Azərbaycan Milli Kitabxanasının yaradılmasından 90 il ötür
Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Kitabxananın 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Bu sərəncam kollektivimiz tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanmışdır. 90 illik bir dövr ərzində fəaliyyət göstərən Azərbaycan Milli Kitabxanası bu gün ölkəmizdə kitabxana işinin baş qərargahı, onu istiqamətləndirən, əlaqələndirən və inkişaf etdirən elm, təhsil, mədəniyyət və informasiya məbədinə çevrilmişdir. O, xalqımızın əsrlər boyu əldə etdiyi ən mütərəqqi elmi, mədəni-mənəvi dəyərlər zəminində formalaşıb inkişaf etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Kitabxanasının Azərbaycan elminin və mədəniyyətinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək belə demişdir: “Fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan Milli Kitabxanası zəngin inkişaf yolu keçərək böyük əhəmiyyətə malik nəşrləri mühafizə edən mədəni sərvətlər xəzinəsinə çevrilmişdir. Ötən müddət ərzində o, cəmiyyətin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynamış, elm və mədəniyyət xadimlərinin bir neçə nəslinin formalaşmasına öz töhfəsini vermişdir.”
Azərbaycanda hamının istifadə edə biləcəyi ümumaçıq milli kitabxananın yaradılması fikri hələ XIX əsrin 70-ci illərində “Əkinçi” qəzeti tərəfindən irəli sürülmüş, sonralar ölkə mətbuatında o cümlədən “İrşad”, “Kaspi”, “Tərəqqi” qəzetləri, həmçinin “Molla Nəsrəddin” jurnalında bu məsələnin dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, Milli Kitabxananın yaradılması təşəbbüsü dövlət səviyyəsində Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yenidən qaldırılmış, lakin məlum səbəblərdən baş tutmamışdı.
Azərbaycan Demokratik Respublikası süqut etdikdən sonra, XX əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda dövlət siyasəti səviyyəsində elmi-mədəni quruculuq işləri başlamışdı. Bu zaman mədəni-maarif müəssisələrinin, xüsusən qiraət komaları və kitabxanaların təşkilinə xüsusi diqqət yetirilirdi.
Bakıda Milli Kitabxananın yaradılması məsələsi ilk dəfə Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 saylı iclasında müzakirə edilmiş, kitabxananın yararlı bina, avadanlıq və kitab fondu ilə təmin edilməsi haqqında müvafiq qərar qəbul edilmişdir.
Kitabxananın təsis edilməsi, ona Azərbaycan SSR Mərkəzi Dövlət Kitabxanası statusunun verilməsi mərasimi dövlət səviyyəsində məhz 23 may 1923-cü ildə həyata keçirildiyindən bu tarix Azərbaycan Milli Kitabxanasının yaranması günü kimi qəbul edilməlidir. (Milli Kitabxana fəaliyyətinin müxtəlif dövrlərində müxtəlif adlarla - Mərkəzi kitabxana, Dövlət kitabxanası, Respublika kitabxanası və s. kimi adlandırılmışdır)
Kitabxana oxucuların istifadəsinə verildikdən sonra əsas vəzifə fondun intensiv şəkildə inkişafı və oxuculara kitabxana-biblioqrafıya xidmətini dövrün tələblərinə uyğun təşkil etməkdən ibarət idi. Əsasən müxtəlif kitabxana fondları və ayrı-ayrı şəxslərin kitab kolleksiyaları əsasında yaradılmış bu fond məzmun baxımından universal deyildi. Burada bir sıra elm sahələrinə, xüsusən humanitar və təbiətşünaslıq elmlərinə dair ədəbiyyat lazımi səviyyədə deyildi. Bundan əlavə dil baxımından da kitabxananın Azərbaycan ədəbiyyatı fondu digər fondlardan xeyli məhdud idi. Odur ki, Milli Kitabxananın ilk illərdə fəaliyyətinin aparıcı istiqamətini fondun intensiv olaraq milli ədəbiyyatla zənginləşməsi təşkil edirdi. Bu məqsədlə kitabxana məcburi nüsxələrlə yanaşı, özünün komplektləşdirmə mənbələrinin çərçivəsini genişləndirməyə çalışırdı.
Fəaliyyətinin yalnız birinci ili ərzində yüksək inkişaf tempinə malik olan kitabxana 20-ci illərin əvvəllərində artıq öz işini yerləşdiyi darısqal binada həyata keçirməkdə ciddi çətinliklərlə üzləşmişdi. Bunu nəzərə alan Azərbaycan Hökuməti 1924-cü ilin aprel ayında Milli Kitabxana üçün hazırki AMEA Rəyasət Heyətinin binasında yer ayrılması haqqında qərar qəbul etmişdi. Bu bina kitabxananın çoxsaylı maddi-texniki problemlərini bütövlükdə həll etməsə də, yaxın bir neçə il ərzində normal fəaliyyəti üçün nisbətən yararlı idi.
1925-ci ildə Milli Kitabxananın fondunda 48 min 812 nüsxə ədəbiyyat var idi. Bunların 47 min 600 nüsxəsi Avropa xalqları və rus dillərində, 1212 nüsxəsi isə Azərbaycan, türk və digər şərq xalqları dillərində idi. Həmin il kitabxana 2879 oxucuya xidmət edərək, onlara 38 859 nüsxə ədəbiyyat vermişdi. Kitabxananın 100 nəfərlik qiraət zalı hər gün 250-300 nəfər oxucuya xidmət göstərirdi.
Milli Kitabxana 1927-ci ildə SSRİ-nin bütün iri kitabxanalarına müraciət edib onlarda olan Azərbaycan dilində və qafqazşünaslıq problemləri ilə əlaqədar dublet nüsxələrinin kitabxanaya göndərilməsini xahiş etmişdi. Bir il ərzində kitabxanaya Lenin adına SSRİ Dövlət Kitabxanasından, Saratov, Qazan mərkəzi kitabxanalarından, həmçinin Rusiya tarix muzeyindən 1000 nüsxədən artıq ədəbiyyat alınmışdı.
Kitabxanaya ayrılan dövlət vəsaitinin ildən-ilə artması onun kitabları əldə etmək üçün maddi imkanlarını xeyli artırmışdı. Belə ki, kitabxananın büdcəsi 1926-cı ildə 21 min 680 manat, 1927-ci ildə 25 min 369 manat, 1928-1929-cu illərdə 35 min 445 manat, 1930-cu ildə isə 56 min manata çatdırılmışdı. Məhz bu səbəbdən kitabxana bu dövrdə ayrı-ayrı şəxslərdən nadir əlyazmaları və az tapılan böyük tarixi əhəmiyyət kəsb edən kitabları pulla almaq imkanları əldə etmişdi.
Kitabxananın fondu və istifadəçilərinin intensiv şəkildə inkişafını nəzərə alan Azərbaycan Hökuməti 1928-ci ilin sonunda ona yerləşdiyi SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin binasında əlavə sahə ayrılması haqqında qərar qəbul etmişdi. Əlavə sahə əsasən kitab fondunun normal yerləşdirilməsini təmin edirdi.
Milli Kitabxananın elmi-biblioqrafik fəaliyyəti 1927-ci ildən başlanmışdı. Belə ki, yalnız 1927-1928-ci illər ərzində kitabxananın biblioqrafik bürosu tərəfindən digər şöbələrin əməkdaşlarının iştirakı ilə əsasən şərqşünaslıq istiqamətində, Şərqdə qadın hərəkatı, Qafqaz xalqlarının tarixinə həsr edilmiş əsaslı biblioqrafik vəsaitlər hazırlanmışdır.
XX əsrin 20-ci illərinin sonundan başlayaraq kitabxananın metodik fəaliyyəti tədricən yaranmağa başlamışdır. Bu işin ilk nümunələri 1929-cu ildə SSRİ-də, o cümlədən Azərbaycanda Kitabxana yürüşünün başlanması ilə əlaqədar idi. Respublikada kitabxana yürüşü ÜİK(b) P MK-nın 1929-cu il oktyabr ayının 30-da qəbul etdiyi “Kitabxana işinin yaxşılaşdırılması haqqında” qərarından sonra daha da genişlənmişdi.
30-cu illərin əvvəllərində kitabxananın fəaliyyətində nəzərə çarpan yeni keyfiyyət əhaliyə kitabxana xidmətinin elmi əsaslarla təşkil edilməsi, elmi işçilərə kitabxana xidmətinin təkmilləşdirilməsi, bu sahədə yeni, mütərrəqqi iş üsullarının tətbiqi, kitabxana işçilərinin nəzəri səviyyəsinin yüksəldilməsi ilə əlaqədar idi. Bu məqsədlə Milli Kitabxananın nəzdində 25 oktyabr 1928-ci ildə “Kitabxanaşünaslıq dərnəyi” yaradılmışdı.
Beləliklə, XX əsrin 30-cu illərinin əvvəllərində Milli Kitabxananın fəaliyyəti artıq elmi əsaslarla təşəkkül tapmış, onun informasiya ehtiyatları zənginləşmiş, oxuculara xidmət sistemi formalaşmış, tədricən ölkədə baş elmi kitabxana-biblioqrafiya müəssisəsinə çevrilmişdi. Bu işdə kitabxanaya dövlət və hökumət orqanları, elmi ictimaiyyət yaxından köməklik göstərirdi. Kitabxana 1923-1932-ci illər ərzində, yəni öz fəaliyyətinin birinci on illiyində bütöv göstəricilər üzrə uğurla inkişaf edərək əhaliyə kitabxana xidmətində əhəmiyyətli nailiyyətlər əldə etmişdir. Bu dövr ərzində kitabxananın informasiya ehtiyatları orta hesabla 50 dəfə, oxucuların sayı 4 dəfə, kitab verilişi 2 dəfə, kadr tərkibi 3 dəfə, o cümlədən azərbaycanlı kadrların sayı 6 dəfə, büdcəsi 7 dəfə yüksəlmişdir.
Kitabxananın səmərəli fəaliyyəti və kadr siyasəti nəticəsində burada kitabxanaçı-biblioqraf peşəsinə yiyələnən ilk milli kadrlar formalaşmağa başlamışdır.
1933-cü ilin sentyabr ayında Milli Kitabxana SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ XKS-nin qərarı ilə ölkənin mühüm kitabsaxlayıcıları siyahısına daxil edilmiş və ona SSRİ xalqları dillərində bütün müttəfiq respublikaların kitab palatalarından məcburi nüsxə almaq hüququ verilmişdi. Bunun nəticəsi olaraq 1933-1935-ci illər ərzində kitabxana fondu 128 min nüsxə artaraq 260 min nüsxədən 388 min nüsxəyə çatmışdı.
Milli Kitabxananın fəaliyyətində ən əlamətdar hadisələrdən biri onun metodik fəaliyyətinin tədricən formalaşması və respublikada kitabxana işinin elmi əsaslarla təşkilində rolunun yüksəlməsi idi. Bu işin təşkilati baxımdan əsası 1936-cı ildə kitabxananın nəzdində kitabxanaşünaslıq kabinəsinin yaranması ilə qoyulmuşdu. 1939-cu il iyun ayının 1-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Milli Kitabxanaya xalqımızın görkəmli mütəfəkkiri, filosof və dramaturqu Mirzə Fətəli Axundovun adı verilmişdi.
Beləliklə, 1923-1940-cı illər ərzində Azərbaycan Milli Kitabxanasının fəaliyyəti yüksələn xətlə inkişaf etmiş, onun informasiya ehtiyatları, oxucuların tərkibi və kitab verilişinin kəmiyyət və keyfiyyət göstəriciləri intensiv şəkildə artmış, kitabxana özünün mədəni-maarif və informasiya funksiyalarını daha da inkişaf etdirmişdir.
1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması respublikada mədəniyyət, o cümlədən kitabxana quruculuğu sahəsindəki işləri də yarımçıq qoymuşdu. Müharibənin ilk aylarından başlayaraq Azərbaycan SSR Xalq Maarif Komissarlığı kitabxana işinin bilavasitə müharibə şəraitinin irəli sürdüyü vəzifələrə tabe edilməsi istiqamətində təşkilati tədbirlərin həyata keçirilməsi ilə məşğul olmağa başladı. İkinci Dünya müharibəsi Azərbaycan Milli Kitabxanasının kollektivi üçün də ciddi sınaq dövrü olmuşdu.
Milli Kitabxananın fondunun həcmi 1941-ci ildə 7895 nüsxə təşkil edirdisə, 1945-ci ildə bu rəqəm 72 529 olmuşdu. Statistik göstəricilərdən məlum olur ki, müharibənin ilk illərində müvafiq çətinliklərlə əlaqədar fondun zənginləşməsinin həcmi xeyli azalmış, lakin 1943-cü ildən başlayaraq Milli Kitabxananın informasiya resurslarının artımı normal vəziyyətə düşmüşdür. Bunun əsas səbəbi 1943-cü ilin II yarısından Ümumittifaq Kitab Palatası tərəfindən məcburi nüsxələrin göndərilməsinin bərpası və Respublika Kitabxana Kollektorunun yenidən fəaliyyətə başlaması idi. Müharibə illərində və xüsusən 1943-1944-cü illərdə Milli Kitabxananın oxucular arasında təbliğatçılıq fəaliyyətində mövzu sərgiləri geniş yer tuturdu.
Qeyd etmək lazımdır ki, 1944-cü ildən başlayaraq Milli Kitabxanadan istifadə edən oxucuların sayı və tərkibində daha əhəmiyyətli dəyişikliklər baş vermişdi. 1942-1945-ci illərdə isə Milli Kitabxana KAA vasitəsilə müxtəlif fərdi və kollektiv oxuculara 23770 nüsxə ədəbiyyat vermişdi.
Milli Kitabxananın Böyük Vətən Müharibəsi dövründə fəaliyyətini yekunlaşdırarkən qeyd etmək istərdik ki, həmin illərdə oxucuları faşist işğalçılarına qarşı mübarizəyə ruhlandırmaq, onlarda vətənpərvərlik hisslərinin tərbiyə edilməsi Milli Kitabxananın bütün işlərinin ana xəttini təşkil etmişdir. Kitabxana eyni zamanda müharibə şəraiti ilə əlaqədar xalqın mənəvi səfərbərliyi ilə yanaşı bəhs edilən dövrdə Azərbaycan elminin informasiya təminatında da əsaslı rol oynamışdır. Heç də təsadüfi deyil ki. 1945-ci ildə kitabxananın 29 nəfər qabaqcıl işçisi “1944-1945-ci illər Böyük Vətən Müharibəsində fədakar əməyə görə” medalı ilə təltif olunmuşdur.
Müharibədən sonrakı ilk illərdə ölkədə mədəni-maarif müəssisələrinin fəaliyyətinə diqqət xeyli artmış, onlara rəhbərlik sistemi təkmilləşmişdi. 1945-ci ildən respublikanın bütün dövlət kitabxanalarına və o cümlədən Milli Kitabxanaya rəhbərlik 1945-ci il iyul ayında təşkil edilmiş “Azərbaycan SSR XKS yanında Respublika Mədəni-Maarif Müəssisələri Komitəsi” tərəfindən həyata keçirilirdi.
Müharibə illərində ölkədə və o cümlədən Azərbaycanda kitab nəşrinin xeyli zəifləməsi Milli Kitabxananın vətən ədəbiyyatı ilə komplektləşdirilməsinə mənfi təsir göstərmişdi. Artıq 1946-cı ildə kitabxana komplektləşdirmə istiqamətində özünün təşkilatçılıq fəaliyyətini daha da artıraraq fondunun zənginləşməsində əhəmiyyətli nailiyyətlər qazanmışdı. 1946-cı ildə kitabxananın fondunun təşkilində baş verən əlamətdar hadisə milli kitab fondunun təşkili ilə əlaqədar işlərin başlanması oldu.
1947-1950-ci illərdə Milli Kitabxananın fondu daha sürətlə inkişaf edirdi. Bu illərdə Milli Kitabxananın fondunun komplektləşdirilməsi hər il orta hesabla 12-15 min nüsxə artırdı.
XX əsrin 50-ci illəri Milli Kitabxananın da tarixinə əsasən yüksəliş illəri kimi daxil olmuşdur. Bu dövrdə Milli Kitabxananın fəaliyyətinin demək olar ki, bütün istiqamətlərində olduqca əhəmiyyətli uğurlar qazanılmış, fondun inkişafında, oxuculara xidmət işinin bütün sahələrində, kataloq və kartoteka sisteminin yeniləşməsində, elmi-metodik işlərin təşkilində, həmçinin kadr potensialının gücləndirilməsində mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdir. Bu mütərəqqi dəyişikliklər özünü ilk növbədə Milli Kitabxananın informasiya resurslarının sürətli inkişafında, onun mövzu-tipoloji tərkibinin məqsədyönlü formalaşmasında göstərirdi.
1 yanvar 1960-cı ildə Milli Kitabxanada 2 584 424 nüsxə kitab, jurnal, qəzet, xəritə, atlas, təsviri sənət materialları, eləcə də müxtəlif növdə texniki sənədlər cəmləşdirilmişdi. Fondun artımı xüsusən 1956-1959-cu illərdə yüksək səviyyədə olmuşdur. Bunun əsas səbəbi Mərkəzi Kitabxana Kollektorundan alınan məcburi nüsxələrin həcminin artması olmuşdur. 1956-1959-cu illərdə məcburi nüsxələrin illik həcmi 130-135 min nüsxə səviyyəsində idi.
(ardı var)
Kərim TAHİROV,
fəlsəfə doktoru, dosent, əməkdar mədəniyyət işçisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.