Yay imtahan sessiyası uğurla başa çatdı

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində 2006-cı ildən başlayaraq davam edən islahatlar mərhələsi AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədovun adı ilə bağlıdır.

Onun rektorluğu dövründə kafedra və fakültələr, demək olar ki, tamamilə kompyuterləşdirilərək əyani və qiyabi şöbənin I,II,III kurslarında imtahanlar test üsulu ilə kompyuterlə aparılır. Respublika mətbuatı əldə edilmiş müsbət nəticələrdən dəfələrlə yazmış, ADPU-nun təcrübəsini digər ali məktəblərə nümunə göstərmişdir. Bu da tədrisin keyfiyyətinə müsbət təsir etmiş, tələbələr və məzunların böyük əksəriyyəti semestri və universiteti “əla” və “yaxşı” qiymətlərlə başa vurmuşlar. Təsadüfi deyildir ki, tələbələrimiz son 7 ildə universitetlərarası olimpiadalarda dəfələrlə mükafata layiq yerlər tutmuşlar.

Hazırda ölkəmizdə bütövlükdə təhsil sisteminin qloballaşan dünyanın tələblərinə uyğunlaşması prosesi gedir. Bu baxımdan Boloniya sisteminə qoşulan universitetimizdə bütün fakültələr kredit sisteminə keçmiş və tədris planları yenilənmişdir. Tədris prosesinin bütün mərhələlərində yeni təlim texnologiyaları tətbiq olunur. İmtahan prosesinin obyektiv keçirilməsini təmin edən kompyuter mərkəzi yaradılmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetində yay imtahan sessiyasında “Qaynar xətt” xidməti qərargahının yaradılması barədə universitetin rektoru, professor Y.Məmmədov 2012-2013-cü tədris ilinin yay sessiyasında imtahanları mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yaranan narazılıqları aradan qaldırmaq, imtahan qaydalarının gözlənilməsi, baş verə biləcək neqativ halların qarşısının vaxtında alınması, eləcə də tələbələrin ərizə və şikayətlərinin operativ şəkildə araşdırılıb cavablandırılması məqsədilə görkəmli alim və mütəxəssislərin daxil olduğu 9 nəfərdən ibarət “Qaynar xətt” xidmətinin qərargahı yaradılmışdır. Qərargahın əlaqə nömrələri elanlar lövhəsində yerləşdirilmiş, imtahan keçirilən kompyuter mərkəzində və auditoriyalarda  imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı şikayət, rəy və təkliflər qutuları qoyulmuşdur. Qutu universitet rəhbərliyi  tərəfindən açılır, rəy və təkliflər öyrənilir, nəzərə alınır. “Qaynar xətt” xidmətinin rəhbəri, üzvləri yazılı və test imtahanlarının keçirildiyi zallarda olur, prosesdən əvvəl tələbələrlə lazımi söhbətlər aparır, onlara imtahanların gedişi zamanı baş verə biləcək neqativ hallar barədə dərhal “Qaynar xətt”ə məlumat vermələri, həmçinin şikayət və təkliflərini imtahan zallarının qarşısında qoyulmuş xüsusi qutular vasitəsilə çatdırmaları tövsiyə olunur. Eyni zamanda, onlara imtahan qaydalarına əməl etmələri də ətraflı izah edilir.

İmtahanlardan dərhal sonra yazılar yoxlanılır, qeyri-obyektivliyə, səhlənkarlığa yol verən müəllimlər ciddi şəkildə tənbeh edilir. Bundan əlavə, hər fakültədə ixtisas müəllimlərinin daxil olduğu münaqişə komissiyası da fəaliyyət göstərir.

Həmişə olduğu kimi, imtahan sessiyasının gedişi respublika mətbuatında müntəzəm olaraq işıqlandırılır. Mətbuatda ADPU-da imtahan sessiyalarının normal mənəvi-psixoloji şəraitdə, obyektiv və neqativ hallar baş vermədən keçirilməsi haqqında geniş və ətraflı məlumatlar verilmişdir.

ADPU Azərbaycanda imtahanlarda kompyuter texnologiyalarını tətbiq edən ilk ali məktəbdir. İmtahanın nəticələri həmin gün elan olunaraq dekanlıqlara göndərilir. Hətta dövlət imtahanları da universitetdə kompyuter texnologiyaları vasitəsilə keçirilir. Qaynar xəttə müraciətlərin ən çox hansı məsələlərlə bağlı olduğuna gəldikdə isə qeyd etmək lazımdır ki, tələbələr daha çox imtahanların ikinci mərhələsi ilə bağlı müraciət ediblər.

Qeyd edək ki, şəffaflığı təmin etmək məqsədilə mətbuat nümayəndələrinin universitetin tarix, filologiya və coğrafiya fakültələri tələbələrinin kompyuter mərkəzində verdikləri imtahanların gedişini izləmələrinə imkan yaradılmışdır. Onlara bildirilmişdir ki, kompyuter mərkəzində tələbələrə sualları cavablandırmaq üçün 40 dəqiqə vaxt ayrılır və universitet rəhbərliyi yaxşı və əla qiymət almaq istəyən tələbələr üçün eyni zamanda, yazılı imtahan da keçirir. Yazılı imtahanın keçirilməsində əsas məqsəd tələbələrin kompyuterdə göstərdikləri nəticələrin obyektivliyinə bir daha əmin olmaqdır. Yəni, tələbələrə ən yüksək qiymət almaq üçün şərait yaradılmışdır. Eyni zamanda, imtahan otaqlarına videokameralar quraşdırılıb və imtahanların gedişi rektor tərəfindən birbaşa izlənilir.

ADPU-da tələbələrin biliklərinin düzgün qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə semestr və buraxılış imtahanları yeni üsulla — informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla keçirilir. Bu məqsədlə universitetdə beş kompyuter imtahan zalı yaradılmışdır. Həmin zallarda yerləşdirilmiş 180 kompyuter vasitəsilə gün ərzində 1400 nəfər tələbə imtahan verə bilir. İmtahanlara nəzarəti gücləndirmək məqsədilə bütün zallarda xüsusi kameralar quraşdırılmışdır. Mətbuat nümayəndələri imtahanların keçirildiyi bir neçə zala baş çəkmiş, proseslə əyani tanış olmuşlar. Universitetin dördüncü mərtəbəsindəki imtahan zallarında mətbuat nümayəndələri tarix fakültəsi qiyabi şöbəsinin IV və V kurs tələbərinin yazılı imtahanlarını müşahidə etdilər. Kompyuter mərkəzində hər bir tələbəyə imtahan verdiyi fəndən 5 cavab variantından ibarət 25 test verildiyini gördülər. Tələbənin düzgün cavablandırdığı hər bir sualın 2 balla qiymətləndirildiyini müşahidə etdilər.

Yay imtahan sessiyalarında “Qaynar xətt” xidməti qərargahına orta hesabla 300-ə yaxın müraciət və ya şikayət daxil olmuşdur. Onlardan bakalavr pilləsinin əyani şöbəsində təhsil alan 128, qiyabi təhsil alan 70 tələbənin, habelə  29 magistrantın müraciətləri müsbət həll edilmişdir.       Qeyd etmək lazımdır ki, müraciət edənlərin böyük əksəriyyəti yazılı imtahandan “yaxşı” və “əla” qiymətlər almaq üçün 1 və ya 2 balı çatmayanlar olmuşlar.

Neçə illərdir ki, universitetimizdə bütün imtahanlar tam obyektiv və şəffaf keçirilir, heç bir neqativ hala yol verilmir. İndi biliyin, sözün əsl mənasında, yeganə meyar olduğuna əmin olan tələbələrimiz imtahanlara daha böyük səy və həvəslə hazırlaşırlar, nəticələri də müsbət olur. Beləliklə, hər il olduğu kimi, 2012-2013-cü tədris ilində yay imtahan sessiyasının nəticələri qüsursuz və uğurlu olmuşdur.

Süleyman MƏMMƏDOV,

ADPU  “Qaynar xətt” xidmətinin rəhbəri, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında