“Geoloji tariximizə nəzər”

 

Geologiya ən maraqlı elm sahələrindən biridir. Bu elmi nəhəng bir ağaca bənzətmək olar. Onun petroqrafiya, mineralogiya, geokimya, kristalloqrafiya, stratiqrafiya, paleontologiya, neft geologiyası, geofizika, tektonika, vulkanologiya və s. kimi müxtəlif sahələri mövcuddur. Geologiyanın tarixi dedikdə bu elm sahələrinin yaranma və inkişaf tarixi nəzərdə tutulur.  Həmçinin Günəş qalaktikasının, Yer planetinin, habelə yer təkində və səthində gedən müxtəlif geoloji proseslərin, onların baş vermə səbəblərinin öyrənilməsi daxildir.

Professor Hikmət Mahmudovun geniş oxucu kütləsi üçün yazdığı “Geoloji tariximizə nəzər” adlı kitabda geologiyanın və onun müxtəlif sahələrinin tarixi ilə bağlı bir çox məsələlər araşdırılır və öz lazımi həllini tapır. Məlumdur ki, təbiət hadisələrinin baş vermə səbəbləri, yerin əmələ gəlməsi və onun tarixi elmi nöqteyi-nəzərdən hələ də geniş oxucu kütləsinə lazımı səviyyədə aydın deyildir. Bu baxımdan kitabın yazılmasını vacib və məqsədəuyğun hesab edirik. Burada yerin quruluşu və yer qabığında, habelə onun səthində müxtəlif dövrlərdə baş verən geoloji, astronomik, bioloji və s. proseslər və onların yaranma xüsusiyyətlərinə dair məlumatlar ətraflı və inandırıcı faktlarla oxucuya çatdırılır.

Bu gün Azərbaycanda ucalan sıldırım zirvələr, dumanlı dağlar, zümrüd meşələr, yamyaşıl çəmənlik və düzənliklər, dərin dərələr, habelə Xəzər dənizi, faydalı qazıntı yataqları, zəngin neft-qaz yataqları diqqəti cəlb edir və bunların hamısı çox qədim geoloji tarixə malikdir. Belə ki, bu tarix milyon illərlə ölçülür. Azərbaycan ərazisində  Şahdağ, Babadağ, Qoşqar, Mirab, Kəpəz, Talış dağları və digər dağ sistemləri əmələ gəlmişdir. Onlar dəfələrlə enib-qalxmış, sonralar aşınmış və hətta müəyyən dövrlərdə düzənliklərə çevrilmişlər. Odur ki, Azərbaycanın geoloji tarixi, ümumiyyətlə, geoloji tarix adi tarix hesablana bilməz.

Yerin əmələ gəlməsi barədə müxtəlif dövrlərdə müxtəlif fərziyyələr bir çox dünya alimləri tərəfindən irəli sürülmüşdür. Bu  alimlərin fikirlərinə görə Günəş sistemi qaz-toz dumanlığından və xırda meteorit yığımından əmələ gəlmişdir. Azərbaycanın geoloji quruluşunun öyrənilməsi məsələsinə gəldikdə isə bu həm nəzəri, həm də təcrübi cəhətdən böyük əhəmiyyət kəsb edir. Respublikamızın dağ və aran sahələrində tükənməz yeraltı sərvətlər mövcuddur.  Bunları aşkara çıxarıb xalqın istifadəsinə vermək üçün respublikamızın geoloji quruluşunun hərtərəfli öyrənilməsi çox vacibdir.

Tarixi sənədlərdən göründüyü kimi, Qafqazın və Azərbaycanın geoloji quruluşunun mütəmadi şəkildə öyrənilməsi XIX əsrin ikinci yarısından başlanır. Bu, Qafqaz geologiyasının banisi akademik G.V.Abixin adı ilə bağlıdır. O, ömrünün 30 ilini Qafqazın geoloji quruluşunu, burada yayılan süxurların tərkibini, paleontoloji qalıqlarını, buzlaqlarını, faydalı qazıntı yataqlarını, palçıq vulkanlarını öyrənməyə, habelə Qafqazın geoloji xəritəsini tərtib etməyə sərf etmişdir. Odur ki, akademik G.V.Abixi “Qafqaz geologiyasının atası” adlandırırlar.  

Azərbaycanın geoloji quruluşunun, faydalı qazıntılarının, mineral sularının və s. öyrənilməsində akademik G.V.Abixlə yanaşı, inqilabdan sonra bura gələn rus alimlərinin də adlarını qeyd etmək lazımdır. Rus geoloqları Azərbaycanın geoloji quruluşunu öyrənməklə bərabər, milli geoloqların hazırlanmasına da böyük kömək göstərmişlər. Məhz o dövrdən başlayaraq Azərbaycanda geologiya elminin müxtəlif sahələri üzrə bir sıra görkəmli alimlər  yetişmişdir. Onlardan M.Qaşqayı, Ş.Əzizbəyovu, Ş.Mehdiyevi, M.Əliyevi, Ə.Əlizadəni, Ə.Sultanovu, A.Əliyevi, B.Babazadəni, Ə.Yaqubovu, H.Şıxəlibəylini, A.Vəzirzadəni, Ə.Xəlilovu, H.Əhmədovu, Q.Sultanovu, C.Xəlilovu, H.Kərimovu, R.Abdullayevi, İ.Mustafayevi və başqalarını göstərmək olar.

Respublikamızın keçmiş geoloji tarixinə nəzər salsaq deyə bilərik ki, Azərbaycanın milyon illər bundan əvvəl olan ümumi mənzərəsi, quruluşu, relyefi, çayları, dağları və s. heç də bugünkü vəziyyətdə olmayıb. Belə ki, yer qabığı daim müxtəlif dəyişikliklərə məruz qalmışdır. Bu gün ucalan əzəmətli dağ silsilələrinin yerində vaxtilə dənizlər, indi gördüyümüz geniş düzənliklərin yerində isə  zirvəli dağlar olmuşdur. Yerin bu cür dəyişməsinin əsas səbəbi bir tərəfdən onun daxili enerjisi, digər tərəfdən isə üzərini daim qızdıran günəş şüalarının təsiridir. Azərbaycan ərazisi isə qədim keçmişlə müqayisədə bu gün daha sakit geoloji vəziyyətdədir.

Kitabda Azərbaycanın filiz yataqlarının əmələ gəlməsi prosesinə geniş diqqət yetirilir. Məlum olduğu kimi, bu proses yer qabığının üst qatlarına qalxan maqmanın fəaliyyəti ilə bağlı olub hidrotermal proseslərlə əlaqədardır. Daşkəsənin dəmiri, kobaltı, Çıraqdərənin piriti, Covdarın bariti, Gədəbəyin misi, qızılı və digər yataqlar məhz bu yolla əmələ gəlmişdir.

“Geoloji tariximizə nəzər” kitabında geologiya elminin müxtəlif sahələri, onların yaranma səbəbləri və hər sahənin dünyada, habelə Azərbaycanda öyrənilmə tarixinə dair çox zəngin və maraqlı məlumatlar vardır. Kitabda həmçinin yerin tarixi, onun müxtəlif təbəqələrində gedən geoloji proseslər, çoxsaylı dəyişmələr, zəlzələlər, vulkanlar, sürüşmələr, faydalı qazıntılar və onların əmələ gəlmə səbəbləri barədə də ətraflı məlumatlar verilir. Əsərdə vulkanların zəlzələlərlə əlaqəli olması barədə söylənilən fikir də maraq doğurur. Bu iki hadisə arasında müəyyən yaxınlıq və sıx əlaqənin olması şübhəsizdir. Hər iki hadisənin yer qabığının formalaşdığı ilk dövrlərdən, yəni 4,5–5 milyard il əvvəldən indiyə kimi davam etdiyi məlumdur. Onu da qeyd edək ki, bugünkü qitələrin müasir formada olması məhz bu proseslərlə sıx əlaqədardır.

Bir çox qədim vulkan izlərinə indi də rast gəlmək mümkündür. Kitabda dağların, dağ süxurlarının, düzənliklərin yaranmasından və onların pozulması xüsusiyyətlərindən, geologiya elminin yaranma zərurətindən, dənizlərin bir yerdən digər yerə hərəkət etməsindən, bitki və heyvanat aləminin meydana gəlməsindən və bir çox digər vacib məsələlərdən bəhs olunur. Bütün bunlarla yanaşı, kitabda bəşəriyyətin maddi mədəniyyətinin inkişaf tarixində mineral sərvətlərin rolundan, onların əmələ gəlməsindən və bir sıra elementlərin radioaktivlik xüsusiyyətlərindən, gələcəkdə onların enerji mənbəyi kimi istifadə edilməsi imkanlarından, elementlərin radioaktiv parçalanma yolu ilə müəyyən geoloji obyektlərin yaşının öyrənilməsindən və geologiya elminin tarixi ilə bağlı bir çox digər  məsələlərdən ətraflı söhbət açılır.

“Elm” nəşriyyatında yenicə çap olunmuş “Geoloji tariximizə nəzər” adlı bu kitab Azərbaycan geologiya elmi tarixinə dair nəşr olunmuş yeganə və nadir əsərdir. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitunun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudovun uzun illər apardığı geniş geoloji araşdırmalarının və  çoxşaxəli elmi tədqiqat işlərinin nəticəsidir.

İbrahim QULİYEV,

AMEA-nın vitse-prezidenti, akademik


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında