Hər gün Füzuli prospektindəki binaların birindən kübar çöhrəli bir şəxs çıxaraq iş yerinə - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına gəlir. Akademiyanın qapısından girməzdən əvvəl qarşıdakı möhtəşəm binaya doğma bir nəzərlə baxır. O, bu binadakı mərtəbələri, otaqları bir anlıq xatirə süzgəcindən keçirir. Axı ömrünün böyük bir hissəsi bu binadakı otaqlarda keçib. Gəncliyi bu binanın sadə bir otağından başlamış, sonra vəzifə dəyişdikcə otaqlar da dəyişib...
Hər bir şəxs həyatının hər hansı pilləsində dönüb arxaya - keçib gəldiyi ömür yoluna baxanda xoş xatirəyə dönmüş anları, günləri görürsə və bu anlar, günlər xalqa, Vətənə xidmətdirsə, bundan şərəfli, mənalı həyat ola bilməz.
"Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanlar həyatları boyu cəmiyyətdə, insanlar arasında alnıaçıq, başı uca olurlar. Ona görə ki, belə insan öz ömrünü - öz həyatını xalq yolunda şama döndərir. Öz xoşbəxtliyini, səadətini, varlığını vətənə xidmətdə görür. Həm də bu xidmət saf, təmiz, ləyaqətli ola.
Belə insanları cəmiyyət şəxsiyyət kimi qəbul edir, onların sözünə, fikirlərinə hörmətlə yanaşır. Onlar millətin genofondudur, mənəvi xəzinəsidir. Dediyimiz insanlardan biri də görkəmli ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor Namiq Axundovdur. Namiq Atalla oğlu Axundov 1940-cı il aprelin 7-də Azərbaycanın dilbər güşələrindən biri olan Lənkəran şəhərində anadan olmuşdur. Ancaq ailəsi Bakıya köçdüyünə görə onun uşaqlığı da Bakıda, İçərişəhərdə keçmişdir. 1957-ci ildə orta məktəbi bitirib. Çoxları orta məktəbi qurtarıb ali məktəbə gedir, gənc Namiq isə ailəyə kömək etmək üçün zavodda işə girir. Ali təhsili olmasa da yüksək savadı, yorulmaz işguzarlığı vardı. Tezliklə kollektivin hörmətini qazanır. İclaslarda onun ağıllı, uzaqgörən çıxışları həmişə hörmətlə qarşılanır. Çox keçmir gənc Namiqin adı o zaman çox hörmətli gənclər təşkilatı olan komsomol sıralarında çəkilir. Namiq Axundov birbaşa Azərbaycan LKGİ MK-ya təlimatçı təyin edilir. 1962-ci ildən başt verdi. 1966-cı ilə kimi Namiq bu vəzifədə çalışır. Onun işgüzarlığı burada da öz sözünü deyir. Cəsarətli çıxışları, milli ruhu ona hörmət, həm də diqqət yaradır.
1966-cı ildə əvvəlcə LKGİ MK-da Gənclər Komitəsinin sədr müavini, sonra isə sədri təyin olunur. 1969-cu ildə N.Axundov Azərbaycan SSR Nazirlər Sovetinin referent vəzifəsinə irəli çəkilir. Elə bu vaxt o, ali təhsil almağın vacibliyini hiss edir. Həmin il qəbul imtahanlarını müvəffəqiyyətlə verib Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olur. İnstitutu bitirən Namiq ikinci təhsil almağı qərara alır. 1974-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili fakültəsinə daxil olur və 1978-ci ildə oranı bitirir.
Bu illər Namiq müəllim artıq yüksək dairələrdə, MK-da də tanınır. O isə gənclik həvəsi ilə həm rəyasət pillələri ilə qalxır, həm də təhsilini artırmaqda davam edir. Bunların hər ikisi o zaman Namiq müəllim üçün qoşa qanad idi.
1982-ci ildə Namiq müəllim Azərbaycan KP MK-nın beynəlxalq əlaqələr şöbəsinə müdir müavini vəzifəsinə irəli çəkilir. 1985-ci ilə kimi bu vəzifədə çalışır, sonra ona şöbə müdirliyi həvalə olunur. Mərkəzi Komitədə beynəlxalq əlaqələr şöbəsi çox mühüm və məsuliyyətli şöbələrdən biri idi. Bu şöbədə işləyən adam bütün işgüzar xüsusiyyətlərə malik olmaqla yanaşı, həm də xarici siyasəti, beynəlxalq münasibətləri yaxşı bilməliydi. O günləri xatırlayan Namiq müəllim həmişə fəxrlə deyir ki, ulu öndər Heydər Əliyevlə işləmək özü bir məktəb idi. Bütün sahələri dərindən bilən Heydər Əliyev Azərbaycanı təkcə SSRİ-də yox, bütün dünyada tanıtmaq istəyirdi. Xarici ölkələrdə keçirilən Azərbaycan günləri bu sahədə çox böyük əhəmiyyətə malik idi.
1986-cı ildə Namiq müəllim Moskva İctimai Elmlər Akademiyasının Beynəlxalq əlaqələr şöbəsini bitirir, bir il sonra həmin institutda namizədlik dissertasiyası müdafiə edir. 1989-cu ilə kimi MK-da şöbəyə başçılıq edir. Burada işlədiyi müddətdə doğma xalqı və respublikası üçün bir çox vacib təşəbbüslər irəli sürür və bu təşəbbüslər böyük azərbaycanlı Heydər Əliyev tərəfindən dəstəklənir. Bu baxımdan, onun təşəbbüsü ilə 1970-1980-cı illərdə Fransa, Almaniya, İtaliya, Avstriya, İsveçrə, Yaponiya, Seneqal və s. ölkələrdə keçirilən Azərbaycan günləri xüsusi qeyd olunmalıdır. "Vətən" cəmiyyəti də Namiq müəllimin təşəbbüsü ilə yaranmışdı. Azərbaycanda "Vətən" cəmiyyətinin yaranması Sov.İKP MK-da beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Karen Nersesoviç Brutensin və Sov. İKP MK-da şöbə müdirinin 1-ci müavini Georgi Şahnazarovun - bu erməni daşnaklarının kəskin müqavimətinə tuş gəldi. Onlar deyirdilər ki, "Vətən" cəmiyyətinin yaranması azərbaycanlıların guya millətçiliyini artırır. Ancaq Heydər Əliyevin səyi sayəsində onların cəhdləri puça çıxdı.
İşinin və fəaliyyət dairəsinin gərgin və geniş olmasına baxmayaraq Namiq müəllim elmi işini də davam etdirir. 1991-ci ildə o, Moskva İctimai Elmlər Akademiyasında doktorluq dissertasiyasını müdafiə edir. Bu dəfə də ermənilər ona qarşı çıxırlar. Ancaq çayın həmişə axarına qarşı durmağı bacaran Namiq Axundov özünün elmi məntiqi ilə bu dəfə də erməniləri susdura bilir...
1985-ci ildə Namiq müəllim Azərbaycan Ali Sovetinin deputatı seçilir və Ali Sovetin sessiyasında xarici işlər üzrə komissiyanın sədri seçilir.
Namiq müəllim harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq heç vaxt milli qayədən uzaqlaşmayıb. O, hər yerdə və hər zaman öz xalqını, öz yurdunu əsl vətəndaş qəlbi ilə sevmiş və buna da xidmət etmişdir.
Namiq müəllimin tutduğu kürsülər imkan vermişdi ki, dünyanın ən tanınmış şəxsləri ilə görüşsün, onlarla təmasda olsun. Bu şəxslər içərisində dövlət xadimləri də, ictimai-siyasi xadimlər də, hesabında milyardlar olan iş adamları da olubdur.
Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə bütün varlığı ilə çalışanlardan, bu mübarizənin ön sıralarında gedənlərdən biri də məhz Namiq müəllimdir.
1992-ci ildə Namiq müəllim Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsinə gətirilir. Burada o, 1997-ci ilə kimi işləyir.
Vətənə, xalqa bütün varlığı ilə onun xidmətləri, rəşadətli əməyi vaxtında və dəyərincə qiymətləndirilmişdir. Bu fədakar insan "Xalqlar Dostluğu" ordeni, Əmək igidliyi medalı ilə təltif olunmuşdur. Dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanlarına layiq görülmüşdür. SSRİ Sülhü Müdafiə Komitəsinin Rəyasət Heyətinin, Asiya və Afrika Ölkələrinin Həmrəylik Komitəsinin Rəyasət Heyətinin üzvü seçilmişdir.
Namiq müəllim təkcə Azərbaycanda və keçmiş SSRİ miqyasında deyil, bizim ölkənin hüdudlarından çox-çox uzaqlarda da tanınırdı. O, Nyu-Orlean (ABŞ) və Luiziana (ABŞ) ştatının paytaxtı Boten Ruj şəhərinin fəxri vətəndaşı seçilmişdir.
Bundan başqa o, Neapol (İtaliya), Lüdvikshafen və Maynts (Almaniya) şəhərlərinin medalları ilə təltif olunmuşdur. Bura biz ona həm də bir sıra beynəlxalq təşkilatların verilmiş medal və mükafatlarını da əlavə edə bilərik.
Namiq müəllimin bir alim, mütəxəssis kimi pedaqoji fəaliyyəti diqqətə layiqdir. 1999-cu ildən bu günə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müəllimi, dosenti, professoru kimi fəaliyyət göstərmiş, 2004-cü ildən bu günə kimi isə magistraturanın dekanıdır.
Pedaqoji fəaliyyəti dövründə Namiq müəllim onlarla aspirant və dissertanta rəhbərlik etmiş, gənc alimlərin yetişməsində çox böyük zəhmət çəkmişdir. O, hamıya doğma, olduqca həssas bir qayğı göstərir. Rəhbərlik etdiyi aspirant və dissertantların vaxtında müdafiə etmələri üçün yorulmadan çalışır. Hər hansı bir gənc müdafiə edəndə bəlkə də ən çox sevinən paklıq və saflıq mücəssiməsi Namiq müəllim olur.
Professor Namiq Axundov pedaqoji fəaliyyəti ilə bərabər beynəlxalq münasibətlər sahəsində xeyli dərslik və monoqrafiyalar yazıb nəşr etdirmişdir. Bunlardan "Azərbaycan və Beynəlxalq Parlament təşkilatları", "Avrasiya. Əsas coğrafi, siyasi və iqtisadi göstəriciləri", "Amerika. Əsas coğrafi, siyasi və iqtisadi göstəriciləri", "Avstraliya, Okeaniya, Antarktida. Əsas coğrafi, siyasi və iqtisadi göstəriciləri" və s. göstərmək olar. Alimin bu sahədə göstərdiyi qlobal fəaliyyəti də dəyərincə qiymətləndirilmişdir. O, "Qızıl Qələm" mükafatı laureatı, Azərbaycan Təhsil Nazirliyinin bir neçə fəxri fərmanları ilə təltif olunmuşdur.
Namiq müəllimin ən gözəl xüsusiyyətlərindən biri də onun xeyirxahlığıdır. Onu mübaliğəsiz xeyirxahlıq simvolu adlandırmaq olar. Keçdiyi həyat yolunda nə qədər insanın əlindən tutub, köməklik edib, yeri gələndə müdafiə edibdir.
...Biz Namiq Axundovun keçdiyi çox böyük, həm də hər kəs üçün ibrətamiz həyat salnaməsindən fraqmentlərə, anlara səyahət etdik. 70 illik bir ömrü ləyaqətlə yaşamaq, xatirələrdə, yaddaşlarda yalnız yaxşılıq, xeyirxahlıq, təmizlik, sadəlik, kübarlıq simvolu kimi həkk olunmaq hər insana nəsib olan deyil.
Namiq müəllimi məhz bu cür tanıyırlar. O, olduqca sadə, heç kimdən fərqlənməyən bir həyat yaşayıb. Sadə olduğu qədər də təvazökar, qibtə olunacaq qədər xeyirxahdır.
{nl}
Musa QULUZADƏ, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantura şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.