Xocavəndin 125 yaşlı Tuğ məktəbi

Prezident İlham Əliyevin "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr edilməsi haqqında sərəncamında qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə əlavə tədbirlər müəyyən olunmuş, o cümlədən məcburi köçkünlərin təhsilə olan marağının artırılması, milli-mənəvi dəyərlərimizin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi və Xocavənd Rayon İcra Hakimiyyəti ilə birgə Tuğ kənd orta məktəbinin 125 illiyinin qeyd olunması da nəzərdə tutulmuşdur.
Ədəbiyyatşünas Nəcəf Quliyev və Raqub Kərimovun "Mir Mehdi Xəzani" kitabında bildirilir: "Sinəsi yaşıllıqla örtülmüş qocaman bir dağ. Onun ətəklərindəki göy çəmənlər bir az yuxarıda sıx meşələrə qovuşur. Bahar gələndə bu çəmənlərdə çiçək çiçəyi çağırır. Kənd adamları tək-tək, dəstə-dəstə buraya çiçək toplamağa gəlirlər. Ancaq buradakı kiçik çəmənliyin pozulmaz bir nişanəsi də var. Onun ortasında qədim bir məzar yatır. O məzarın ətrafındakı çiçəklərə əl vurmazlar. Üstəlik, hər kəs öz topladığı çiçəkdən bir dəstəsini hökmən bu məzarın göyərib çim bağlamış torpağı üstünə qoyub dərin sükuta dalar..."
Haqqında söhbət gedən yer Xocavənd rayonunun Tuğ kəndidir, məzar isə 125 illiyini keçirəcəyimiz məktəbin yaradıcısı və banisi, zəmanəsinin istedadlı qələm sahibi, Qarabağ tarixinə dair "Kitabi-tarixi-Qarabağ" əsərinin müəllifi Mir Mehdi Xəzanidir. Xəzani 1819-cu ildə Zəngəzur qəzasının Bərgüşad mahalına daxil olan Məmirli kəndində anadan olmuşdur.
Hələ kiçik yaşlarından atasız qaldığına, ailə vəziyyətinin ağırlığına baxmayaraq mükəmməl təhsil almış, ərəb, fars dillərini öyrənmiş, dövrünün bir sıra elmlərinə dərindən yiyələnmişdir. "Xəzani" təxəllüsü ilə şeirlər yazmışdır.
Mir Mehdi Xəzani 1830-cu ildə Füzuli rayonunun Şıxımlı kəndinə gəlib. 1838-ci ildə isə Gəncəyə köçüb və burada məktəbdarlıqla məşğul olub, böyük səylə rus dilini öyrənib. Şəhər həyatının ağır iqtisadi sıxıntılarına dözməyən Xəzani yenidən Şıxımlıya qayıdıb, rus dilində məktəb açıb, kənd uşaqlarına pulsuz təlim verib. Həmin məktəbin təxminən 1850-ci illərdən fəaliyyət göstərdiyi nəzərə alınarsa, onu Qarabağda rus dilində açılan ilk məktəblərdən biri hesab etmək olar.
1859-cu ildən Xocavənd rayonunun Tuğ kəndinə köçən şair müəllimlik fəaliyyətini burada davam etdirib. Mir Mehdi ömrünün sonuna kimi Tuğ kəndində yaşayıb və bu kənddə təhsil ocağına uzun müddət rəhbərlik edib. Bu təhsil ocağı 1883-cü ildə dünyəvi təhsil verən xalq məktəbinə çevrilib. Xəzani 1894-cü ildə Tuğ kəndində vəfat edib. Məktəbə 1894 - 1922-ci illərdə Məhəmməd Məlik-Yeqanov, 1922-1934-cü illərdə isə Mustafa Cahangirov rəhbərlik etmişlər.
Mustafa Məhərrəm oğlu Cahangirov Tuğ orta məktəbinin təməlini qoyanlardan biridir. O, XIX əsrin sonu, XX əsrin əvvəlləri ziyalılar nəslinə mənsubdur. 1900-cu illərdə Bakıda neft mədənlərində işləyən Mustafa gənc olmasına baxmayaraq dövrünün ictimai-siyasi proseslərində iştirak etmişdir. O, 1904-1907-ci illərdə Qori Müəllimlər Seminariyasında oxumuş, Tuğ kəndində müəllimlik etmişdir. Ziyalılığı, alicənablığı yetirmələrinə aşılamış, onların hər birini vətənpərvər olmağa çağırmışdır. Dağlıq Qarabağın yaşlı nəslinin nümayəndələri onu hörmət və ehtiram hissi ilə xatırlayırlar.
Tuğ kəndi Azərbaycanda elə kəndlərdəndir ki, həm qədimliyi, həm mədəni dəyərləri ilə seçilib. Akademik Ziya Bünyadovun "Azərbaycanın VI-VIII əsrlər tarixi" əsərində Tuğ kəndinin adı çəkilir. Göstərilir ki, Beyləqan hakimi Stafanus ərəb işğalçılarından müdafiə olunmaq üçün məşhur K-Tiş qalasına pənah aparmışdır. Həmin qalanın adı Tuğ kəndinin qədim adıdır. Tuğ sözünün mənası haqqında fikirlər müxtəlifdir. "Tuğ" fars dilində dağın başı deməkdir. Ensiklopedik lüğətdə "tuğ " sözünün mənası "bayraq" kimi izah olunur. Azərbaycanın coğrafi adlar üzrə terminologiyası ilə məşğul olan mütəxəssislərin əksəriyyəti "tuğ"un "bayraq" mənasında olmasını təsdiqləyir. Tuğ kəndinin qədimliyi onun tarixi abidələri ilə də sübut olunur. V əsrə aid K-Tiş vəngi, Tuğ dağının zirvəsində məbəd, bizim eradan əvvəllərə aid olan üstü yazısız qəbiristanlıq buna əyani sübutdur.
Akademik Hüseyn Əhmədovun "XIX əsr Azərbaycan məktəbi" kitabında göstərilir ki, 1883-cü ildə Sadıqbəy və Mehdibəy Məlik-Aslanovlar Tuğ və Qubadlı məktəbinin kasıb şagirdlərinə tədris vəsaiti və maddi vəsaitlə kömək göstərmişlər. Həmin illərdə tuğluların həyatında dönüş yaradan, bütünlüklə Azərbaycanda maarifin inkişafına təkan verən, o dövr üçün müasir hesab edilən rus-Avropa tipli Tuğ məktəbi yaradıldı. Tuğ məktəbinin müəllimləri, məzunları bütövlükdə mahalda, maarifin, mədəniyyətin çiçəklənməsinin təməlini qoydular. Onların bir çoxu təkcə ölkədə, əyalətdə deyil, keçmiş imperiya miqyasında adlı-sanlı şəxslər oldular.
Əsası Mir Mehdi Xəzani tərəfindən qoyulan bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş Mustafa Cahangirov, Mirzə Qara Məhərrəmov, Abdulla bəy Məlik-Aslanbəyov, Məmməd bəy Məlik-Yeqanov, Kazan Universitetini bitirmiş Əsgər bəy Eyvazov kimi dövrün görkəmli ziyalıları müəllimlik etmişlər. Rəsmi sənədlərdə Tuğ kənd orta məktəbinin 1885-ci ildə yaradılması göstərilir. Lakin bir çox mənbələrdə məktəbin 1880-ci illərin əvvəllərində, yəni 1883-cü ildən fəaliyyət göstərməsi məlumdur.
Tuğ kənd orta məktəbinin köhnə binasının girəcəyində daş lövhənin üzərində "1883q" yazısı var idi. Hələ 1983-cü ildə Tuğ kənd orta məktəbinin 100 illik yubileyinin keçirilməsinə böyük hazırlıq işləri görülmüşdü. Hətta məktəbdə bu tarixləri təsdiq edən eksponatların nümayiş etdirildiyi muzey də yaradılmışdı. Tuğ kənd orta məktəbinin 100 illk yubileyinin keçirilməsi üçün çoxsaylı müraciətlər edilməsinə baxmayaraq, təbii ki, Dağlıq Qarabağ və Hadrut rayonunun o zamankı erməni rəhbərləri buna imkan vermədilər. Çünki bu məktəbi ilk yaradanlar və rəhbərlik edənlər azərbaycanlılar olmuşlar. Bu isə ermənilərə xoş gəlmirdi.
Tuğ məktəbinin ilk məzunları içərisində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iki üzvü olmuşdur. Xudat bəy Ağabəy oğlu Məlikaslanov dəmir yol və rabitə naziri, Cavad ilə Rza bəy oğlu Məlikyeqanov - Bakı və Lənkəran şəhərlərinin general-qubernatoru vəzifələrində çalışmışlar. Xudat bəy Məlikaslanov Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərindən biridir. O, 1905-ci ildə erməni qırğınına qarşı fəal mübarizlərdən olan Ağa bəyin oğludur. Xudat bəy ilk təhsilini Şuşa realnı məktəbində almış, sonra isə Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə Sankt-Peterburq Dəmir Yol İnstitutunda oxumuşdur.
Xudat bəy Məlikaslanov suveren Azərbaycan Respublikasının parlament üzvü, nazir olmuş, 1921-28-ci illərdə Tikinti, Nəqliyyat və Rabitə Komitəsinin sədri işləmiş, dəfələrlə Azərbaycanın ali seçkili orqanlarında rəhbər vəzifələr tutmuşdur. Respublikanın ilk texnika elmlər doktoru - professorlarından biridir. O, 3 monoqrafiyanın və 70-dən çox elmi məqalənin müəllifidir. Xudat bəy ömrünün sonunadək ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Politexnik İnstitutunda inşaat fakültəsinin dekanı olmuşdur. Onun təşəbbüsü ilə Bakı Dəmiryol Texnikumu təsis edilmişdir. Bakıda metropolitenin yaradılması ideyasının ilk müəlliflərindən biri də o olmuşdur.
Cavad bəy Rza bəy oğlu Məlikyeqanov 1883-cü ildə Tuğ kəndində anadan olmuşdur. İlk təhsilini Tuğ məktəbində aldıqdan sonra Şuşa realnı məktəbində təhsilini davam etdirmişdir. 1903-cü ildə Bakıya gələrək neft mədənlərində işə düzəlmişdir. Həmin ildən başlayaraq Cavad bəy Məmməd Əmin Rəsulzadə ilə tanış olmuş və onun yaratdığı "Müsəlman gənclər təşkilatında" fəaliyyət göstərmişdir. Sonralar Cavad bəy, M.Ə.Rəsulzadə, N.Nərimanov, M.Əzizbəyov, M.Mövsümov, M.Hacınski və digər görkəmli şəxslər "Hümmət" sosial-demokrat təşkilatının əsasını qoymuşlar. 1919-cu illərdə Cavad bəy Lənkəran və Muğan qəzasının qubernatoru, Bakı Şəhər Polis İdarəsinin rəisi işləmişdir. AXC dövründə Cavad bəy parlamentin üzvü, Zaqafqaziya Seymində müsəlman fraksiyasının daimi nümayəndəsi olmuşdur. Cavad bəy Məlikyeqanov Azərbaycanda ilk fəhlə həmkarlar təşkilatının yaradıcısı olmuş, cümhuriyyət dövründə sənayedə aparılan islahat işlərinə başçılıq etmişdir.
Zülqədər Cahangirov Azərbaycanın ilk iqtisadçı alimlərindən biri olmuş, 1969-cu ildə respublikanın əməkdar elm xadimi adına layiq görülmüşdür. O, 7 irihəcmli iqtisadiyyat dərsliyinin, bir çox monoqrafiyanın müəllifidir. İbrahim Məşədi Allahverən oğlu Cahangirov da vətənpərvər şəxs olmuşdur. M.Ə.Rəsulzadə, N.Nərimanov, M.Ə.Sabir, M.Əzizbəyov, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, Ə.Ağdamski, X.Məlikaslanov, C.Məlikyeqanov və digər tanınmış tarixi şəxslər İbrahimi tərəqqipərvər şəxs kimi qəbul etmiş, onun ehtiramını saxlamışlar. 1932-ci ildə İbrahim Cahangirov erməni qatilləri tərəfindən qətlə yetirilib. Xocavənd rayonu Tuğ orta məktəbinin məzunları arasında 18 elmlər doktoru, 21 elmlər namizədi, 40 nəfərə yaxın yüksək rütbəli hərbi mütəxəsisis, 2 nəfər ayrı-ayrı vaxtlarda millət vəkili, 3 nəfər qızıl medal alan, onlarla həkim, müəllim və digər yüksək mütəxəssis vardır. Qarabağ münaqişəsi dövründə məktəbin 8 məzunu şəhid olmuşdur.
Tuğ orta məktəbi özünün ikinci ömrünü 1978-ci ildən yaşamağa başladı. O dövrdə Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyev Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin inkişafına xüsusi diqqət yetirdi. Məhz ulu öndərin qərarı ilə 1975-1978-ci illərdə Tuğ kəndində 640 yerlik 2 mərtəbəli müasir tipli məktəb binası inşa edildi. Məktəbdə hər cür avadanlıqla təmin olunmuş 4 fənn laboratoriyası, linqafon, hərbi və maşınşünaslıq kabinetləri, zəngin kitabxana, idman və iclas salonları, yeməkxana var idi. Bina mərkəzi istilik sistemi ilə qızdırılırdı. Qonşu kəndlərdən məktəbdə təhsil almağa gələn şagirdlər üçün internatın olması isə o dövr üçün yenilik idi.
Tuğ kəndində XIX əsrdən etibarən mənfur qonşularımız yaşamağa başlamışlar. Özlərinin çirkin niyyətlərini həyata keçirə-keçirə onlar yavaş-yavaş hər sahədə üstünlüyü ələ almışdılar. Tuğ məktəbində də onlar öz istəklərinə bir müddət nail ola bilmişdilər. 1934-cü ildən 1963-cü ilə kimi ermənilərin idarə etdiyi Tuğ məktəbində yaddaqalan bir hadisə baş verməmiş, təhsilin səviyyəsi isə hər il enməyə başlamışdır. Dönüş 1963-cü ildə başladı. Əhalinin təkidi ilə Tuğ kənd orta məktəbinin yetirməsi Niyaz Cahangirov məktəbə direktor təyin edildi və bu vəzifədə 1991-ci ilə kimi işlədi. O, ətrafına təcrübəli müəllimlərdən Yusif Paşayevi, Bağman Abışovu, Allahverən Cahangirovu, Kamil Şükürovu, Vəli Vəliyevi, Səyyarə Əsgərovanı, Səfayət Bədirxanovanı, Tamella Paşayevanı, Baxçagül Vəliyevanı, Sveta Baxşızadəni, Hüsən Bağırov kimi pedaqoqları yığaraq təhsildə və təlimdə tezliklə böyük irəliləyiş əldə etdi.
N.Cahangirovun rəhbərliyi altında Tuğ orta məktəbinin fəaliyyətində yaranan yüksəliş nəticəsində məktəbin məzunlarının 60-70 faizi ali və orta ixtisas məktəblərinə qəbul olundular.
Pedaqoji kollektivin təcrübəsinin öyrənilməsi üçün keçən əsrin 80-ci illərində Tuğ orta məktəbində Təhsil Nazirliyinin 2 dəfə zona müşavirəsi keçirilmişdir.
Təəssüf ki, bu gün 125 illik yubileyini qeyd eləməyə hazırlaşdığımız Tuğ məktəbi də erməni faşistlərinin əsirliyindədir. 1991-ci ildən məcburi köçkün həyatı sürən Tuğ orta məktəbi 1 gün belə olsun fəaliyyətdən qalmamışdır. Bir neçə aylıq Füzuli şəhərinə, sonra isə Beyləqana köçən Tuğ orta məktəbi 1996-cı ilə kimi Bakı şəhərində fəaliyyət göstərmişdir. 1997-ci ildən isə Tuğ orta məktəbi Beyləqan rayonu ərazisində salınmış Yeni Tuğ qəsəbəsində fəaliyyətini davam etdirir.
Çətin şəraitdə işləməsinə baxmayaraq, Tuğ orta məktəbinin müəllimləri gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi üçün bütün qüvvələrini səfərbər etmişlər. Tuğ orta məktəbinin pedaqoji kollektivi gələcəyə inamla baxır. Onlar ölkə Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində tezliklə tarixi yurdumuza qayıdacaqlarına, XXI əsrə layiq azərbaycanlılar yetişdirəcəklərinə əmindirlər.

{nl}

Rəfael MUSTAFAYEV, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında