Azərbaycan dili milli dövlətçiliyimizin əsas atributlarından biridir

 

 

 

Müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, dil siyasətində də ulu öndərin strateji kursuna sadiq qalaraq onun siyasi xəttini dönmədən və uğurla həyata keçirir. Dövlət dilinin qorunması və işləkliyinin təmin edilməsi ölkəmizdə müstəqil dövlət quruculuğunun prioritet istiqamətlərindəndir. Ümummilli liderimiz Heydər Əliyev hələ sovet dövründə mərkəzin ciddi müqavimətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail ola bilmişdi.

Azərbaycan dilinin müstəqil Azərbaycan Respublikasının ulu öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmlş Konstitusiyasının 21-ci maddəsində təsbit edilmiş dövlət dili statusu isə artıq deklorativ yox, tam əməli xarakter daşıyır. Konstitusiyanın qəbulundan keçən sonrakı illər ərzində bu məsələnin ayrı-ayrı konkret cəhətlərinə dönə-dönə qayıdılması, ana dilimizin rəsmi statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif qanun, fərman və sərəncamların verilməsi dövlətimizin bu məsələyə nə qədər böyük önəm verdiyini sübut edir:

 – “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli fərmanı;

– “Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı;

– “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun          (30 sentyabr 2002-ci il);

– “Azərbaycan Respublikasında Dövlət Dili haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanı.

Bütün bu sənədlər müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmışdır.

Prezident İlham Əliyev ulu öndərin dil siyasətini inamla davam etdirərək 12 yanvar 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam imzalamış, 5 avqust 2004-cü ildə isə həmin sərəncamın tətbiqini reallaşdırmaq məqsədilə “Azərbaycan dilində orfoqrafiya qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti xüsusi qərar qəbul etmişdir.

Latın qrafikalı yeni Azərbaycan əlifbasının həyata keçirilməsinin xalqımızın ümumi mədəni inkişafına və ölkəmizin dünya birliyinə mədəni inteqrasiyasına yardımçı olmasını praktikada təmin etmək məqsədilə Prezident İlham Əliyev sonrakı iki ildə dünya ədəbiyyatı klassikasının Azərbaycan dilində nəşri ilə bağlı daha iki sərəncam imzalamışdır.

Xalqın böyük əksəriyyəti tərəfindən tam razılıqla qarşılanan bu sənədlər dövlət dilimizin rəsmi statusunun həyatın bütün sahələrində qeyd-şərtsiz təmin olunmasını, tədrisinin və tədqiqinin yaxşılaşdırılmasını, işləkliyinin genişləndirilməsini və saflığının qorunmasını nəzərdə tutur. Bu sənədlər dövlət dilinə məhz dövlətçilik atributu kimi yanaşmanın, ən yüksək səviyyədə diqqət və qayğının bariz nümunəsidir.

Fikrimizin təsdiqi üçün “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun bəzi müddəalarını yada salaq:

– Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur;

– Azərbaycan Respublikası dövlət dilinin işlənilməsini, qorunmasını və inkişafını təmin edir;

– Dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi dövlətin əsas vəzifələrindəndir;

– bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır;

– Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan ədəbi dilinin normalarına riayət olunmasını təmin etməlidirlər;

– Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilməlidir;

– Azərbaycan Respublikası ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır;

– bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Göründüyü kimi, dil normalarının pozulması, sadəcə olaraq, linqvistik qaydaların yox, həm də dövlət qanununun pozulmasıdır və ona saymazyana yanaşanlar yalnız ictimai rəy qarşısında deyil, həm də qanunvericilik normaları qarşısında məsuliyyət daşımalıdırlar. Qanuna hörmətlə yanaşmaq isə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ən mühüm amillərindən biridir.

Müasir dünya xalqlarının və dövlətlərinin taleyində son dərəcə mühim  rol oynayan, ölkələrin sosial-siyasi, mədəni inteqrasiyasına və iqtisadi tərəqqisinə stimul verən qloballaşma prossesləri bütün böyük hadisələr kimi, müsbət xüsusiyyətləri ilə yanaşı, bəzi mənfi cəhətlərə də malikdir. Bu sırada ilk növbədə xalqların milli-mənəvi dəyərlərinin aşınmaya məruz qalma və unudulma təhlükəsini qeyd etmək lazımdır. Bu hal milli-mənəvi dəyərlərin yabançı təsirlərdən qorunması zərurətini çağdaş dövrdə dünya xalqlarının qarşısında duran ən vacib vəzifələrdən birinə çevirmişdir.

Şübhəsiz ki, hər bir xalqın mənəvi sərvətləri sırasında həmin xalqın ana dilinin heç bir dəyərlə müqayisəyə gəlməyən müstəsna əhəmiyyəti vardır. Ana dili xalqın varlığını təmin edən ən dəyərli amildir. Xalq bütün maddi və mənəvi sərvətlərini, hətta torpaqlarını itirib yalnız dilini saxlasa, öz varlığını qoruyub mühafizə edə bilər. Lakin, tarixin də dəfələrlə sübut etdiyi kimi, bütün sərvətlərini saxlayıb, dilini itirən xalq məhvə məhkumdur. Ana dili yalnız sadəcə ünsiyyət vasitəsi deyil, xalqın dünyagörüşünün, düşüncə tərzinin, ümumən mənəvi varlığının ifadə vasitəsidir. Buna görə də müasir beynəlxalq inteqrasiya şəraitində ana dilimizin qorunması, əsas mənəvi dəyər kimi onun toxunulmazlığının və işləkliyinin təmin edilməsi bir millət və dövlət olaraq bizim ən başlıca vəzifəmizdir.

Vətəndaşların bir qisminin düşüncəsinə görə, dilimizin qorunması uğrunda mübarizəyə zəruri ehtiyac yoxdur. Onların fikrincə, Azərbaycan dilinin başı üzərində ciddi narahatlığa səbəb ola biləcək real təhlükə duyulmur. Nəinki daxil olduğu türk dilləri ailəsində, eləcə də mədəni dünyanın inkişaf etmiş dilləri sırasında lüğət tərkibinin zənginliyi, qrammatik sisteminin mükəmməlliyi, üslubi və funksional imkanlarının genişliyinə görə heç bir dildən geri qalmayan, on milyonlarla insanın ünsiyyət vasitəsi kimi işlənən, geniş şəbəkəli informasiya vasitələri, radio və televiziya kanalları, nəşriyyatları, elmi-tədqiqat müəssisələri, zəngin klassik və müasir ədəbiyyatı, minlərlə orta, onlarca ali məktəbi əhatə edən təhsil sistemi, nəhayət, suveren bir dövlət tərəfindən təmin edilən dövlət dili statusu olan Azərbaycan dilini nədən, ya kimdənsə qorumağa, onun taleyi üçün narahatlıq keçirməyə nə hacət? Bu cür düşünənlərin, əlbəttə, öz məntiqi var, ancaq, təəssüf ki, real vəziyyət onların düşündüyü qədər sadə və birmənalı deyil.

Bu baxımdan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikasi Prezidentinin 23 may 2012-ci il tarixli sərəncamının  dövlətimizin və onun rəhbərinin ana dilimizin qorunmasına və inkişafına qayğısının ən bariz nümunəsi kimi dəyərləndirilməsi təsadüfi deyildi.

Sərəncamda qeyd olunduğu kimi, “ölkəmizin zaman-zaman müxtəlif imperiyaların tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta ən ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mənəvi dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətədaşının müqəddəs borcudur”.

Bəhs olunan sərəncam Azərbaycan dövlətinin ana dilimizlə bağlı qəbul etdiyi ən mühüm hüquqi sənədlərdən biridir. Sənəddə dil siyasəti sahəsində xüsusi Dövlət Proqramının qəbul edilməsi zərurəti belə əsaslandırılırdı: “Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili  xalqımızın ictimai-siyasi, sosial-iqtisadi həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı tarixi sənədlər sayəsində ədəbi dilimizin fəaliyyət meydanı daha da genişlənmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütünlüklə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır... Bununla yanaşı, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə, dövlət dilinin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir.” Sərəncamda daha sonra deyilir: “Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi, ...həmçinin gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dil normalarına ciddi surətdə əməl edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır.”

Dövlət Proqramının layihəsi mətbuatda dərc olundu, mütəxəssislərin, mətbuat təmsilçilərinin, dövlət qulluqçularının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunduqdan sonra, bir sıra təkliflər nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edildi. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramı dil haqqında indiyə qədər qəbul edilmiş digər sənədlərdən fərqli olaraq, yalnız mövcud vəziyyəti dəyərləndirmir, həm də ədəbi dilimizin qorunması və inkişaf etdirilməsi, ümumən dil siyasəti sahəsində qarşıda duran vəzifələri müəyyənləşdirir. Sənəddə qeyd olunduğu kimi, “elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. ...Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.”

Proqramda nəzərdə tutulan müddəaların yerinə yetirilməsi üçün AMEA, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası kimi qurumların qarşısına konkret vəzifələr qoyulmuşdur.   

Müstəqillik illərində ana dilimizin  dövlət dili statusunun təmin edilməsi üçün qeyd etdiyimiz rəsmi sənədlərdən əlavə, bir sıra mühüm əməli tədbirlər də həyata keçirilib. Bu baxımdan ali məktəblərə qəbul zamanı Azərbaycan dili üzrə imtahanın bütün ixtisas qrupları üçün mütləq olmasını, rus bölməsi üzrə orta məktəblərin buraxılış, ali məktəblərin qəbul imtahanlarında Azərbaycan dili üzrə sualların zəruri xarakter daşımasını, telekanallarda veriliş və filmlərin Azərbaycan dilində yayınlanmasını xüsusi vurğulamaq lazımdır.

Görülən tədbirlərin praktik nəticələri də göz önündədir. Ölkəmizdə toplu halında yaşayan digər xalqların (milli azlıqların) ünsiyyət vasitəsi kimi Azərbaycan dilindən istifadə edilməsi nəzərəçarpacaq qədər artmışdır. Əvvəllər Azərbaycan dilində danışa bilməyən,  yaxud danışmaq istəməyən çoxlu sayda ictimai xadimlər, siyasətçilər, ziyalılar, sənətçilər, məmurlar, sıravi vətəndaşlar indi bu dildə danışırlar (ən azı buna cəhd edirlər). Ancaq ana dilimizin taleyinə maksimum tələbkarlıq mövqeyindən yanaşmaq zərurəti göstərir ki, bütün bunlar hələ kifayət deyildir. Görüləsi işlər hələ də çoxdur. 

Dövlət dilinin işlədilməsinə biganə münasibətə bütün sahələrdə qəti olaraq son qoyulmalıdır. Bu dili işlətməyin şərəfliliyini, nüfuz və hörmət gətirdiyini insanların beyninə yeritmək, ictimai şüurun atributuna, ümumi davranış normasına çevirmək lazımdır. 

Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu nəzərə almayan bəzi mətbuat orqanlarında, telekanallarda, elektron informasiya vasitələrində ədəbi dil normalarının pozulması halları və hətta ictimai rəyin ziddinə olaraq, Dövlət Proqramının tələblərinə müqavimət cəhdləri müşahidə olunur. Tərcümə və dublyaj nümunələrinin mətni dilimizin zəngin ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı bir sıra reklam lövhələrində, müxtəlif müəssisələrin ad göstəricilərində, digər tərtibat elementlərində Azərbaycan dilinin leksik və qrammatik normaları, dövlət dilinin tətbiqi prinsipləri kobudcasına pozulur.

Bir çox hallarda dilimizin tarixinə və mənşəyinə dair səsləndirilən yanlış və qərəzli mülahizələrə vaxtı-vaxtında tutarlı cavab verilmir. Bəzi hallarda elmi tədqiqatlar üçün müasir  dünya dilçiliyinin nəzəri səviyyəsindən geri qalan, heç bir ciddi praktik əhəmiyyət daşımayan bəsit mövzular seçilir.

Azərbaycan dilində müasir dövr üçün zəruri kommunikasiya vasitəsi sayılan internet resurslarının azlığı, onlarda Azərbaycanın tarixi və müasir həqiqətlərinin kifayət qədər əks olunmaması, dilimizi öyrənmək istəyən əcnəbilər üçün tədris vəsaitlərinin müasir tələblərə cavab verməməsi real problemlərdir.

Bütün bu çatışmazlıqların aradan qaldırılması məqsədilə Dövlət Proqramında  dövlətimizin  başlıca rəmzlərindən olan ana dilimizin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ana dilimizin öyrənilməsi və tədrisi sahəsində vəziyyətin yaxşılaşdırılmasını, dilçi mütəxəssislərin elmi yaradıcılıq axtarışlarının stimullaşdırılmasını, ümumilikdə qloballaşma şəraitində ana dilimizin dövrün tələblərinə uyğun istifadəsini təmin edəcək vəzifələr irəli sürülür .

Azərbaycan torpağı bizim maddi Vətənimiz olduğu kimi, Azərbaycan dili də mənəvi Vətənimizdir. Dövlət dilinin hüdudlarının qorunması dövlət sərhədlərinin qorunması qədər vacib məsələdir və ümummilli vəzifə kimi dərk olunmalıdır.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013-cü il tarixli sərəncamında deyilir: “Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük milli sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır”. Azərbaycan dövlətinin dil siyasəti ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi bu prinsipə əsaslanır.

İlham ABBASOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında