Xalq şairi Zəlimxan Yaqubun 13 cildlik əsərləri külliyyatının sonuncu - 13-cü cildi bu günlərdə işıq üzü görmüşdür. İlk 7 cilddə şairin müxtəlif mövzularda şeirləri, VIII-XI cildlərdə 40 poeması yer almışdır. XII-XIII cildlərdə isə Zəlimxan Yaqubun görkəmli ictimai-siyasi və dövlət xadimlərinə müraciətləri, məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları və müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, görkəmli ədəbiyyat və sənət adamlarına açıq məktubları, onlar haqqında xatırələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı ön söz və rəylər, ozan-aşıq sənəti ilə bağlı fikirləri və ictimai-siyasi həyatımızın digər sahələrinə həsr olunmuş aktual yazıları toplanmışdır.
Çoxcildlik “Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatda çap olunmuşdur.
Zəlimxan Yaqubun külliyyatını şairə böyük sevgi və bələdliklə çapa hazırlanmış cildlərin tərtibçisi və redaktoru, Azərbaycan Aşıqlar Birliyinin katibi, şair – jurnalist Musa Nəbioğlu poeziya həvəskarlarına, zəlimxansevənlərə layiqli hədiyyə barədə aşağıdakıları söylədi:
- Xalq şairi Zəlimxan Yaqubun indiyədək Azərbaycanda və xarici ölkələrdə 50-dək kitabı nəşr olunub. İşıq üzü görən hər kitab əl-əl gəzib, böyük oxucu rəğbəti qazanıb. Sirr deyil ki, o, bu gün ən çox oxunan, ən çox sevilən şairlərdəndir. Onun hər yeni şeiri mürəkkəbi qurumamış dillər əzbəri olur, sazın simlərindən süzülərək milyonların yaddaşına hopur və nə qədər ki, sazımız yaşayır bu şeirlər də yaşayacaq.
Zəlimxan Yaqubu bir şair kimi sevdirən bir də odur ki, o, şeirlə oxucu arasındakı məsafəni azaltdı, daha doğrusu, şairlə oxucu arasındakı divarı götürdü. Şair – kitab – oxucu rabitəsini birbaşa şair – oxucu əlaqəsi ilə əvəzləməyi bacardı. Özü də sözün hər mənasında. Oxucu onun şeirlərini hər gün öz dilindən eşitmək, özüylə canlı təmasda olmaq imkanı qazandı, üstəlik, dərdini də onunla bölüşə bildi.
Şairin oxucuların ixtiyarına verdiyimiz bu çoxcildliyini tərtib edərkən çox götür-qoy etdik: necə edək, tərtibat hansı formada olsun, cildlərdə şeirlər və poemalar hansı ardıcıllıqla yer alsın? Müxtəlif fikirlər oldu. Amma sonda qərara aldıq ki, heç bir süni bölgü-filan aparmayaq. Çünki şairin özü də daim süniliklərdən uzaq olub—istər həyatda, istərsə də yaradıcılıqda. Sadəcə olaraq, çalışdıq ki, Zəlimxan Yaqubun bütün əsərlərini çoxcildlik bir nəşrdə toplayaq. Bu məqsədlə onun indiyədək işıq üzü görmüş bütün kitablarını nəzərdən keçirdik, ilk qələm təcrübəsindən başlayaraq səliqə ilə qoruyub saxladığı əlyazmalarına baxdıq.
Elə buradaca qeyd etmək istəyirəm ki, Zəlimxan Yaqubun olduqca səliqəli arxivi vardır və yaradıcılığa başladığı ilk gündən bütün şeir dəftərləri bu arxivdə qorunub saxlanılır. Bu dəftərlər həm onun yaradıcılığını, həm də bütövlükdə keçdiyi həyat yolunu, bu illər ərzində nə ilə nəfəs aldığını, necə oturub-durduğunu, dünya klassiklərinin hansı əsərlərini oxuduğunu öyrənmək baxımından da maraqlıdır. Bu dəftərlər özü ayrıca bir tədqiqat sahəsidir ki, biz bu yöndə artıq ilk addımı atdıq: şairin zaman-zaman oxuduğu kitablardan həmin dəftərlərdə qeyd etdiyi dahiyanə fikirləri toplayıb 2010-cu ildə “Düşüncələrin simfoniyası” adlı nəfis bir kitab nəşr etdirdik. Sağlıq olsun, gələcəkdə daha böyük planlarımız var.
Şairin əsərləri külliyyatını nəşrə hazırlayarkən də, ilk növbədə, bu dəftərlərə müraciət etdik. Gördük ki, bu dəftərlərsiz nəşrə hazırladığımız əsərlər külliyyatı yarımçıq olardı. Sən demə, şairin indiyədək heç bir kitabına daxil edilməmiş, mətbuatda işıq üzü görməmiş çoxlu sayda şeirləri varmış bu dəftərlərdə. Maraqlısı da budur ki, bu şeirlərin əksəriyyəti Zəlimxan Yaqub yaradıcılığının ilk dövrlərinə aiddir. Özü də indiyədək çap olunmamasının səbəbi heç də bu şeirlərin zəif olması deyil. 18-20 yaşlı Zəlimxan Yaqubun yazdıqları 63 yaşlı xalq şairi Zəlimxan Yaqubun yazdıqlarından ruh və məzmun, poetik səviyyə baxımından heç də geri qalmır.
Musa Nəbioğlu daha sonra bildirdi:
- Zəlimxan müəllimin şeirlərini təhlil etmək fikrindən uzaq olsam da, hesab edirəm ki, yaradıcılığının ilk illərində yazdığı şeirləri oxuyarkən diqqətimi cəlb edən və onun bugünkü şöhrətinin mayasını təşkil edən, bünövrəsində duran bəzi məqamlarla bağlı fikrimi hörmətli oxucularla bölüşmək yerinə düşər. Fikir verin, hələ 1968-ci ildə - 18 yaşlı gənc şairin “ürək hökm edəndə yazmasam olmaz, gərək axıdasan alın tərini” deməsi onun gələcəyin böyük ədəbiyyat adamı olmasından xəbər verirdi. 18 yaşlı gənc o vaxt yaxşı bilirdi ki, ədəbiyyat adlı möhtəşəm, əbədi bir dünyaya səfər edir və bu yolda əzab-əziyyət, çətinlik, iztirab da var, xoş anlar da. Bu həqiqəti bildiyinə görə də el ağsaqqalı, Gürcüstanın əməkdar müəllimi Rəşid Acalovun
Çəkinmə! Hünərlə gir ümmanlara,
Qorxuda bilməsin ləpələr səni!
tövsiyyəsinə gənclik inadı,
gənclik enerjisi ilə cavab verirdi:
Səfərə çıxmışam,
dilimdə andım,
Bu yoldan geriyə dönən deyiləm.
Yazıb – yaratmağı bir şərəf sandım,
Sularda qərq olsam, sönən deyiləm!
Səfərə çıxdığı bu böyük yolun məsuliyyətini bilib “Oxucu qəlbində qaldımı şeirim?”, - deyə öz-özünə sual edən şair qətiyyətlə: “Bu yolu hünərlə başa vurmasam, bütün bəşəriyyət düşmənim olsun!” - deyir.
Zəlimxan Yaqubun bir şair kimi xoşbəxtliyi həm də ondadır ki, Ulu Tanrı ondan heç nəyi əsirgəməyib, nəyi veribsə bütöv verib, üstəlik, istedadı ilə zəhmətsevərliyi bir-birinə təndir. Buna görədir ki, onun Nizamidən hikmət, Füzulidən qüdrət alan şeiri “qaranlıqlar dünyasına lərzə salıb”. Bəzən Koroğlunun qılıncından da kəskin olan bu şeirlər yeri gələndə “yaralara məlhəm”, ürəklərə təsəlli olub. O, bütün bəşəriyyəti sevib, bəşəriyyət də onun dostu olub.
Sonda qeyd etmək istəyirəm ki, Zəlimxan Yaqubun yaradıcılığının ilk dövrlərinin məhsulu olan və indiyədək çap olunmamış şeirlər çox olduğundan biz onu ayrıca cilddə toplamağı qərara aldıq. Və dəyərli oxuculara sürpriz olaraq həmin cildi bu nəşrin sonunda təqdim etməyi düşünürük. Çoxcildliyin birinci cildində isə şairin son illərdə yazdığı şeirlər toplanmışdır.
Yaradıcılığı barəsində elmi məqalələr yazılan, dissertasiyalar müdafiə edilən xalq şairi Zəlimxan Yaqubun özünün indiyədək keçdiyi yaradıcılıq yoluna bir baxış kimi qələmə aldığı geniş yazını bu nəşrə giriş kimi verməyi qərara aldıq.
Qələmə aldı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.