində təşkil etdiyi təlim-tədris mərkəzi isə bu istiqamətdə növbəti bir addımdır. “Weatherford” şirkəti bütün dünyada qazma, qiymətləndirmə, tamamlama, hasilat və müdaxilə işləri də daxil olmaqla quyuların tam istismar dövrünü əhatə edən məhsul və xidmətlərin geniş çeşidini təşkil edir, keyfiyyət və hasilat sənayesinə xidmət göstərir. Baş qərargahı İsveçrədə yerləşən şirkət hazırda dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir və burada 60 000-dən çox əməkdaş çalışır.
Siyavuş Qarayev bildirdi ki, “Weatherford” 2005-ci ilin sentyabrında Bakıda “WEUS Holding Inc.” şirkətini yaradaraq fəaliyyətə başlamışdır. Son beş il ərzində Azərbaycandakı müştərilərinə xidmət göstərmək üçün geniş infrastruktur yaratmış şirkətin Bakıda iki böyük obyekti və ölkə üzrə baş ofisi yerləşir. Əməliyyatların təxminən 60 faizini yerli əməkdaşlardan təşkil olunmuş 200 nəfərlik heyət yerinə yetirir. Burada kompleks texniki və keyfiyyət, sağlamlıq, əmək təhlükəsizliyi, mühafizə və ətraf mühit üzrə təlim proqramları icra edilir. “Açılışını etdiyimiz təlim-tədris mərkəzinin ərsəyə gəlməsində şirkətin Azərbaycan və Gürcüstan üzrə baş meneceri, ADNA-nın məzunu Elnur Babayevin böyük zəhməti olmuşdur. Buna görə ADNA kollektivi və öz adımdan ona dərin təşəkkürümü bildirirəm! Məhz onun səyləri nəticəsində şirkət təhsil ocağımızla 2010-cu ildən əməkdaşlığa başlamışdır. Bu illər ərzində dəfələrlə tələbələrimiz üçün yay məktəbləri və təcrübələr təşkil edilmiş, bilik və bacarığı ilə fərqlənən məzunlarımızın işə qəbul olunması üçün əlverişli şərait yaradılmışdır. Doktorantların və gənc tədqiqatçıların 2-3 may 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Azərbaycan 2020: neft-qaz sənayesinin inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfransına sponsorluq etmiş Elnur Babayev qalibləri hədiyyələrlə mükafatlandırmağı da unutmamışdır”. ABŞ şirkətinin təmsilçisi Elnur Babayev yenidən ali təhsil aldığı akademiyada müəllimləri arasında olmasından məmnun olduğunu, burada yeni bir təlim-tədris mərkəzinin yaradılmasında iştirak etməkdən şərəf duyduğunu, ADNA ilə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirdi.
Sonra rektor və şirkət təmsilçisi təlim-tədris mərkəzinin açılışını bildirən lenti kəsdilər. Müəllimlər və tələbələr ən müasir tədris metodları ilə təchiz olunmuş yeni mərkəzlə yaxından tanış oldular.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.