Qax və Zaqatala rayonlarının zəlzələdən zərər çəkmiş kəndlərində yeni məktəb binaları istifadəyə verilmişdir

 

2012-ci ilin mayında ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) və aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq zəlzələ bölgəsində tikintisinə başlanılan fərdi evlərin, məktəb binalarının böyük hissəsi artıq əhaliyə, məktəb kollektivlərinə təhvil verilmişdir. Bölgə əhalisi həyata keçirilən bütün bu tədbirləri çox yüksək qiymətləndirir.

Sentyabrın 13-də Qax rayonunun Güllük, Zaqatala rayonunun Yeni Suvagil və Çobankol kəndlərində zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş məktəblər üçün inşa olunmuş yeni binaların açılış mərasimləri olmuşdur.

Mərasimlərdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, rayonların icra hakimiyyətlərinin başçıları, FHN-in məsul nümayəndələri, məktəb kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Qax rayonunun Güllük kəndində tam orta məktəb üçün inşa edilmiş 300 şagird yerlik yeni məktəb binasının açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev çıxış edərək zəlzələ bölgəsində həyata keçirilən tədbirlərin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, dövlətimizin başçısının göstərişinə əsasən, qısa müddət ərzində zəlzələ bölgəsində minlərlə, o cümlədən Qax rayonunun zəlzələdən zərər çəkmiş ərazilərində yüzlərlə fərdi ev tikilib sakinlərə təhvil verilmişdir. Qax rayonunda tikintisinə başlanan 10 məktəb binasından 9-u artıq istifadəyə verilmişdir. Bu gün sonuncu məktəb binası da öz qapılarını şagirdlərin üzünə açır. Bildirilmişdir ki, zəlzələ bölgəsində həyata keçirilən bütün bu tədbirlər dövlətimizin başçısının ölkə vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsi olmaqla bərabər, həm də ölkəmizin artan iqtisadi qüdrətindən xəbər verir.

Məktəbin direktoru Firəngiz İsayeva, 11-ci sinif şagirdi Günel Əhmədova, valideyn Sevinc Məmmədova çıxış edərək məktəb binasının yeni tədris ilinin başlanğıcında istifadəyə verilməsini məktəb kollektivi üçün çox dəyərli hədiyyə olduğunu bildirmiş, bu qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Mərasimdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək son illər ölkəmizdə iki böyük təbii fəlakətin – 2010-cu ildə aran bölgəsində sel və daşqınların, 2012-ci ilin mayında isə bu bölgədə güclü zəlzələnin baş verdiyini xatırlatmışdır. Bildirmişdir ki, hər iki bölgədə təbii fəlakət baş verəndən dərhal sonra Prezident İlham Əliyev fəlakət bölgəsinə getmiş, vəziyyətlə yerində tanış olmuş, aidiyyəti qurumlara müvafiq tapşırıqlarını vermişdir. Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan Prezidenti xüsusi sərəncamlar imzalamış, dövlət büdcəsindən müvafiq vəsait ayrılmışdır.

Nazir bildirmişdir ki, dünyanın heç bir ölkəsində təbii fəlakətlər, yaxud texnogen qəzalar baş verərkən dövlət əhəmiyyətli müəssisələr istisna olmaqla, digər tikililərin bərpası üçün dövlət büdcəsindən vəsait ayrılmır. Bu, Azərbaycan Prezidentinin öz xalqına, ölkə vətəndaşlarına olan məhəbbətinin, qayğısının təcəssümüdür. Bildirilmişdir ki, aran bölgəsində sel və daşqınların yaratdığı fəsadlarla bağlı görülən işlər artıq tamamlanmaq üzrədir. Balakən, Zaqatala, Qax və Şəki rayonlarında isə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Dövlətimizin başçısının tapşırığına əsasən, indiyədək bu rayonlarda onlarla məktəb binası, minlərlə fərdi ev tikilib təhvil verilmişdir.

Nazir demişdir ki, hər dəfə bu rayonlara gələndə, insanların, uşaqların çöhrələrindəki sevinci görəndə biz də sevinirik, fərəhlənirik. Əminik ki, bu cür işıqlı, gözəl, ən müasir avadanlıqla təchiz olunmuş məktəblərdə təhsil alan şagirdlər daha yaxşı oxuyacaq, bu məktəblərdə təhsilin keyfiyyəti daha da yaxşılaşacaqdır.

Məktəbin açılışını bildirən rəmzi lent kəsildikdən sonra yeni məktəb binasına baxış keçirilmişdir. Müasir standartlara uyğun inşa edilmiş üçmərtəbəli binada tədris prosesi üçün hər cür şərait yaradılmış, məktəb yeni inventar və avadanlıqla təchiz edilmiş, binada nəzarət kameraları, müasir istilik sistemi quraşdırılmış, həyət abadlaşdırılmışdır.

Daha sonra fövqəladə hallar naziri Zaqatala rayonunun Yeni Suvagil kəndinə gəlmişdir. Kəmaləddin Heydərov kənddəki 1 nömrəli tam orta məktəbin 500 şagird yerlik yeni binasının açılışında iştirak etmişdir.

Mərasimi rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov açdıqdan sonra şagirdlərin ifasında Azərbaycanın dövlət himni səslənmişdir.

Məktəbin direktoru Abdurahman Soltanov Azərbaycanın 20 illik müstəqillik dövründə çox böyük nailiyyətlər əldə etdiyini, ölkə iqtisadiyyatının gücləndiyini, dünya dövlətləri arasında söz, nüfuz sahibi olduğunu bildirmişdir. Vurğulanmışdır ki, bu iqtisadi qüdrətin bariz nümunəsidir ki, Azərbaycan dövləti 2012-ci il mayın 7-də baş vermiş zəlzələ nəticəsində bölgədə dağılmış minlərlə evin, onlarla məktəb binasının, uşaq bağçasının, digər obyektlərin bərpasına heç bir dövlətdən kömək, yardım almadan çox qısa müddətdə nail olur. Diqqətə çatdırılmışdır ki, bu, Suvagil kəndində FHN tərəfindən tikilib istifadəyə verilən sayca ikinci məktəb binasıdır. Bu binada şagirdlərin təhsil alması üçün hər cür şərait yaradılmışdır.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ötən müddət ərzində zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, indiyədək rayonda 4 minə yaxın fərdi evin tikintisi aparılmışdır. Tikintisinə başlanan 23 məktəb binasından 14-ü artıq təhvil verilmişdir. Altı məktəb binasında bərpa-gücləndirmə işləri aparılmışdır. Bilik günündə daha 4 məktəb binasının istifadəyə verilməsi nəzərdə tutulur. İcra hakimiyyətinin başçısı həyata keçirilən bütün bu tədbirlərə görə zaqatalalılar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Nazir Kəmaləddin Heydərov baş vermiş zəlzələdən iki gün sonra Prezident İlham Əliyevin fəlakət bölgəsinə səfər etdiyini, zərər çəkmiş evlərə, sosial obyektlərə baxış keçirdiyini, yerindəcə müvafiq tapşırıqlarını verdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, zəlzələnin fəsadlarının aradan qaldırılması üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmış, qısa müddətdə çox böyük işlər görülmüşdür. Artıq bu işlər yekunlaşmaq üzrədir. Evlərin və məktəblərin əksəriyyəti təhvil verilmişdir.

Nazir vurğulamışdır ki, zəlzələ bölgəsində istifadəyə verilən bu məktəb binaları Prezident İlham Əliyevin yeni tədris ilində şagirdlərə, müəllimlərə ən böyük hədiyyəsidir. Bir neçə gündən sonra yeni tədris ili başlayır. Hamımız əminik ki, bu gözəl məktəblərdə təhsilin keyfiyyəti daha yaxşı olacaqdır. Şagirdlər çox gözəl şəraitdə, laboratoriyalarda, kompyuter otaqlarında təhsil alacaq, biliklərini daha da artıracaqlar. Onlar işıqlı idman zallarında öz sağlamlıqlarını daha da möhkəmləndirəcəklər. Birinci sinfə qədəm qoyanları xüsusilə təbrik edirik. Onlar ilk təhsillərini məhz belə gözəl binalarda alacaqlar. Onların dünyaya baxışı daha da fərqli, zəngin olacaq, Vətən sevgisi daha da yüksələcəkdir.

Sonra mərasim iştirakçıları yeni məktəb binasında yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

Daha sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nazirliyin nümayəndələri və rayon rəhbərliyi Çobankol kənd tam orta məktəbinin 240 şagird yerlik yeni binasının açılış mərasimində iştirak etmişlər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında