Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov “Bilik Günü” münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri ilə görüşmüşdür

 

 

Görüşdə çıxış edən Təhsil naziri Mikayıl Cabbarov olduqca əlamətdar olan bu günün ölkəmizdə böyük bayram kimi qeyd olunduğunu bildirmişdir. Son illər ölkəmizdə müsbət demoqrafik dəyişikliklərin baş verdiyini, bunun nəticəsində hər il birinci sinfə gedən şagirdlərin sayının artdığını deyən nazir bu il 141 mindən çox şagirdin ilk dəfə məktəbə qədəm qoyduğunu vurğulamışdır. Nazir, həmçinin ölkə başçısının son günlər bir sıra yeni məktəb binalarının açılışında iştirak etdiyini bildirmiş, bu il təkcə Bakı şəhərində 164 məktəb binasının Təhsil Nazirliyi tərəfindən cari təmir olunduğunu diqqətə çatdırmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin qədim ənənələrindən söz açan təhsil naziri AMEA-nın keçmiş prezidentləri Yusif Məmmədəliyev, Zahid Xəlilov və Həsən Abdullayevin məhz bu ali məktəbin məzunu olduqlarını qeyd etmişdir. Nazir bildirmişdir ki, təhsil sisteminin keyfiyyəti ilk növbədə müəllimlərin peşəkar səviyyələri ilə bağlıdır. Təhsil naziri çıxışında bir çox sahələrdə uğur əldə edən ölkələrin təbii ehtiyatlara malik olan ölkələr deyil, intellektual potensialı güclü olan ölkələr olduğunu qeyd etmişdir.

Təhsil naziri müəllim peşəsinin müqəddəsliyini vurğulamış, müasir müəllimin biliyi necə əldə etməyin yollarını öyrədən peşə sahibi olduğunu bildirmişdir. Yaxşı müəllimin məhz bu keyfiyyəti ilə fərqləndiyini deyən nazir, tələbələrə müvafiq fənləri tədris etməklə bərabər, Vətəni sevməyi təlqin etməyin də vacibliyini qeyd etmişdir. Nazir bu gün ümumi təhsil məktəblərində ilk dərs saatının da məhz vətənpərvərlik mövzusuna həsr edildiyini bildirmişdir.

Təhsil sahəsinin, o cümlədən ali təhsilin dövlətin daim diqqət və qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran təhsil naziri bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təhsil işçilərinin əməkhaqqının və tələbələrin təqaüdlərinin artırıldığı söyləmiş, bunu göstərilən diqqət və qayğının daha bir təzahürü kimi dəyərləndirmişdir. Ali təhsildə adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinin ali təhsil müəssisələrinin muxtariyyatının artırılmasında mühüm rol oynadığını diqqətə çatdıran nazir bir sıra ali məktəblərin bu mexanizmdən daha səmərəli bəhrələndiyini demişdir. Hazırda tətbiq edilən qəbul planlarının universitetlərin muxtariyyatlarını məhdudlaşdırdığını qeyd edən təhsil naziri ali məktəblərin müstəqilliyinin daha da artırılması istiqamətində mütəmadi addımlar atılmasının, mövcud qanunvericiliyin verdiyi imkanlardan maksimum istifadə olunmasının zəruriliyini bildirmiş, universitetlərin dayanıqlığının təmin edilməsində akademik azadlığın mühüm şərt olduğunu nəzərə çatdırmışdır.

Natiq bildirmişdir ki, ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş və neft kapitalının insan kapitalına çevrilməsi məqsədini daşıyan xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu il də xeyli azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı qazanmışdır. Bununla yanaşı nazir, azərbaycanlı gənclərin ölkəmizin ali məktəblərində təhsil alması barədə Azərbaycan Respublikası Prezidentinin bu günlərdə səsləndirdiyi fikirlərlə qarşıya böyük məqsəd qoyulduğunu vurğulamış, bu baxımdan uğurla fəaliyyət göstərən dünya universitetlərinin təcrübəsinin öyrənilərək tətbiq olunmasının zəruriliyini qeyd etmişdir.

Dövlət tərəfindən təhsilin maddi-texniki bazasının gücləndirilməsi, bu sahəyə sərmayə yatırılması istiqamətində atılmış qətiyyətli addımlardan söz açan nazir yaradılmış şəraitdən səmərəli istifadə edilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırmışdır. Nazir yeni yaradılmış İnformasiya Texnologiyaları Universitetinin Azərbaycan Diplomatik Akademiyasının zəngin bazasından istifadəsini və fəaliyyət göstərməsini buna misal olaraq qeyd etmiş, bu cür əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirmişdir. Boloniya prosesinə keçidin yalnız tələbə biliyinin qiymətləndirilməsi ilə məhdudlaşdırılmasının düzgün yanaşma olmadığını deyən nazir bu prosesin digər istiqamətləri üzrə də ardıcıl işlərin aparılmasını məqsədəuyğun saymışdır. Azərbaycan xalqının, dövlətinin elmə, biliyə və savada olan münasibətinin ölkəmizdə əlverişli təhsil sisteminin qurulmasına imkan verdiyini deyən nazir gələcəkdə də bu istiqamətdəki fəaliyyəti dəstəkləyəcəyini qeyd etmişdir.

Çıxışının sonunda təhsil naziri ölkənin təhsil ictimaiyyətini və universitetin professor-müəllim heyətini yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, tələbələri maraqlandıran sualları cavablandırmışdır.

 

İbrahim Nizamioğlu,

"Xalq qəzeti"

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında