Neft Akademiyası elmi-tədqiqat institutları ilə əməkdaşlığı genişləndirir

 

ARDNŞ “Neft-qaz” Elmi-Tədqiqat Layihə İnstitutunda Azərbaycan Dövlət Neft Akademiyasının baza kafedrası yaradılıb. Bunu təhsillə elmin vəhdətinə əsaslı töhfə kimi dəyərləndirmək olar.

Belə bir strukturun yaradılması barədə təşəbbüsü irəli sürən ADNA rektoru, akademik Siyavuş Qarayev ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə məktubla müraciət etmiş, qısa müddət ərzində təşəbbüsə müsbət cavab verilərək, inteqrasiya yoluna yaşıl işıq yandırılmışdır. Beləliklə, hər iki qurumun iştirakı ilə baza kafedrası barədə əsasnamə hazırlanmışdır.

Yeni struktur ADNA-dakı tədris prosesini ölkəmizin neft-qaz sektorunda aparılan elmi-tədqiqat və layihələndirmə işləri ilə koordinasiya etmək, elm və təhsilin istehsalatla inteqrasiyasını gücləndirmək, tələbə və doktorantların tədqiqi və təcrübi biliklərini formalaşdırmaq, neft-qaz-mədən işləri sahəsindəki innovasiyaları tədris prosesinə tətbiq etmək məqsədilə yaradılmışdır. Yaradılan “Neft-qaz-mədən işi” baza kafedrasında bakalavriat və magistratura səviyyələrinə uyğun elmi-tədqiqat işləri aparılacaq, dərslərin tədrisinə isə elmi-tədqiqat layihə İnstitutunun alimləri cəlb ediləcəkdir.

Baza kafedrası barədə əsasnaməni avqustun 28-də ADNA-nın rektoru, akademik Siyavuş Qarayev və “Neft-qaz” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Fəxrəddin İsmayılov imzaladılar. Sənəd kadr hazırlığı və elmi tədqiqatlar sferasındakı ümumi maraqlara əsaslanmaqla, hər iki tərəfin əməkdaşlığını nəzərdə tutur. Baza kafedrasında tədris müəssisəsinin neft-qaz-mədən fakültəsinin nəzdində fəaliyyət göstərən ixtisas kafedralarının və “Neft-qaz” ETLİ-nun laboratoriya və şöbələrinin elmi-texniki baza və kadr potensiallarından birgə istifadə ediləcək. İki təşkilat arasında bağlanmış müqavilə birgə simpozium, seminar və konfransların təşkilini, beynəlxalq layihə və proqramlarda iştirakı, həmçinin elmi əsərlər və dərsliklərin birgə hazırlanmasını nəzərdə tutur.

ADNA-nın qaz-neft-mədən fakültəsinin struktur vahidi olaraq, baza kafedrası fakültə və Neft Akademiyasının elmi şuralarında təmsil oluna bilər. Burada müvafiq ixtisaslar üzrə yuxarı kurs tələbələri təhsil alacaqlar, bakalavrlar tərəfindən buraxılış işləri, magistr və doktorantlar tərəfindən isə dissertasiya işləri yerinə yetiriləcəkdir. Baza kafedrasında tələbələrin istehsalat təcrübələri, fakültənin professor-müəllim heyətinin isə ixtisasartırma keçmələri nəzərdə tutulmuşdur. “Neft-qaz” ETLİ ən yaxşı tələbələrə xüsusi təqaüdlər ayırmaq və təhsili başa vurduqdan sonra onları öz bölmələrində işlə təmin etmək barədə öhdəlik götürmüşdür.

Qeyd etmək lazımdır ki, bu, cari ildə Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən elmi-tədqiqat institutlarında açılan artıq üçüncü baza kafedrasıdır. Əvvəllər müvafiq strukturlar AMEA-nın Geologiya və Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutlarında da yaradılmışdır.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında