Sumqayıt şəhərindəki “Səməd Vurğun küçəsi, 2” ünvanında, yaşıllıqlar qoynunda yerləşən “İdrak” məktəb-liseyi beş ildir ki, fəaliyyət göstərir. Bu müasir tədris ocağı 2008-ci ildə təhsil islahatlarına uyğun olaraq fəaliyyətini dayandırmış Sumqayıt Özəl Orta İxtisas Kollecinin zəngin bazası əsasında yaradılıb.
“Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün inkişafı” amalını əsas şüarı sayan məktəb-liseydə yüksək hazırlıqlı müəllimlər çalışırlar. Bunun nəticəsidir ki, kollektiv uğurlarını ilbəil artırır.
“İdrak” məktəb-liseyinin təsisçisi pedaqoji elmlər namizədi, bir neçə elmi əsərin, çoxsaylı monoqrafiya, dərs və metodik vəsaitlərin müəllifi Mönsüm Alışovdur. Mönsüm müəllim ixtisasça riyaziyyatçıdır. Zamanın tələbi olan kompyuter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması sahəsində elmi uğurları var. Elə yaratdığı məktəb-liseyin adı da alimin bu yöndəki çalışmaları ilə bağlıdır.
Liseyə biliklərə ciddi marağı və zəruri zehni qabiliyyəti olan şagirdlər qəbul edilirlər. Onlar günün 10 saatını burada keçirirlər. Bu vaxtda keçilən dərslərdən əlavə, ev tapşırıqları hazırlanır, fənlər üzrə əlavə məşğələlər təşkil olunur. 10-cu və 11-ci sinif şagirdlərinin Azərbaycan və Avropanın ali məktəblərində təhsil almaları üçün TQDK proqramı üzrə hər ay sınaq imtahanları keçirilir. Liseydə ingilis və rus dillərinin tədrisi də yüksək səviyyədədir. Ötən tədris ilində şagirdlərin ingilis dilində şifahi nitqinin təkmilləşdirilməsi üçün ABŞ-dan gəlmiş mütəxəssis Maks Hoyt liseydə dörd aylıq təlim kursları keçmişdir. Dərslərdə əyaniliyi artırmaq məqsədilə hər cür lazımi vəsaitlə təmin olunmuş fənn kabinetləri fəaliyyət göstərir.
Güclü pedoqoji kollektivə malik olması “İdrak”ın ən üstün cəhətlərindəndir. Burada işləyən pedaqoqlar Sumqayıtın ən nüfuzlu, istedadlı və peşəkar müəllimləridir. Onların əksəriyyəti Azərbaycan Müəllimlər İnstitutunun Dayaq məntəqələrinin rəhbərləri üçün təşkil olunmuş “Öyrədənlərin öyrədilməsi” proqramı üzrə üç mərhələli təlim kursunu bitirərək “Öyrədən” statusunu qazanmış və ən müasir layihələrin icrasında iştirak edə biləcək səviyyəyə çatmışdır. Müəllimlər davamlı olaraq yeni fənn kurikulumlarının tətbiqi sahəsində təlim kurslarında iştirak etməklə öz bilik və bacarıqlarını təkmilləşdirirlər. Onların arasında Milli Kurikulum əsasında hazırlanmış dərslik komplektlərini qiymətləndirmə komissiyasının üzvləri də vardır.
Liseydə Azərbaycan dili, riyaziyyat, fizika, kimya, biologiya, ingilis dili, rus dili, tarix, coğrafiya və məntiq fənlərinin tədris keyfiyyəti hər yarımildə öyrənilərək üstünlüklər və problemlər araşdırılır, müəllimlərə göstəriş və məsləhətlər verilir. Bununla da tədrisin faydalı iş əmsalı daim yaxşılaşdırılır. Sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi sayəsində şagirdlərin biliklərə marağı daha da artır, onların dünyagörüşləri durmadan genişlənir.
“İdrak”ın yarandığı gündən davamlı olaraq keçirilən mədəni-kütləvi tədbirlərdə şagirdlərə vətənpərvərlik hissləri aşılanır, düşmənə qarşı mübarizənin məhz yüksək savada yiyələnməkdən başlanması fikri təbliğ olunur. Hər il məktəbdaxili olimpiadalar keçirilir. Açıq dərslər, ayrı-ayrı fənn aylıqlarına həsr olunmuş “Breyn rinq” bilik yarışmaları şagirdlərin potensiallarının açılmasına xidmət göstərir. Yarışmalar həmçinin gələcək tələbəlik dövründə keçiriləcək müvafiq tədbirlərdə iştiraka stimul verir, vərdiş yaradır. Bu kimi tədbirlərdə uşaqlar biliklərini nümayiş etdirməklə bərabər, yeni məlumatlar da əldə edir və dünyagörüşlərini artırırlar.
Təsadüfi deyil ki, aprel ayında Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbində fizika fənni üzrə keçirilən konfransda “İdrak” məktəb-liseyinin şagirdləri də uğurla çıxış ediblər. “Qlobal istiləşmə”, “Elektromaqnit dalğaları” və “Elektrik cərəyanı” mövzularını əhatə edən konfransda bu amillərin insan orqanizminə təsiri ilə bağlı 9-cu sinif şagirdlərinin elmi araşdırmaları təqdim olunmuşdur. “İdrak”ın konfransa qatılan üç təmsilçisi seçilən mövzuda apardığı ən yaxşı tədqiqat işinə görə diplomlarla təltif edilib.
Onu da deyək ki, liseyin yuxarı sinif şagirdləri hər il “İNEPO” Avrasiya müsabiqəsində uğurlu layihələrlə iştirak edirlər. Onların kolleksiyasında artıq həmin müsabiqənin üç medalı vardır.
“İdrak” məktəb-liseyində təhsilin keyfiyyətini artıran amillərdən biri də vaxtın düzgün bölüşdürülməsidir. Günün ilk yarısında Təhsil Nazirliyinin proqramı əsasında dərs alan şagirdlər günortadan sonra öz maraq və bacarıqlarına uyğun əlavə məşğələlərdən yararlanırlar. Buraya həmçinin şahmat, rəssamlıq, voleybol, futbol və rəqs dərnəkləri aiddir. Tətillərdə şagirdlərin ölkəmizin rayonlarına, tarixi yerlərinə ekskursiyaları təşkil olunur. Hər ilin iyul ayında liseydə “Yay məktəbi” fəaliyyət göstərir. Uşaqlar burada mütəxəssislər tərəfindən tərtib edilmiş plana əsasən əyləncəli tədbirlərə, təlimlərə cəlb olunur, gəzintilərə aparılır.
Məktəb-liseyin nəzdində “Fidan” məktəbə hazırlıq mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə bütünlüklə interaktiv formadan ibarət olan təlimlər Azərbaycan və rus dillərində aparılır.
Keçən ilin iyun-sentyabr aylarında “İdrak” məktəb liseyinin 100 nəfərdən ibarət təlimçisi Gəncə-Qazax, Abşeron, Dağlıq Şirvan, Lənkəran iqtisadi rayonlarında 7 fənn üzrə təlimlər aparmışdır. Lisey bu il də kurikulum tenderində qalib gəlmişdir. Ötən ayın 5-15-də liseyin təlimçiləri tərəfindən respublikanın 24 bölgəsində təlimlər aparılıb. Azərbaycan təhsil sistemində bu ildən 5-6-cı siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən xarici dil və fiziki tərbiyə müəllimləri üçün yeni ümumi orta təhsil kurikulum proqramları əsasında peşəkarlıq səviyyəsinin artırılması böyük əhəmiyyət kəsb edir. Keçən tədris ilindən təlimlərin təşkili və aparılması özəl sektora etibar edilmişdir. Fənlər üzrə aparılan tenderdə “İdrak” məktəb-liseyi də iştirak edərək Aran və Lənkəran iqtisadi rayonlarında xarici dil və fiziki tərbiyə fənləri üzrə təlimləri aparmaq hüququ qazanmışdır.
Təşkilat təlimçi hazırlığını diqqət mərkəzində saxlayır. Məktəb fəaliyyəti dövründə nizamnaməsinə uyğun olaraq müəllimlərin peşə fəaliyyətinin təkmilləşdirilməsi üçün mütəmadi ixtisasartırma kursları, seminar və konfranslar təşkil edir, müəllimlərin dünya pedaqoji texnologiyasında sınaqdan çıxmış metodlara yiyələnməsi üçün müxtəlif proqramlar həyata keçirir. Lisey həmçinin məktəbdaxili proqram çərçivəsində Təhsil Problemləri İnstitutunun mütəxəssisləri ilə əməkdaşlıq edir. Ötən ilin oktyabr-dekabr aylarında müəllimlər üçün fənn kurikulumlarının tətbiqi ilə bağlı 3 seminar təşkil edilmişdir. Bundan əlavə, Bakı və Sumqayıtda təlimçilərin 4 toplantısı keçirilmişdir.
Nəhayət, onu da vurğulayaq ki, məzunların ali məktəblərə qəbulu hər bir təhsil ocağının başlıca uğur göstəricisi sayılır. Bu baxımdan da “İdrak” nümunə göstərir. Bu il liseyi bitirmiş məzunların hamısı yüksək balla ali məktəblərə qəbul olunub. Ülvi Əlili 600-dən yuxarı bal toplayaraq Qafqaz Universitetinin tələbəsi adını qazanıb. Qalan məzunlar 500-dən yuxarı bal toplayıblar. Amin Məmiyev və Şəfəq Hüseynova Bakı Dövlət Universitetinə, Elşən Xudiyev və Elnur Fazilov ADNA-ya, Lalə Ələsgərova Dövlət İqtisad Universitetinə, Raul Hacıyev Azərbaycan Texniki Universitetinə, Bayram Babanlı Barselona Universitetinə, Nazlı Abdullayeva Slavyan Universitetinə, Məlik Əliyev isə Antalyanın Burdur Universitetinə daxil olublar.
Bu yüz faizli qəbul nəticəsi liseyin müəllimlərini hədsiz sevindirib. Məzunların parlaq nailiyyəti kollektivi daha böyük qələbələrə ruhlandırır.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.