Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur.
Toplantıda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, dövlətimizin təhsilə olan diqqət və qayğısından danışmışdır. Natiq bildirmişdir ki, Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti ilboyu diqqət mərkəzində olumuşdur. Rayonda 5 ali, 18 orta və 20 məktəbəqədər təhsil müəssisəsinin yeni dərs ilinə hazırlığı və yay mövsümündə məktəblərdə aparılan təmir işlərinə RİH-nin nəzarəti ciddi olmuşdur. Yay aylarında təhsil müəssisələrində əsaslı və cari təmirlər aparılımış, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşlar.
Qeyd olunmuşdur ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Səbail rayonuna 8 orta, 1 peşə məktəbinin, 2 uşaq bağçasının, 1 Uşaq Yaradıcılıq Mərkəzi və Texniki Yaradıcılıq Birliyinin əsaslı təmiri, 1 orta məktəb üçün yeni akt və idman zallarının tikintisi nəzərdə tutulmuşdu. 2011-və 2012-ci illər ərzində Səbail təhsili ilə bağlı bütün bəndlər icra olunmuş, əlavə olaraq ölkə başçısının 20 aprel 2011-ci il tarixli sərəncamına uyğun olaraq Badamdar qəsəbəsində 880 şagird yerlik 329 saylı orta məktəb və 120 yerlik uşaq bağçası, 49 saylı “İntellekt” lisey üçün isə 660 şagird yerlik əlavə tədris korpusu tikilmişdir.
Cari ilin yay aylarında “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Əlavə Tədbirlər Planına əsasən 900 nəfər şagirdin təhsil aldığı 7 saylı pilot məktəbi və 1900 şagirdin təhsil aldığı 163 saylı orta məktəbin binaları, 190 saylı orta məktəbin akt və idman zalı əsaslı təmir olunmuşdur. Məktəblər lazımi avadanlıq və dərs vəsaiti ilə təchiz olunmuşlar.
Bibiheybət qəsəbəsindəki 70 saylı uşaq bağçasının əsaslı təmiri və bağça üçün əlavə musiqi zalı və 3 otağın tikintisi də başa çatdırılmışdır. 20-ci yaşayış sahəsində yerləşən “Turac” uşaq bağçasında möhkəmləndirmə işləri aparılmış, hazırda əsaslı təmir davam etdirilir. Cari ilin yay aylarında Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuşdur.
Müzakirələrdə görülən işlərlə yanaşı, keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılmışdır. Vurğulanmışdır ki, 2012-2013-cü tədris ilində rayonun orta məktəblərini 1458 nəfər bitirmiş, onlardan 1279 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdi. Abituriyentlərin 927 nəfəri tələbə adını qazanmışdır. 121 nəfər 500-dən yuxarı, 35 nəfər 600-dən, 8 nəfər isə 650-dən çox bal toplamışdır. Məzunlardan 88 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar.
“Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsində Səbail rayonu 6 saylı tam orta məktəb və 160 saylı Klassik Gimnaziya ikinci dəfədir ki, qaliblər sırasında olmuşlar. Artıq 6-cı ildir ki, keçirilən bu müsabiqədə rayonun 18 orta məktəbinin 12-si qalib olmuşdur.
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri arasında isə rayonun 6 müəllimi olmuşdur. İndiyədək rayonda bu ada 52 nəfər layiq görülmüşdür. 19 məzun isə bu il medal qazanmışdır.
6 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova, 686 bal toplayaraq tələbə adını qazanmış Günel Vəlişova və digər çıxışçılar təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara Səbail Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 100 uşağa məktəbli forması verilmişdir.
R.TAHİR, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.