Dahi Azərbaycan şairi, ədəbiyyatımızda realist satiranın banisi Mirzə Ələkbər Sabiri bizdən yüz ildən artıq bir zaman kəsiyi ayırsa da, illər ötdükcə göylərə meydan oxuyan başı qarlı zirvələr kimi daha əzəmətli, daha möhtəşəm görünür. Çünki bu nəhəng söz sərrafı, böyük insan və fədakar vətəndaş bütün zamanların fövqündə dayanır. O, dünənin, bu günün, sabahın və gələcəyin həmişəyaşar şairi kimi yaşayacaq.
Şair-jurnalist Etibar Etibarlının M.Ə. Sabirə həsr etdiyi “Bir gecənin poeması” əsəri bu yaxınlarda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin maddi və mənəvi dəstəyilə “Elm və təhsil” nəşriyyatı tərəfindən ayrıca kitabça kimi nəşr edilmişdir. Müəllif böyük Sabirin yaşadığı dövrün ətalət basmış, cəhalət girdabında çırpınan mühitinə, şairin məşəqqətli həyatına, onun yaradıcılıq yoluna yaxşı bələd olan mövzuya yeni baxış bucağından yanaşmışdır. Sadə süjet xətti əsasında, lirik ovqatla, ürək yanğısıyla yazılan poema pafosdan, ritorikadan uzaqdır. Əsərdəki dahi Sabir həm də gülən, ağlayan, əzab çəkən İNSANDIR. Ona görə də müəllif şairin “Arizi-qəmlər əlindən ürəyim şişmiş idi” misrası ilə başlanan şeirindən bir bəndi əsərə epiqraf kimi seçmişdir. Onun qoyub getdiyi ədəbi irs həmişə aktualdır.
Poemada qədim Şamaxının bir payız gecəsi təsvir olunur və həmin gecədə o dövrün mühiti özünü qabarıq şəkildə büruzə verir:
Yatır yorğun hambal,
kəlboyun hampa,
(Bu zülmət məmləkət
gözdən uzaqdır.)
Beş evdə bərq vurur otuzluq lampa,
Yüzündə his basan qara çıraqdır.
Belə bir gecədə iki ürək dostu, iki məsləkdaş-Sabirlə Səhhət qədim “Minaxor” məhəlləsinin yuxarı hissəsində (dik enişli “Minaxor” küçəsi ordan başlanırdı. İndi orada Sabirin heykəli ucalır) qovaq ağacının altında söhbət edir, millətin acınacaqlı həyatından, şəhərdə baş verən hadisələrdən danışırlar. Bu, təxminən 1907-ci ilin payız aylarına təsadüf edir. Tiflisdə Şeyxülislama imtahan verib müəllim işləmək üçün icazə alan Sabirə Şamaxı məktəblərinin birində candərdi köməkçi müəllim yeri verirlər. Aldığı qəpik-quruşla bir çətən külfəti yaşatmaq mümkün deyildi. Şair ehtiyac içində boğulurdu. Onun müəllim olmaqda məqsədi isə “Ümid” məktəbini açmaqda idi. Artıq sabun bişirmək istəmirdi. O, məktəbə millətin nicatı kimi baxırdı-millətin gözünü bu yolla açmaq mümkündür. Şairin arzusu isə sanki daşa dirənmişdi. O zaman “Molla Nəsrəddin” jurnalında gizli imzalarla çap olunan kəskin satiraların müəllifinin Sabir olduğunu bilən varlılar, mollalalar, moizəxanlar, bir sözlə, müəllifin yazdığı kimi “şəhərin tox” nakəsləri bu nəcib amalın qarşısını cidd-cəhdlə almağa çalışırdılar. Gah Sabiri ölümlə hədələyir, gah da Şamaxıdan “rədd olub getməsini” tələb edirdilər. Cahillərin, nadanların at oynatdıqları belə bir mühitdə şair olmazın əzablar çəkirdi. Səhhət ona təsəlli verməyə çalışır, ona baxdıqca Mirzə Cəlilin sözlərini xatırlayırdı:
Bir gün Mirzə Cəlil –
böyük mühərrir,
Dedi ki, ay Səhhət,
sizdən ricam var.
Qoruyun Sabiri!
O bir dahidir,
Yüz ildə bir gəlir belə adamlar!..
Doğrudan da o dövrün mütərəqqi ziyalıları Sabiri canlı klassik kimi dəyərləndirirdilər.
...Dostlar ayrıldılar. Sabir “Minaxor”la aşağı enir. Kimsə ona daş atır, daş kürəyinə dəyir, ağrıdan qıvrılır, daş atanı da , zəmanəni də lənətləyir. Birtəhər evə çatır. Otaqda nimdaş yorğan-döşəkdə anaları Büllurnisə ilə nəfəs-nəfəsə yatan qızlarına baxır, ürəyindən qara qanlar keçir. Səhərə çörəkpulu yoxdur axı. Həyətin o başındakı daxmaya tərəf gedir. Bir zaman bişirdiyi qara tiyanla “gur bir ocaq” qalanır. “Tiyanı od qızdırır, şairi isə fikir yandırıb yaxır. Məzlumların halını düşünür. Gördüyü haqsızlıqlar xəyalından keçir-od götürür:
Mənə Allahsız deyir
Allah tanımayanlar,
Xalqın gələcəyini
Ucuz bazar malıtək
Hərraclara qoyanlar.
Yox, belə ola bilməz!
Yox, belə qala bilməz!
İtib mizan-tərəzi,
Bəndə Allahlıq edir,
Allahın nə qərəzi?!
Şair sübhçağı araba çarxlarının səsinə xəyaldan ayrılır: qara tiyanda sabun kömürə dönmüş, “çörəkpulu” yanmışdı.
Nəhayət, yaz gələndə “Ümid”in də icazə kağızı gəlir. Şair sevincindən yerə-göyə sığmır. Məktəb açır, dərs deyir. Sevinci uzun çəkmir. Yazılan “donoslar”, böhtanlar işini görür-bir ildən sonra məktəb bağlanır. Sabirin son ümidi də kəsilir. Bakıya köçməyə məcbur olur. Dostlarının köməyi ilə Balaxanı məktəbinə müəllim düzəlir. Burada da Sabiri “yaddan çıxarmırlar”:
Yenə dinc qoymadılar,
Söydülər doymadılar.
Din dəlları əlindən
canı cəzana gəldi,
tükü imana gəldi.
Sabir dözür, yazıb-yaradır, satiraları bütün Şərqi silkələyir. Lakin keçirdiyi əzablar təsirsiz qalmır – “çarəsiz bir mərəzə tutulur”. Dostlarına cənazəsini Şamaxıdakı “Yeddi Gümbəz” qəbiristanlığında torpağa tapşırmağı vəsiyyət edir. Bütün mütərəqqi ziyalılar, o cümlədən “Molla Nəsrəddin”çilər şairə yas tutur. Poema belə bir təsirli sonluqla bitir:
Torpağa tapşırıldı şairin cənazəsi,
İşıq oldu
Nur oldu amalı, əqidəsi!
Azad həyat yolunda
enməz bayrağa döndü!
Parladı günəş təki!
Elə heykəlləşdi ki...
Rüzgara sinə gərən
“qocaman dağ”a döndü!..
Müəllif poemanı “Dahi ömründən qopara bildiyi bir yarpaq” adlandırıb. M.Ə.Sabir kimi bir dahinin ömür yolu cild-cild kitablara sığmaz axı!..
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.