“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli sərəncamında deyilir: “Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir”.
Hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki, onun qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq, hamının və hər kəsin vətəndaşlıq borcudur. Xalqın mədəniyyəti və dili də məhz bu qəbildən olan milli sərvətlərimizdəndir.
Xalqımızın başına gətirilən növbəti tarixi ədalətsizlik - Azərbaycan əlifbasının latından kiril əlifbasına keçirilməsi kimi ədalətsizlik tarixi müstəqilliyimiz bərpa etdikdən sonra aradan qaldırılmışdır. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixli qərarı ilə dilimizə və mədəniyyətimizin inkişafına köklü zərbə vurmuş “Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında” 11 iyul 1939-cu il tarixli Qanun qüvvədən salınmış, latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası elə həmin tarixdə 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbasını da təsdiq etmişdi. Təəssüflər olsun ki, latın qrafikasının bərpa olunması barədə qeyd edilən Qanunun icra mexanizmi müəyyən edilmədiyindən bu qanunun icrası tam təmin edilməmiş, əslində, uzun müddət icrasız qalmışdır.
Danılmaz faktdır ki, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi birinci dövrün—1969-1982-ci illər ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində, o cümlədən sənayedə, kənd təsərrüfatında, mədəniyyətimizdə, təhsilimizdə, incəsənətimizdə yüksəliş illəri olmuşdur. Ulu öndər Heydər Əliyev, sovet rejiminin qadağalarına baxmayaraq, ana dilinin qorunmasına, onun tətbiqində öz prinsipial mövqeyinə həmişə sadiq olmuşdur. Keçmiş Sovetlər Birliyi dövründə, bütün rəsmi tədbirlər, digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da yalnız rus dilində aparılırdı. Lakin ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə respublika partiya təşkilatının rəhbəri seçildikdən sonra o, bu sahədə də öz müstəqil, prinsipial mövqeyini nümayiş etdirimişdi.
Respublika rəhbərliyinə gəlişindən az sonra 1 noyabr 1969-cu il tarixdə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU-nun-İ.A.) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edən Heydər Əliyev o dövrün qadağalarını, o cümlədən ana dilinin tətbiqi ilə əlaqədar kommunist rejiminin məhdudiyyətlərini pozaraq, Azərbaycan dilində çıxış etmişdi və bu çıxış universitet ziyalılarının uzun illərdən bəri gözlədiyi milli oyanış istiqamətində həlledici addım olmuşdu.
Azərbaycan Respublikasının 21 aprel 1978-ci il tarixli konstitusiyası layihəsini hazırlayan komissiyanın sədri olmuş Heydər Əliyevin ana dilinə olan sonsuz məhəbbəti və prinsipiallığı nəticəsində konstitusiyanın 73-cü maddəsinə dövlət dilinin Azərbaycan dili olması barədə müddəa daxil edilmişdi. Nəzərə almaq lazımdır ki, həmin dövrdə milli dilin yalnız üç slavyan respublikasında dövlət dili olması nəzərdə tutulmuşdu.
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən 22 dekabr 1992-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunda dövlət dilinin, əsassız olaraq, türk dili olması göstərilmişdi. Bizim türk xalqına, mədəniyyətinə, tarixinə, ədəbiyyatına və dilinə böyük hörmətimiz vardır. Belə ki, Azərbaycan dili qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxildir. Lakin zaman keçdikcə Azərbaycan dili özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşa, zəngin söz fondu, geniş ifadə imkanları, yüksək səviyyəli yazı normalarına malik müstəqil dil kimi formalaşmışdır.
Doğrudur, xalqımız türk dilində danışığı başa düşür. Həmçinin, türklər də Azərbaycan dilini başa düşürlər. Lakin tərcüməsiz hər hansı bir dildə danışmaq və danışığı başa düşmək heç də o demək deyildir ki, bu dillər arasında bərabərlik işarəsi qoymaq olar. Bu məntiqlə yanaşsaq, belə çıxır ki, rus, belarus, ukrayna dilləri də eyni bir dildir. Bəli, həmin dildə danışanlar da, əsasən, bir-birini başa düşürlər. Halbuki, bu dillərin hamısı slavyan dil qrupuna daxil olmaqla, uzun illər ərzində müstəqil dil kimi formalaşmışdır.
Müstəqil dövlətimizin ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixdə referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul edilərkən, məhz ümummilli lider Heydər Əliyevin ana dilinə olan dəyişməz mövqeyi və prinsipiallığı nəticəsində Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili olması barədə müddəa qanunvericilik qaydasında bir daha öz əksini tapdı. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsində göstərilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Həmin maddənin II hissəsində isə göstərilir: “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”.
Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixdə qəbul etdiyi “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanunu uzun müddət icrasız qaldığına görə, təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev 18 iyun 2001-ci il tarixdə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanını imzaladı.
Azərbaycan Respublikasının Prezidenti ümummilli lider Heydər Əliyevin 4 iyul 2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibini təsdiq etmiş və məsələnin müstəsna əhəmiyyətini nəzərə alaraq komissiyaya sədrliyi öz üzərinə götürmüşdü. Ulu öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə hər ilin avqust ayının 1-nin Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” 22 dekabr 1992-ci il tarixdə Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinə ciddi ehtiyac olması nəzərə alınaraq, qeyd olunan fərmanda “Azərbaycan Respublikasında dövlət dili haqqında” yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulmuşdu.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 30 sentyabr 2002-ci il tarixdə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmiş və 4 yanvar 2003-cü il tarixdən qüvvəyə minmişdir. Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır. Lakin bu maddənin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə şamil olunmur.
Qanunun 5-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır, başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir, belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin bu zaman onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
Təəssüflər olsun ki, bir çox hallarda qanunun bu tələbi ciddi surətdə pozulur, xüsusilə özəl müəssisələrdə lövhələr, reklamlar yalnız əcnəbi dildə yazılır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 315-1-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə vəzifəli və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər. Həmin orqan, 5 ildə bir dəfədən az olmayaraq, yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin etməlidir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 №-li qərarı ilə “Azərbaycan dilinin orfoqrafiya qaydaları” təsdiq edilmişdir.
Yeri gəlmişkən, bir məsələ barəsində də oxucularla fikir bölüşmək istəyirəm. Təxminən, 1991-1992-ci illərdə rəsmi sənədlərdə, mətbuat səhifələrində “№” işarəsinin “saylı” sözü ilə əvəz edilməsi dəb düşdü. Halbuki, belə əvəzetmə mənasız olmaqla, real vəziyyətə uyğun gəlmirdi. Ən əvvəl, hamıya məlumdur ki, “№” işarəsi beynəlxalq aləmdə özünə “vətəndaşlıq hüququ” qazanmış, milliyyətindən və dilindən asılı olmayaraq, hamı bu işarəni başa düşür, həmçinin, bu işarə bütün kompüterlərdə, yazı makinalarında var. Digər tərəfdən, bir sıra obyektlərin, idarə və müəssisələrin, həmçinin, sənədlərin sayını göstərən rəqəmlərin yanında saylı sözünün yazılmasını təbii hal kimi qəbul etmək olar. Lakin belə vəziyyət çox hallarda heç də özünü doğrultmur.
Kütləvi informasiya vasitələrində, o cümlədən jurnallarda ağır, iri həcmli abzaslara yol verilir. Hətta, təcrübədə jurnalların birində dərc olunmuş bir səhifəlik məqalənin cəmi bir abzasdan ibarət olması faktına da rast gəlmişəm. Müəyyən bir fikir bitdikdən sonra həmişə abzasdan başlamaq kimi, qaydaya əməl edilməsi oxucunu yormur, başlıjası isə, yazının asan qavranılmasını təmin edir. Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyul 2001-ci il tarixli fərmanının bütün tədris müəssisələrində, ixtisas profilindən asılı olmayaraq, ali məktəblərdə öyrənilməsi üçün tədris proqramlarına müvafiq mövzuların daxil edilməsi vacibdir. Həmçinin, qeyd edilən fərmanın mərkəzi icra hakimiyyəti orqanları və onların bütün tabe qurumlarında öyrənilməsinin təşkil edilməsi də xüsusilə vacibdir. Təsadüfi deyildi ki, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasında vaxtaşırı təşkil olunan ixtisasartırma kurslarının tədris-tematik proqramlarına, bir qayda olaraq, dövlət dili ilə bağlı mövzular daxil edilir, bu haqda mühazirələr dinləyicilərin dərin marağına səbəb olmaqla, onlar da bu mövzu ilə bağlı müzakirələrdə fəal iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli sərəncamında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan dilinin cəmiyyətdə rolunun daha da möhkəmlənməsini təmin edəcəkdir.
İlham ABBASOV,
Ədliyyə Akademiyasının prorektoru, hüquq üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri, prokurorluğun
fəxri işçisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.