Bakıda ASAIF-ın XI Yay Forumu işə başlamışdır

Avqustun 30-da “Fairmont Baku”  otelində Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) “Bizim forum, bizim seçim, bizim Azərbaycan” devizi altında XI  Yay Forumu işə başlamışdır.

AzərTAc xəbər verir ki, forumun  açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının  əməkdaşları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri  iştirak etmişlər.

 Əvvəlcə ASAIF-ın yaranma tarixindən bəhs edən videoçarx təqdim olunmuşdur.

  Tədbirdə ASAIF-ın sədri  Ramin Həkimov bildirmişdir ki, üçgünlük tədbirin məqsədi xarici ölkələrdə təhsil alan gənclərin şəbəkələşmə prosesini gücləndirmək, ortaq azərbaycançılıq dəyərləri ətrafında birləşərək respublikamızın xaricdə təbliğinin daha səmərəli təşkilində, informasiya mübadiləsində, təbliğat işinin interaktiv qurulmasında gənclərimizə kömək etməkdir. 

ASAIF-ın sədri diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində Azərbaycan hökuməti tərəfindən dəstəklənən və artıq ənənə halını almış forumda dünyanın 45 ölkəsində təhsil alan 600-ə yaxın azərbaycanlı gənc iştirak edir. Builki forumun əsas yeniliklərdən biri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” əsasında xaricdə təhsil alan gənclərin seçim prosesindən keçmədən birbaşa tədbirə dəvət olunmasıdır.

Forum iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov    Azərbaycanda təhsilə, gənclərə göstərilən qayğıdan və bu sahədə ASAIF-ın gördüyü işlərdən danışmışdır. M.Cabbarov vurğulamışdır ki, respublikamızdan ilk dəfə olaraq 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin təşkilatçılığı ilə 100 nəfər xaricə oxumağa göndərilmişdir. Lakin sonradan onların çoxunun taleyi bəlli olmamışdır. Xaricdə təhsillə bağlı ikinci dalğa isə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə onun Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu 1969-1982-ci illəri əhatə etmişdir. Yüzlərlə azərbaycanlı gənc keçmiş Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almaq üçün göndərilmişdir.  Bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən nazir demişdir ki, hazırda 10 mindən artıq  azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində təhsil alır və onların sayı ildən-ilə artır.

M.Cabbarov bildirmişdir ki, gənclərimizin xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında təhsil almaları Azərbaycanın inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. Nazir dünya universitetlərində təhsil alan və məzun olmuş gənclərlə işlərin bundan sonra daha da genişləndiriləcəyini diqqətə çatdırmışdır.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov gənclərlə birlikdə olmaqdan qürur duyduğunu,   onların qarşısında çıxış etməyin böyük məsuliyyət tələb etdiyini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan 20 illik müstəqilliyi dövründə möhtəşəm inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan dünyanın ən sabit məkanı, iqtisadi cəhətdən ən qabaqcıl ölkələrindən biridir. Bu uğurların qazanılmasında cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin də böyük rolu vardır.

 Gənclərimizin xarici ölkələrdə təhsil almalarının Azərbaycan həqiqətlərinin dünyada təbliğində böyük rolunu qeyd edən     Ağsaqqallar Şurasının sədri gənclərə və məzunlara hər bir sahədə fəallıq nümunəsi göstərməyi, müasir  müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik ənənələrini qorumağı və inkişaf etdirməyi tövsiyə etmiş, forumun işinə uğurlar arzulamışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tədbirdə çıxış edərək  vurğulamışdır ki,  müxtəlif ölkələrdə təhsil alan 600  gəncin forumda iştirakı respublikamızın iqtisadi inkişafının, gücünün əyani sübutudur. Gündən-günə çiçəklənən respublikamızın  bugünkü iqtisadi inkişafı azərbaycanlı gənclərin xaricdə təhsil almalarına geniş imkanlar yaradır.

Prezident Administrasiyasının rəsmisi azərbaycanlı gənclərin xaricdə təhsil almaları və onların simasında Azərbaycanın intellektual potensialının dünyaya tanıdılması istiqamətində böyük nailiyyətlərin əldə olunduğunu bildirmişdir. Gənclərin bütün sahələrdə uğurlarını vurğulayan E.Aslanov demişdir ki, vəzifəsindən, sosial mövqeyindən və yaşadığı yerdən asılı olmayaraq, bütün gənclər Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya  çatdırmalı, ölkəmizi layiqincə təmsil və təbliğ etməlidirlər. 

Şöbə müdiri vurğulamışdır ki, Prezident İlham Əliyev informasiya müharibəsində Azərbaycanın qələbəsindən danışarkən bu məsələdə gənclərimizin üzərinə düşən vəzifələri xüsusi qeyd etmişdir. Həqiqətən, gənclər XXI əsrdə Azərbaycanı yeni uğurlara aparacaq, müstəqilliyimizi daha da  gücləndirəcək qüvvədir. 

Son illər ölkəmizin sürətlə inkişaf edərək Cənubi Qafqazın lider dövlətinə çevrildiyini vurğulayan E.Aslanov demişdir ki, biz eyni zamanda, innovativ iqtisadiyyat qurmaq əzmindəyik. Bu gün Azərbaycan iqtisadi inkişafına görə dünyanın 50 rəqabətədavamlı ölkəsi sırasındadır. Bu uğurların qazanılmasında Prezident İlham Əliyevin xidmətləri danılmazdır. 

E.Aslanov qarşıdan gələn prezident seçkilərində Azərbaycan gənclərinin və ölkə ictimaiyyətinin daha layiqli namizədə səs  verəcəyinə inamını vurğulayaraq demişdir ki, respublikanın sosial-iqtisadi inkişafı, xoş gələcəyi gənclərin seçimindən çox asılıdır.   Şöbə müdiri bu forumun ASAIF-ın gələcək perspektivləri üçün yeni imkanlar açacağına əminliyini bildirmiş, qurumun üzvlərinə    uğurlar arzulamışdır.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov forum iştirakçılarını təbrik etmiş, müxtəlif ölkələrdə təhsil alan gənclərin və məzunların bir araya gətirilməsinə səbəb olan  tədbirin  əhəmiyyətini vurğulamışdır. O bildirmişdir ki, 40-dan çox xarici ölkədə təhsil alan azərbaycanlı gənclərin forumda iştirakı Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına” çevrilməsi ideyasının reallaşmasının parlaq nümunəsidir.

Azərbaycan gəncliyinin fəaliyyətini yüksək qiymətləndirən    Ş.Mövsümov onların xaricdə ölkəmizi təmsil etmələri, intellektli, geniş dünya görüşlü şəxslər kimi yetişmələri üçün  bir sıra uğurlu layihələrin həyata keçirdiyini bildirmişdir. Fondun icraçı direktoru vurğulamışdır ki, ölkələr dünyada təkcə təbii sərvətlərinə görə deyil, həm də ziyalılarına, insan kapitalına görə tanınırlar. Azərbaycanın təbliğində və tanıdılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin də böyük rolu vardır.

Sonra forum işini “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Əlaqələndirmə Şurasının sədri, ASAIF-ın həmtəsisçisi Orxan Əkbərovun moderatorluğu ilə “Gənclik, lobbiçilik, xaricdə təmsilçilik və Qarabağ” mövzusunda panel iclası ilə davam etdirmişdir. 

İclasda xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan danışmış, ölkəmizin  əldə etdiyi nailiyyətlər, iqtisadi inkişaf göstəriciləri haqqında forum iştirakçılarına ətraflı məlumat vermişdir. Nazir müavini bildirmişdir ki, xarici siyasətdə əsas məsələ beynəlxalq iqtisadi əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Azərbaycan qonşu ölkələrlə münasibətlərə xüsusi əhəmiyyət verir və onlarla sabit, uzunmüddətli əməkdaşlığa söykənən əlaqələr qurmuşdur.

Forumun keçirilməsini yüksək qiymətləndirən X.Xələfov ölkəmizdə gənclərə olan dövlət qayğısından söz açmış, son illər xaricdə təhsil alan Azərbaycan gəncliyinin fəallığının artdığını qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bildirmişdir ki, xarici ölkələrdə təhsil alan və məzun olmuş Azərbaycan gənclərinin forumlarının keçirilməsi görülən işlərə qiymət verilməsində və gələcək fəaliyyətin müəyyənləşməsində mühüm rol oynayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu gün ölkəmiz üçün əsas problem olduğunu diqqətə çatdıran F.Məmmədov xaricdə təhsil alan azərbaycanlı gəncləri bu sahədə daha da fəal olmağa çağırmışdır. SAM-ın direktoru gəncləri xarici ölkələrdə ölkəmizi təmsil etməklə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləməyə çağırmışdır.

Sonra mövzular ətrafında müzakirələr aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Avqustun 31-də forumun işi panel iclasları ilə davam etdiriləcəkdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında