Sentyabrın 2-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” mövzusunda II Forumu işini panel iclaslarla davam etdirmişdir.
“Caucasus International” jurnalının baş redaktoru Zaur Şiriyevin moderatorluğu ilə “Cənubi Qafqaz ölkələri müstəqilliyin 20 ilindən sonra: region uğrunda geosiyasi rəqabət” mövzusunda keçirilən panel iclasında Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Məmməd Əliyev məruzə ilə çıxış etmişdir. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərdən danışan Məmməd Əliyev bildirmişdir ki, bütün çətinlik və maneələrə baxmayaraq, ölkəmiz müstəqilliyini qorumuş və inkişaf yoluna qədəm qoymuşdur.
Azərbaycan rəhbərliyinin milli maraqlara cavab verən bütün addımları atdığını deyən səfir vurğulamışdır ki, ölkəmiz müxtəlif sahələrdə uğurlar qazanaraq regionun lider dövlətinə çevrilmişdir. Bu gün Azərbaycan vaxtilə yardıma ehtiyacı olan ölkədən donor dövlətə çevrilmişdir. Son illərdə bütün sahələrdə çox böyük uğurlar qazanılmışdır.
Azərbaycanın əldə etdiyi uğurlardan danışan Məmməd Əliyev diqqətə çatdırmışdır ki, ölkə həyatının bütün sahələrində aparılan islahatlar öz nəticəsini verməkdədir. Ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirməkdir. Hazırda Azərbaycan malik olduğu iqtisadi və siyasi imkanlarından öz milli maraqlarını reallaşdırmaq, qlobal və regional mövqelərini möhkəmləndirmək üçün məharətlə istifadə edir.
Dağlıq Qarabağ münaqişəsindən danışan M.Əliyev vurğulamışdır ki, Ermənistanın işğalçılıq siyasəti bu ölkənin regional layihələrdən kənarda qalması ilə nəticələnmişdir. Bu isə Ermənistanı iqtisadi və demoqrafik fəlakət həddinə gətirib çıxarmışdır.
İclasda çıxış edən “Ceymstaun” Fondunun prezidenti Qlen Hovard Azərbaycanın iştirak etdiyi uğurlu enerji layihələri barədə danışaraq bildirilmişdir ki, Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 80 faizdən artıqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Q.Hovard qeyd etmişdir ki, münaqişə nəticəsində regiona böyük zərbə dəymişdir. Təəssüflər olsun ki, münaqişə bölgəsində vəziyyət təhlükəli olaraq qalır və insan tələfatı ilə müşayiət olunur.
Qlen Hovard Azərbaycanın sülhməramlı əməliyyatlarda, xüsusən Əfqanıstanda təhlükəsizlik mühitini təmin olunması istiqamətində həyata keçirilən missiyada fəal iştirakını təqdir etmişdir.
İclasda məruzə ilə çıxış edən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Postsovet Məkanı Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski bildirmişdir ki, Azərbaycan son 10 ildə Cənubi Qafqaz regionunun real liderinə, qlobal proseslərin fəal iştirakçısına çevrilmişdir. Azərbaycanda iqtisadiyyat və nəqliyyat infrastrukturunun əhəmiyyətli dərəcədə inkişaf etdiyini deyən S.Çernyavski vurğulamışdır ki, ölkəmizdə müsbət nəticələr verən ardıcıl siyasət aparılır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan məruzəçi təəssüf hissi ilə qeyd etmişdir ki, bütün cəhdlərə baxmayaraq, məsələnin sülh yolu ilə həllinə hələ də nail olunmamışdır. O demişdir: “Bu vəziyyət Azərbaycanı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırması üçün külli miqdarda vəsait sərf etməyə, hərbi xərclərini artırmağa sövq edir. Halbuki bu vəsait təkcə Azərbaycanın deyil, qonşu dövlətlərin də rifahına sərf oluna bilərdi. Əgər Ermənistan ilə saziş imzalansaydı, bu sazişdən iqtisadi baxımdan bəhrələnən tərəf Ermənistan olardı”.
Stanislav İvanoviç Çernyavskinin fikrincə, bu vəziyyətdən ən yaxşı çıxış yolu Madrid prinsipləri çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsidir və Azərbaycan rəhbərliyi hadisələri müdrikcəsinə dəyərləndirərək münaqişənin davam etməsinə imkan verməmişdir.
Forumda müzakirə olunan mövzuların əhəmiyyətini vurğulayan “The Tool Shed Group” araşdırma və konsultasiya şirkətinin direktoru Ceyson Katz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərkən erməni lobbisinin münaqişə ilə bağlı uydurmalarını aradan qaldırılmasının vacibliyini vurğulamışdır. O demişdir ki, ABŞ konqresmenləri bəzən onların seçki kampaniyasını maliyyələşdirən qrupların təsiri altına düşür və bu səbəbdən də münaqişə haqqında obyektiv mövqedən çıxış edə bilmirlər. “Hesab edirəm ki, erməni lobbisinin uydurmaları aradan qaldırılmalı, eləcə də dünyada Azərbaycanın strateji önəmi və enerji təhlükəsizliyindəki rolu barədə təsəvvürlər daha da gücləndirilməlidir. Hazırda Azərbaycan qərb demokratiyası yolu ilə inkişaf edir və tolerantlığın yüksək səviyyədə olduğu ölkədir” - deyə Ceyson Katz fikrini tamamlamışdır.
Tədbirdə qonaq məruzəçi qismində çıxış edən Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ölkəmizin neft strategiyası haqqında ətraflı məlumat verərək demişdir: Müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri məhz neft sənayesini inkişaf etdirmək idi. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli neft strategiyası sayəsində bu vəzifə uğurla həyata keçirilmiş, Azərbaycan neft-qaz hasilatını xeyli artırmağa nail olmuşdur. Neft və qaz sərvətlərinin dünya bazarlarına çıxarılması məqsədi ilə çoxşaxəli ixrac boru kəmərləri tikilmişdir. Çox qısa bir zamanda Bakı-Supsa, Bakı-Novorossiysk, Bakı-Tblisi-Ceyhan, Bakı-Tblisi-Ərzurum kəmərləri inşa edilmişdir. Bütün bunların nəticəsində Azərbaycan qısa müddətdə neft-qaz gəlirləri əldə etməyə başlamışdır. Bu gəlirləri səmərəli şəkildə idarə etmək məqsədi ilə 1999-cu ildə Heydə Əliyevin neft strategiyasının tərkib hissəsi olan Azərbaycan Dövlət Neft Fondu yaradılmışdır.
Daha sonra Forum SAM-ın şöbə müdiri Rövşən İbrahimovun moderatorluğu ilə “Enerji təhlükəsizliyi: Xəzər regionunun qlobal enerji təhlükəsizliyinə töhfəsi” mövzusunda panel iclasla davam etmişdir.
İclasda çıxış edən sənaye və energetika nazirinin müavini Natiq Abbasov Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat vermişdir. Bildirmişdir ki, dünyanın bir sıra ölkələri və nüfuzlu şirkətləri ilə əməkdaşlıq edən Azərbaycan bu münasibətləri gücləndirmək əzmindədir. Xəzər regionu və Mərkəzi Asiya ölkələrinin böyük karbohidrogen ehtiyatlara malik olduğunu deyən N.Abbasov vurğulamışdır ki, bu ehtiyatlar Avropa ölkələrinin enerji təchizatında mühüm rol oynayır. Enerji ehtiyatlarının Avropa bazarlarına daşınması və təhlükəsiz enerji dəhlizinin yaradılması üçün mühüm layihələr həyata keçirilir və bunun üçün real imkanlar mövcuddur. Nazir müavini diqqətə çatdırmışdır ki, gələcəkdə Xəzər regionunun təbii qaz ixracının illik həcmi 135 milyard kubmetr səviyyəsində planlaşdırılır ki, bunun da 35 milyardı Azərbaycanın payına düşür.
Daha sonra iclasda Vudro Vilson Beynəlxalq Mərkəzinin Avropa enerji təhlükəsizliyi təşəbbüsü bölməsinin məsləhətçisi Aleksandr Petersenin, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Əlaqələr Şurasının elmi işçisi Coşua Volkerin, Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun (Kanada) elmi işçisi Robert Katlerin məruzələri dinlənilmişdir.
Sonda iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.