(əvvəli qəzetimizin 3 sentyabr tarixli sayında)
Milli Kitabxananın 1961-ci ildə memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən əzəmətli binaya köçməsi onu sevənlər üçün gözəl hədiyyə olmuşdur. Binanın yerinin seçilməsində və tikilməsində xalq yazıçısı Süleyman Rəhimovun böyük xidməti olmuş, binanın layihəsini isə görkəmli memar, akademik Mikayıl Hüseynov hazırlamışdır.
Yeni binaya köçürüldükdən sonra kitabxananın strukturunda dəyişikliklər aparılmış, 18 yeni bölmə yaradılmış, 1968-ci ildə isə kitabxananın yeni nizamnaməsi işlənmiş və təsdiq edilmişdir. Fondların tərkibi ilk növbədə kəmiyyət baxımından dəyişmiş, hər 5 illikdə 1 milyon nüsxə artmışdır.
XX əsrin 60-cı illərində Milli Kitabxananın fondunun gələcək inkişafı və təkmilləşdirilməsi ölkənin böyük kitabxanaları və ittifaq respublikalarının kitabxana fondları ilə qarşılıqlı əlaqəli şəkildə həyata keçirilmişdir. Elm və mədəniyyətin, Azərbaycanın çoxsahəli xalq təsərrüfatının artmaqda olan tələbatı və vəzifələri, elmi-texniki tərəqqinin sürətli templə inkişafı, sənayeləşmənin, aqrosənayenin ixtisaslaşdırılması və mərkəzləşdirilməsi kitabxana fondlarının nəinki məzmun, tematik nöqteyi-nəzərdən, həmçinin nəşr növləri və digər informasiya daşıyıcıları baxımından, həm də yeni komplektləşdirmə mənbələrinin axtarışı üzrə müntəzəm optimallaşdırılmasını tələb edirdi. Bu illərdə kitabxananın beynəlxalq kitab mübadiləsi fəal şəkildə genişlənmiş, sistemli şəkildə fondda olmayan nəşrlərlə fondun komplektləşdirilməsi həyata keçirilmişdir.
XX əsrin 60-cı illəri texniki ədəbiyyata, o cümlədən normativ-texniki sənədlərə olan xüsusi maraqla xarakterizə olunur. Kitabxana artıq preyskurantları, standartları, ixtiraları, patentləri və digər sənədləri komplektləşdirməyə başlamış, 1959-1962-ci illərdə ixtisaslaşmış yeni fondlar yaradılmışdır.
Hər il kitabxana mərkəzi kollektor vasitəsilə orta hesabla rus dilində 35 min nüsxə kitab və digər nəşrlər əldə etmişdir. 1981-ci ildən etibarən bu mənbədən daxil olan nəşrlərin sayı pullu məcburi nüsxələrin siyahısından elmi texniki informasiya orqanı nəşrlərinin çıxarılması ilə xeyli azalmışdı. Artıq Milli Kitabxana daxil olan nəşrlərin həcmini və rus dilində ədəbiyyatın əldə edilməsinin əhəmiyyətini nəzərə alaraq sistemli olaraq fondların komplektləşdirilməsinin elmi prinsiplərini işləyib hazırlamağa başlamışdı.
XX əsrin 70-ci illərindən başlayaraq fondun daha səmərəli düzülüşü probleminin həlli yollarının axtarışı fondun düzülüşündə əlavə olaraq xronoloji prinsipin istifadəsini zəruriləşdirdi. Bu prinsip həcmcə böyük olmayan və istifadəsi rahat fondlar yaratmağa imkan verdi, yeni daxil olan nəşrləri keçmiş illərin nəşrlərindən ayırdı, fondun oxucu sorğusuna, tələbatına əsasən təşkili imkanlarını genişləndirdi. Həmçinin kitabsaxlayıcıda ədəbiyyatın yerləşdirilməsi üçün tələb olunan sahə iki dəfəyə qədər ixtisar edildi, stellajların yerdəyişməsinə də ehtiyac qalmadı. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində XX əsrin 70-ci illərinin əvvəllərində Milli Kitabxana 2.444.611 nüsxə universal rusdilli ədəbiyyat fonduna malik idi.
Dövri mətbuat nümunələrinə gəldikdə isə, XX əsrin 80-ci illərində Milli Kitabxanaya orta hesabla 1670 adda rus dilində milli jurnal, 29-32 Azərbaycan dilində, 39-40 SSRİ xalqları dilində, 618-630 adda 14 dildə xarici jurnallar, 74 Azərbaycan dilində qəzet, 6 SSRİ xalqları dilində və 51 adda 14 dildə xarici qəzetlər daxil olmuşdur.
Hər il dövri və ardı davam edən nəşrlər fondu 24 500 nəşrlə komplektləşdirilirdi. 1961-ci ildə xidmət şöbəsi çərçivəsində not-musiqi ədəbiyyatı bölməsi təşkil edilmişdir. 1963-cü ildə isə bu bölmə ayrıca şöbə kimi yenidən təşkil edilmiş və onun daxilində fonoteka yaradılmışdır. 1985-ci il üçün şöbənin fondu 160 989 nüsxə not və musiqi ədəbiyyatı, 24 888 qrammofon valları təşkil edirdi.
Bəhs edilən dövrdə elmin, texnikanın və mədəniyyətin inkişafında xarici dildə olan ədəbiyyat fondunun formalaşması böyük əhəmiyyət kəsb etmişdir. Hər il fond təxminən 3238 nüsxə kitab, 250 qəzet, 5661 jurnal, 168 mikrofilm və mikrofiş həcmində artmışdır. 1985-ci ildə xarici ədəbiyyat fondunda 22 dildə 334 559 nüsxə, o cümlədən 89 093 nüsxə kitab, 193 945 nüsxə jurnal, 5532 komplekt qəzet, 2467 nüsxə mikrofilm və lent yazısı olmuşdur.
Kitabxananın beynəlxalq kitab mübadiləsi 1965-ci ildən etibarən müntəzəm olaraq və plana uyğun şəkildə inkişaf etməyə başlamışdı. İlk illərdə Milli Kitabxana elmi idarələrlə, əksər sosialist ölkələri ilə, eləcə də İran və Türkiyə ilə beynəlxalq mübadilə əlaqələrini qurmuşdu. 1965-ci ildə mübadilə yolu ilə 57 kitab alınmış və 112 kitab göndərilmişdir. 1971-ci ildə sosialist ölkələrinə 280 kitab göndərilmiş, 59 kitab alınmış, İran və Türkiyəyə isə 845 kitab göndərilmiş, 228 kitab alınmışdır.
1970-1980-ci illər Milli Kitabxananın beynəlxalq mübadiləsinin inkişafında keyfiyyətcə yeni mərhələ olmuşdur. Bu özünü daha çox beynəlxalq mübadilənin genişlənməsində, xüsusilə də dünyanın aparıcı ölkələri ilə, tərəfdaşların sayının sabitliyi və kitab mübadiləsinin davamlı şəkildə həyata keçirilməsində, milli, xüsusi və elmi kitabxanalarla mübadilənin genişlənməsində, xarici elmi informasiya nəşrlərinin keyfiyyətinin yaxşılaşdırılmasında özünü büruzə vermişdir.
Milli Kitabxananın fəaliyyətində keyfiyyətcə yeni mərhələ 1974-cü ildə Sov.İKP MK-nın “Zəhmətkeşlərin kommunist tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında” qərarından sonra başlamışdı. Bu sənəddə ictimai kitab fondlarının seçilməsi, mühafizəsi və istifadəsinə yanaşma tərzi köklü şəkildə dəyişmişdir.
1970-1980-ci illərdə respublikanın digər elmi kitabxanalarından fərqli olaraq Milli Kitabxanada fondun formalaşması prosesi məzmunca hərtərəfli və geniş, kəmiyyətinə görə daha çox, nəşrlərin əldə edilməsi mənbələrinə görə daha müxtəlif və əhatəli olmuşdur. Onu demək kifayətdir ki, Milli Kitabxananın fondu hər il 180-240 min nüsxə çap məhsulu vahidi artırdı.
1970-ci ildən etibarən Milli Kitabxananın sərgi zalında ildə bir dəfə təşkil edilən ölkənin bütün nəşriyyatlarının tematik planlarından ibarət geniş sərgi fəaliyyətə başlamışdı. 1970-1974-cü illərdə müxtəlif respublika və xalqların sərgilərinin təşkili Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi xətti ilə keçirilirdi.
Milli Kitabxanada oxuculara xidmətin əsas formalarından biri də kitabxanalararası abonementdir (KAA). 1975-ci ildə Milli Kitabxananın fondundan demək olar ki, bütün sistem və idarələrin kitabxanaları istifadə etmiş, hər qrup kitabxanada abonentlərin sayı son 5 illikdə artmışdır. Daha çox artım elmi-texniki kitabxana üzrə 2 dəfə, şəhər kitabxanaları üzrə 2,5 dəfə, nisbətən az artım isə Mədəniyyət Nazirliyinin kənd kitabxanaları üzrə müşahidə edilmişdir.
Milli Kitabxanada beynəlxalq abonement də inkişaf etmiş və təkmilləşmişdir. 1981-1985-ci illərdə xarici abonentlərin tələbi ilə Milli Kitabxananın fondundan 28 nəşr göndərilmiş və beynəlxalq abonement vasitəsilə 200 abonentin ədəbiyyata olan sorğusu ödənilmişdir.
1965-ci ildən kitabxana-biblioqrafiya təsnifatının təcrübi cəhətdən tətbiqi işinə başlanmışdı. Yenidən təsnifləşdirmənin əsasında 1960-1968-ci illərdə nəşr edilmiş Kitabxana Biblioqrafiya Təsnifatı (KBT) cədvəlinin 25 buraxılışda (30 cild) olan tam nəşri, eləcə də 1963-1971-ci illərdə ayrıca sahəvi elmi-tədqiqat informasiya institutları tərəfindən nəşr olunmuş Universal Onluq Təsnifat (UOT) dururdu. 1976-cı ildən kitabxana nəşrlərini “7.1-76 Çap əsərlərinin biblioqrafik təsviri” dövlət standartına uyğun olaraq təsvir etməyə başladı. 1986-cı ildən Milli Kitabxanada kataloq və kartoteka üçün təsvirlər “7.1-84 Sənədin biblioqrafik təsviri” standartına tam uyğun şəkildə həyata keçirilirdi.
1974-cü ildə Milli Kitabxanada mədəniyyət və incəsənət üzrə elmi informasiya şöbəsi yaradılmış və bu şöbə Ümumittifaq sahəvi informasiya sisteminin tərkib hissəsi olmuşdu. Bu yeni istiqamət həm də Milli Kitabxananın elmi-texniki informasiya xidməti ilə inteqrasiyası amili kimi nəzərdən keçirilə bilər. Belə ki, öz fəaliyyət sahəsinə mədəniyyət və incəsənət problemləri üzrə geniş informasiyanı daxil edən Milli Kitabxana universal profilli böyük informasiya müəssisəsi kimi qalmağa davam edir.
Milli Kitabxananın inkişafı tarixində biblioqrafik vəsaitlərin hazırlanması sahəsində ən məhsuldar dövr 1961-ci ildən - kitabxananın yeni binaya köçməsindən sonra və şəxsi biblioqrafik nəşrlər bazasının formalaşması ilə başlanmışdır. Əvvəlki illərdən fərqli olaraq XX əsrin 60-70-ci illərində çoxlu aktual ictimai-siyasi mövzular əhatə olunmuş ideya-siyasi, əxlaqi, tərbiyəvi məzmunlu köməkçi göstəricilər nəşr edilmişdir. Biblioqrafik göstəricilər klassik və milli bədii ədəbiyyatı təbliğ edir, oxucuları Azərbaycanın ədəbiyyatı və incəsənəti üzrə, Azərbaycanla digər ölkələr arasında ədəbi, mədəni əlaqələrə həsr edilmiş kitablarla tanış edirdilər.
Azərbaycan dilinə tərcümə edilmiş rus və xarici ədəbiyyat nümunələrini əks etdirən retrospektiv elmi-informasiya göstəricilərinin nəşrinə başlanması çox əhəmiyyətli bir iş hesab edilmişdir. Bu seriyadan olan Azərbaycan dilində nəşr edilmiş 1920-1945-ci illəri əhatə edən xarici ədəbiyyat nümunələrinə dair biblioqrafik məlumatları əks etdirən “Xarici ölkə ədəbiyyatı” (1979), “Rus ədəbiyyatı Azərbaycan dilində” (1984) adlı biblioqrafik göstəriciləri nümunə olaraq göstərmək olar.
Məhz XX əsrin 60-cı illərində kitabxananın indiki binasına köçürülməsi, metodik şöbənin ştatının artması Milli Kitabxananın metodik funksiyasının təşəkkülü və inkişafında mühüm mərhələ olmuşdu. XX əsrin 60-cı illərində Milli Kitabxananın metodik fəaliyyətinin qarşısında Sov.İKP MK-nın “Ölkədə kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərarından irəli gələn məsələlərin həll edilməsi məqsədilə vəzifələr qoyulmuşdu. Milli Kitabxananın metodik fəaliyyətində əsas yeri nəşriyyat fəaliyyəti təşkil edirdi: metodik və biblioqrafik vəsaitlərin, kitabxanaların iş təcrübəsi üzrə broşürlərin, bülletenlərin nəşr edilməsi və s. 1961-ci ildən etibarən kitabxana işinin mütərəqqi metodlarının təbliğində mühüm vasitə olan rüblük “Əlamətdar və tarixi günlər təqvimi” nəşr edilməyə başlanmışdı. Təkcə 1967-1970-ci illərdə respublikanın 36 rayonuna kitabxananın ən təcrübəli işçiləri tərəfindən 311 gediş təşkil edilmişdir.
Milli Kitabxananın metodik fəaliyyətində yeni dövr Sov.İKP MK-nın 8 may 1974-cü il tarixli “Zəhmətkeşlərin kommunist tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında” qərarı ilə başlamışdı. Bu qərardan irəli gələrək rayon və şəhər kütləvi kitabxanaları əsasında Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilinə başlanmış, 1980-ci ilin sonuna respublikada kütləvi kitabxanaların mərkəzləşdirilməsi işi yekunlaşdırılmışdı. Belə ki, respublika üzrə cəmi 69 MKS yaradılmış, onlardan 3174 rayon, kənd, qəsəbə və digər kitabxanaları birləşdirən 61 rayon MKS-i, eləcə də 111 şəhər-filial kitabxanasını birləşdirən 8 şəhər MKS-ni qeyd etmək olar.
MKS-lərdə işin təşkili üzrə təlimati-metodik sənədləri əhatə edən Azərbaycan dilində bir sıra metodik nəşrlər çap olunmağa başlamışdı. Belə nəşrlərdən “Kitabxana və sorğu-informasiya fondlarının məzmunca köhnəlmiş və fiziki cəhətdən yararsız nəşrlərdən təmizlənməsi və mühafizəsi haqqında təlimat” (1978), “MKS-lərin vəzifə təlimatı və uçot formalarına dair nümunəvi əsasnaməsi” (1979), “MKS-lərin illik iş planı sxemi və informasiya hesabatı” (1980) və başqalarını nümunə göstərmək olar.
XX əsrin 70-ci illərinin ortalarından Milli Kitabxananın elmi-tədqiqat fəaliyyəti planauyğun şəkil almış və buna kitabxana tərəfindən kitabxanaşünaslıq, biblioqrafiya və informatika üzrə kifayət qədər tam şəkildə respublikanın böyük kitabxanalarının və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kitabxanaçılıq fakültəsinin fəaliyyəti əks etdirilmiş 5 illik toplu, əlaqələndirici elmi-tədqiqat işi planlarının tərtib edilməsi səbəb olmuşdur.
Respublikada kitabxanaçılıq nəzəriyyəsinin nailiyyətlərinin əldə edilməsində 1980-ci ildə nəşr edilməyə başlamış “M.F.Axundov adına Dövlət Kitabxanasının elmi əsərləri”nin, kitabxana əməkdaşlarının “Mədəni-maarif işi” və “Kitablar aləmində” jurnallarının, “Sovetskoe bibliotekovedenie” elmi məcmuəsinin səhifələrində dərc edilmiş məqalələrinin və materialların rolu danılmaz olmuşdur.
Ötən əsrin 90-cı illərinin ilk iki il yarımlıq zaman kəsiyi bütövlükdə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində və eləcə də kitabxana işi sahəsində də çox çətin illər olmuşdur. Köhnə sovet rejiminin süqut etdiyi və hələ yeni sistemin formalaşmadığı bir şəraitdə kitabxana sahəsində də ciddi problemlər hökm sürürdü. Təbii ki, bu amil Azərbaycan Milli Kitabxanasının fəaliyyətinə də öz mənfi təsirini göstərmişdi: sabaha baxışlardakı qeyri-müəyyənlik, idarəçilikdə hökm sürən hərc-mərclik, elmin və mədəniyyətin inkişafına diletant münasibət, sovet dövrünə məxsus hər şeyin kökündən çıxarılıb atılması tendensiyası öz ciddi təsirini Milli Kitabxananın fəaliyyətində də büruzə vermişdi.
Bütün bunlar ilk növbədə Milli Kitabxananın kitab fondunun formalaşmasına ciddi təsir göstərmişdi. Respublikamızda mətbəələr işləmir, kitablar çap olunmur, qəzetlər çox az nəşr olunur, ağır müharibə şəraitində bu sahəyə demək olar ki, heç vəsait ayrılmırdı. Kim harada, nəyi istəsə çap etdirir və onu Milli Kitabxanaya vermək heç kimin yadına belə düşmürdü.
(ardı var)
Kərim TAHİROV,
Milli Kitabxananın direktoru, fəlsəfə doktoru, dosent,
əməkdar mədəniyyət işçisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.