Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi yad edilmişdir

 

Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri Fəxri Xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın məzarını ziyarət etmiş, önünə əklillər qoyaraq, xatirəsini ehtiramla anmışlar.

AzərTAc xəbər verir ki, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva görkəmli  alimin keçdiyi 53 illik həyat yolundan və bu illərdə onun şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açmışdır.

Bildirmişdir ki, Aida İmanquliyeva XX əsr Azərbaycan şərqşünaslıq elminin ən görkəmli nümayəndələrindən biri olmuş,  bütün ömrünü bu sahəyə həsr etmiş və çox böyük uğurlar qazanmışdır. O, Azərbaycanda şərqşünaslıq üzrə ilk elmlər doktoru, professordur. Görkəmli alim ilk dəfə olaraq həm keçmiş sovet, həm də dünya məkanında məhcər ərəb ədəbiyyatını sistemli şəkildə tədqiq edərək fundamental əsərlər yazmışdır. Onun bu sahədə gördüyü işlər zamanını on illərlə qabaqlamışdır. Aida xanım İmanquliyeva Şərqlə Qərbin həmişə əməkdaşlıq etdiyini və bunun davamlı olacağını,  bunsuz inkişafın mümkün olmadığını sübut etmişdir. Vaxtilə hələ Kiplinqin “Şərq Şərqdir, Qərb də Qərb. Şərqlə Qərb heç bir zaman görüşməyəcəklər” iddiasını Aida xanım İmanquliyeva öz tədqiqatları ilə tam darmadağın etmişdir. O, sübut etmişdir ki, hələ qədim dövrlərdən bu mədəniyyətlər biri-birlərinə mərhələ-mərhələ çox güclü təsir etmişdir. Görkəmli alim XVIII əsrin sonu-XIX əsrdə yeni ərəb ədəbiyyatının formalaşmasında Qərb ədəbiyyatının çox böyük rol oynadığını elmi cəhətdən əsaslandırmışdır.

Diqqətə çatdırılmışdır ki, gələn il Aida xanım İmanquliyevanın anadan olmasının 75 illik yubileyidir. Buna hazırlaşan Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli alimin əsərlərinin toplusunu Azərbaycan və rus dillərində hazırlayır. Onun elmi irsini yaşatmaq və yeni nəsillərə ötürmək bizim borcumuzdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov 21 il əvvəl dünyasını dəyişmiş böyük alimin keçdiyi 53 illik həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışmışlar.

Çıxışlarda alimin dəyərli elmi əsərləri, tərcümələri, nüfuzlu beynəlxalq konfranslarda iştirakından söz açılmışdır. Aida İmanquliyevanın elmi fəaliyyətinin müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığı, yeni bir məktəbin əsasını qoyduğu söylənilmişdir. Bu böyük  alimin itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğu qeyd edilmişdir. Sonda Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova Aida xanım İmanquliyevaya həsr etdiyi şeiri söyləmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında