ADPU – Şərqdə ilk ali pedaqoji təhsil ocağı

 

 

Avqust ayının 26-da Azərbaycanın ən mötəbər ali məktəblərindən biri, Şərqdə ilk ali pedaqoji təhsil ocağı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaranmasından 92 il ötür. Kəşməkeşli yollar keçmiş bu şanlı təhsil ocağı indi özünün şərəfli tarixini yaşayır.

Azərbaycan xalqının dünya elminə və mədəniyyətinə verdiyi töhfələri, bəşər sivilizasiyasına bəxş etdiyi dühaları ilə fəxr etməyə haqqı var.

Bu gün Nəsirəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Şihabəddin Sührəvərdinin və digər mütəfəkkirlərimizin adları dünya elm aləminə yaxşı tanışdır. Şərqdə, o cümlədən Azərbaycanda təşəkkül tapmış intibah dünya mədəniyyətinin ən parlaq səhifələrindən biridir.

 

Digər sahələrlə yanaşı, Azərbaycan təhsil sahəsində də sanballı uğurlara imza atmışdır. Bunun üçün ilk maarifçilərimizdən olan Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mir Möhsün Nəvvab, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Süleyman Sani Axundov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli və digər vətənpərvər ziyalılarımıza borcluyuq.

Təhsil elə bir ictimai prosesdir ki, millətin, cəmiyyətin inkişafını təmin etmək üçün ona fasiləsiz qayğı göstərilməlidir. Ancaq tarixin bütün mərhələlərində bunu həyata keçirmək mümkün olmur. Çoxəsrlik daxili və xarici çəkişmələrdən sonra, XX əsrdə Azərbaycan xalqı öz müstəqil dövlətini yaratdı, elmdə, incəsənətdə, musiqidə, təhsildə böyük nailiyyətlərə imza atdı.

Bu dövrdə Azərbaycanda baş verən ictimai-siyasi prosesləri araşdırdıqda məlum olur ki, müsəlman Şərqində ilk ali pedaqoji təhsil müəssisəsi məhz Bakıda açılmışdır. Azərbaycan xalqının şanlı oğlu - Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov 1921-ci ilin 26 avqustunda 66 saylı “Azərbaycan Dövlət Pedaqoji İnstitutunun təşkili haqqında” dekreti imzalamaqla öz millətinə misilsiz xidmət göstərdi. Bu ali təhsil müəssisəsinin təşkil edilməsində Azərbaycanın dəyərli ziyalılarından Fətulla bəy Rzabəylinin, Həbib bəy Mahmudbəyovun, Rəhim Cəfərovun, Abdulla Şaiq Talıbzadənin, Məmməd bəy Əfəndiyevin əvəzsiz xidmətləri olmuşdur. Tarixdən göründüyü kimi, bu mötəbər ali təhsil müəssisəsinin açılması Azərbaycanda sovetlər dönəminə düşür. Ancaq Vətənini, xalqını öz canından, qanından üstün tutan, adlarını yuxarıda çəkə bildiyimiz və bilmədiyimiz onlarca ziyalı milli düşüncəsi, milli ruhu tarixin kəşməkeşlərindən çıxaraq günümüzə çatdıra bildilər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişaf tarixini vərəqlədikcə onun zaman-zaman bağlanılaraq digər ali məktəblərə birləşdirildiyinin, dəyərli ziyalılarının - müəllimlərinin repressiyaya məruz qaldığının şahidi oluruq. Bütün bunlara baxmayaraq, xalq məsələsində deyildiyi kimi, haqq nazilər, üzülməz.

Pedaqoji Universitetin məzunları N.Nərimanovun onlara etdiyi tövsiyələri unutmadılar. Onlar xalqımızın gələcək inkişafını təmin edə biləcək zəhmətkeş, cəsur, dəyanətli, dilimizi müstəqil bir şəklə sala biləcək ziyalılar oldular. Bu ziyalıların siyahısına SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü M.Mehdizadəni, SSRİ EA-nın müxbir üzvü Y.Məmmədəliyevi, SSRİ Pedaqoji EA-nın müxbir üzvü A.Abaszadəni, Azərbaycan EA-nın müxbir üzvü M.Cavadovu, SSRİ EA-nın müxbir üzvü H.Abdullayevi və s. daxil etmək olar.

İctimai həyatın bütün sahələrində olduğu kimi, elm və təhsil sahəsində əsl intibah dövrü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbər təyin edildiyi vaxtdan başlayır. Heydər Əliyev Azərbaycanda xalq maarifinin və ali pedaqoji təhsilin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Təsadüfi deyildir ki, ulu öndər respublikaya rəhbərlik etdiyi müddətdə yalnız Azərbaycan Dövlət Pedaqoji Universitetində beş dəfə olmuşdur. Bütün gəlişlərində bu ali təhsil müəssisəsinə fəaliyyətində uğurlar arzulamış, məsləhət və tövsiyələrini vermiş, universitetin qabaqcıl müəllimlərini ölkənin müxtəlif orden və medalları ilə, fəxri adlarla mükafatlandırmışdır. Bütün bunlar isə universitet kollektivini daha yüksək nailiyyətlər əldə etməyə ruhlandırmışdır.

2003-cü ilin oktyabrından sonra da əsası ulu öndər tərəfindən qoyulan milli strategiya müvəffəqiyyətlə davam və inkişaf etdirilir. Bu gün Azərbaycan dünyanın dinamik sürətlə inkişaf edən qabaqcıl ölkələri siyahısında özünə layiqli yer tutub. Avropaya inteqrasiya ictimai həyatın digər sahələrində olduğu kimi, təhsildə də özünü göstərməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor vəzifəsinə AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov təyin edilmişdir.

Qısa zaman kəsiyində universitetdə maddi-texniki baza möhkəmləndirildi. Respublikada ilk dəfə olaraq semestr imtahanlarının kompyuter vasitəsi ilə həyata keçirilməsi universitetin ictimai atmosferində sağlam mənəvi-psixoloji mühitin yaranmasına səbəb olmuşdur. İmtahan sessiyası zamanı universitetdə daxili qaynar xəttin fəaliyyət göstərməsi bəzi neqativ halların vaxtında aradan qaldırılmasına şərait yaratdı.

Son dövrlərdə universitetin hər bir müəlliminə, texniki işçisinə, tələbəsinə, sözün həqiqi mənasında, diqqət və qayğı artmışdır. Diqqəti cəlb edən digər mühüm göstəricilərdən biri yeni ixtisasların - fransız dili, psixologiya, biologiya, gigiyena, ingilis dili ixtisaslarının açılmasıdır. Eyni zamanda, yeni fakültələrin açılması və ya əvvəllər ləğv edilmiş fakültələrin yenidən fəaliyyətə başlaması istiqamətində də ardıcıl, məqsədyönlü iş aparılır. Məhz bu tədris ilində bədii-qrafika ixtisası üzrə qəbul planının əsaslı şəkildə artırılması dediklərimizə əsaslı sübutdur.

Məlum hadisələrdən sonra universitetin tələbə yataqxanalarının məcburi köçkün və qaçqınlar tərəfindən tutulması müəyyən problemlərin yaranmasına səbəb oldu. Hazırda ölkə rəhbərliyinin gərgin əməyi nəticəsində bu insanlar üçün müasir qəsəbələr və yaşayış massivləri tikilib qurtarmaq üzrədir. İnanırıq ki, universitet rəhbərliyi müasir tələblərə cavab verən yataqxanaların yenidən tələbələrin istifadəsinə verilməsinə nail olacaqdır.

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universiteti dünyanın qabaqcıl ali məktəbləri ilə əlaqələr yaradır, elmi-pedaqoji sahədə səmərəli təcrübə mübadiləsi aparır. Bunun nəticəsidir ki, ADPU ilə Fransanın Strasburq, Türkiyənin Hacət Təpə universitetləri arasında qarşılıqlı müqavilə imzalanmışdır.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti, çoxminli tələbə kollektivi əsası ümummilli lider – Heydər Əliyev tərəfindən qoyulmuş və indi də uğurla davam etdirilən milli inkişaf strategiyasını dəstəkləyir, bundan sonra da həmin xəttə sadiq qalacaqlar.

Fazilə HÜSEYNLİ, ADPU-nun iqtisadi-sosial fənlər kafedrasının

baş müəllimi 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında