“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın icrası ilə əlaqədar Sumqayıt şəhərində yaşayan yaradıcı, istedadlı və ictimai fəal gənclər üçün “Vətənimizi gəzək, öyrənək, sevək!” devizi altında təşkil olunan ikiaylıq “Yay məktəbi” uğurla sona yetmişdir.
Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə, Gənclər və İdman Baş İdarəsi tərəfindən reallaşdırılmışdır. İştirakçılar iki ay ərzində hər həftənin sonunda müxtəlif tərkibli dəstələrlə “Yay məktəbi” proqramının ünvan seçildiyi Qusar rayonuna yola düşərək tarixi yerləri gəzmiş, vətənpərvərlik tədbirlərinə və əyləncəli oyunlara qatılmışlar.
Bu sətirlərin müəllifinin də qoşulduğu ilk yürüş, həmçinin digər səfərlər də Sumqayıtda ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzdən start götürmüşdür. Gənclər Heydər Əliyev Mərkəzi ilə, ümummilli liderin həyat və fəaliyyəti, Sumqayıta tarixi səfərləri barədə materiallarla tanış olmuşlar. Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, onların asudə vaxtının səmərəli təşkili, fəal gənclər arasında qarşılıqlı təcrübə və məlumat mübadiləsinin gerçəkləşdirilməsi məqsədilə keçirilən builki tədbirlərdən bəhs edilmişdir. Həmçinin məlumat verilmişdir ki, son illərdə 7 min nəfərə yaxın yeniyetmə və gəncin Qubadakı “Soyqırımı məzarlığı”na ziyarəti və həmin rayonda mənalı istirahəti təmin edilib. Səfərlərdən öncə mərkəzdə ümummilli liderimiz, müstəqil dövlətçiliyimizin banisi Heydər Əliyevin örnək həyat yolunu əks etdirən fotolar və sənədlərlə tanışlıq olmuş, video-çarx nümayiş etdirilmişdir.
Qusarda qonaqları hər səfərdə rayon gənclər və idman idarəsinin rəhbərləri qarşılamış və müşayiət etmişlər. Bir qayda olaraq, Dövlət Bayrağı meydanında xatirə şəkilləri çəkdirilmiş, ulu öndərin şəhərin ən ucqar yerində ucaldılmış möhtəşəm abidəsi ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuşdur.
Sonra 1918-ci il mart soyqırımı zamanı Qanlı dərə adlanan yerdə erməni quldur dəstələrini məğlub etmiş Qusar və Quba qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülmüşdür. O vaxt Quba qəzasında 16 minədək həmvətənimizin şəhid olduğu, nəhayət, Qanlı dərədə daşnak -bolşevik silahlı dəstələrinin ağır məğlubiyyətə uğrayaraq bölgəni böyük itkilərlə tərk etmələri barədə məlumatlar diqqətə çatdırılmışdır. Soyqırımı qurbanlarının və qəhrəman müqavimətçilərin xatirəsinə bu gözəl abidənin ucaldılması tarixi keçmişimizə ehtiram nümunəsidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış “Şahdağ” qış-yay turizm kompleksi ilə tanışlıq iştirakçılarda zəngin təəssürat yaratmışdır. Sumqayıtlı qonaqlara bu müasir, beynəlxalq istirahət mərkəzi barədə ətraflı məlumat verilmişdir. Kanat səyahətləri hər kəsə unudulmaz təsir bağışlamışdır.
“Yay məktəbi”nin Qusara yollanan son heyətinin tərkibinə Sumqayıtda fəaliyyət göstərən idman məktəbi, cəmiyyət və klublarda məşğul olan perspektivli idmançılar, onların məşqçi-müəllimləri, məhəllə və mikrorayonlar arasında keçirilən futbol yarışında qalib gəlmiş komandaların üzvləri daxil edilmişdi.
Ümumiyyətlə, Sumqayıtın gənclər təşkilatları və qurumlarını təmsil edən, müəssisə və idarələrdə çalışan, o cümlədən, sıralarında Yeni Azərbaycan Partiyası şəhər təşkilatı Gənclər Birliyinin fəal üzvləri, gənc təbib, müəllim və kimyaçılar, ali, orta ixtisas və ümumtəhsil məktəblərində oxuyan yaradıcı, istedadlı və ictimai fəal gənclər daxil olmaqla, ümumilikdə 500 nəfərdən çox təmsilçi bu mövsümdə “Yay məktəbi”ndə iştirak etmişdir.
Səfərlərdə sumqayıtlı gənclərin şərəfinə “Qaya Bulaq” və “Xidir” ailəvi istirahət mərkəzlərində çay və nahar süfrələri açılmış, onların mənalı istirahətləri təşkil edilmişdir. Turlar əyləncəli oyunları, maraqlı diskussiyaları ilə yadda qalmışdır. Azərbaycanın səfalı guşələrindən olan Qusar rayonunun əsrarəngiz təbiəti, sakinlərin qonaqpərvərliyi və mehribanlığı hər kəsə xoş təsir bağışlamışdır.
İştirakçılara xüsusi hazırlanmış köynək, papaq və s. hədiyyələr, həmçinin Sumqayıt, Qusar və bölgənin digər rayonları haqqında qısa məlumatların əks etdirildiyi “Yay məktəbi” proqram-broşürləri təqdim olunmuşdur.
Növbəti “Yay məktəbi” başa çatsa da, xoş xatirələrlə anılır:
Günel Mehdiyeva:
- Hamımız Qusarda unudulmaz anlar yaşadıq. Şəxsən, mən üçüncü ildir ki, “Yay məktəbi”ndə iştirak edirəm. Yaşıdlarla bir araya gəlmək, Vətəni daha yaxından tanımaq və sevmək baxımından bu layihə son dərəcə önəmlidir. Qrupumuzun adından təşkilatçılara minnətdarlığımı bildirirəm.
Gülnarə Ələkbərova:
-Dövlət proqramının icrası məqsədilə keçirilən “Yay məktəbi” Sumqayıt şəhəri rəhbərliyinin gözəl təşəbbüslərindəndir. Sevinirəm ki, mən də bu əyani vətənpərvərlik dərslərində iştirak etmişəm.
Mətanət Məhərrəmova:
-Əladır. Bu dəfə bizim Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt bölməsinin işçi və könüllülər heyəti də tədbirə cəlb edilmişdi. Hamı Qusar səfərindən böyük razılıq hissilə qayıtdı.
Babək Nağıyev:
-Mən müəlliməm. Şagirdlərin hərtərəfli inkişafında belə layihələrin rolu əvəzsizdir. Bəyənir və dəstəkləyirik.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.