“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunmuş əhəmiyyətli çağırışlar alimlərimiz qarşısında konkret vəzifələr qoymuşdur

 

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunmuş əhəmiyyətli çağırışlar alimlərimiz qarşısında konkret vəzifələr qoymuşdur.

Bu sözləri iyulun 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında keçirdiyi mətbuat konfransında AMEA-nın prezidenti, akademik Akif Əlizadə söyləmişdir.

A.Əlizadə 3 ayda akademiyada aparılan struktur dəyişikliyi, informasiyalaşdırma, alimlərin sosial rifahının yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər, maddi-texniki bazanın gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihələr, elmi nəşrlərin və veb-resursların təkmilləşdirilməsi və digər məsələlər haqqında ətraflı məlumat vermişdir.

AMEA-da təşkil olunmuş beynəlxalq elmi konfranslar, simpoziumlar, yubileylər haqqında söhbət açan A.Əlizadə akademiyanın institutlarında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır. Prezident İlham Əliyevin daim elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan A.Əlizadə AMEA-nın və onun bir sıra institutlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində dövlətimizin başçısının müvafiq sərəncam və fərmanlarını xatırlatmışdır.

A.Əlizadə demişdir: “Cari ilin may ayında Şamaxı Astrofizika Rəsədxanasında aparılan əsaslı təmir işlərinin başa çatmasından sonrakı vəziyyətlə tanış olarkən dövlətimizin başçısı qeyd etmişdir ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir”. Hazırda Azərbaycanın elm siyasəti məhz bu istiqamət üzərində qurulmuşdur.

Akademik Prezident İlham Əliyevin 2013-cü il 16 yanvar tarixli sərəncamı ilə cari ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq “Elektron hökumət” Dövlət Proqramına elmi dəstək verildiyini vurğulamışdır. O, bu sahədə akademiyada da köklü dəyişikliklər aparıldığını, akademiyanın İnformasiya Texnologiyaları İnstitutunun köməyi ilə AMEA-nın müxtəlif institutlarının da informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə təmin olunduğunu diqqətə çatdırmışdır.

AMEA-nın prezidenti akademiyanın müvafiq qurumlarında İKT-nin tətbiqi ilə əlaqədar elmi-tədqiqat işlərinin, səmərəli elmi araşdırmaların aparıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu nəzərə çarpdırmışdır.

AMEA-da aparılan struktur dəyişiklikləri barədə məlumat verən A.Əlizadə 3-4 ay ərzində akademiyada bir sıra şöbələrin ləğv olunduğunu, onların yeniləri ilə əvəz edildiyini bildirmişdir. 

Bu gün AMEA 17 Dövlət Proqramının inkişafında və həyata keçirilməsində uğurla iştirak edir. Akademik gələcəklə bağlı qəbul olunmuş bütün strategiya və Dövlət proqramlarında ölkəmizin strateji inkişaf xəttinin həyata keçirilməsində alimlərimizin də  dəyərli töhfələr verəcəyini əminliklə vurğulamışdır. Tədbirdə akademiyanın institutlarının tərkibində iki yeni baza kafedrasının yaradıldığı diqqətə çatdırılmışdır.

Müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini söyləyən AMEA-nın rəhbəri bildirmişdir ki, hazırda akademiya əməkdaşlarının 30 faizini gənclər təşkil edir. Akademiyanın 14 gənc elmi işçisi tədqiqat işləri ilə əlaqədar dövlətimiz tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına xarici ölkələrə ezamiyyətə göndərilmişdir.

A.Əlizadə dövlətimiz tərəfindən gənc alim və tədqiqatçılara göstərilən xüsusi diqqət və qayğıdan, onların sosial təminatının gücləndirilməsi istiqamətində nəzərdə tutulan layihələrdən, gənclərlə bağlı Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən söhbət açmışdır. Qeyd etmişdir ki, gənc alimlərimizin ipoteka krediti vasitəsilə mənzillə təmin olunması məsələsi dövlətimiz tərəfindən yüksək səviyyədə dəstəklənmiş və onların bütün sahələrdə problemlərinin həll olunması istiqamətində Azərbaycan dövləti tərəfindən daim maliyyə vəsaiti ayrılmışdır.

Qarşıda duran planlar haqqında məlumat verən A.Əlizadə gələcəkdə akademiyada magistratura təhsil pilləsinin, akademiyanın bir sıra yeni institutlarının və AMEA-nın “İstedadlı gənclər” liseyinin yaradılmasının nəzərdə tutulduğunu bildirmişdir. Akademiyada müxtəlif sahələrdə 1000-ə yaxın yerli və beynəlxalq qrant layihəsi həyata keçirilir.

Akademiyanın beynəlxalq əlaqələrindən söhbət açan A.Əlizadə bu istiqamətdə mühüm addımların atıldığını, AMEA-da yeni beynəlxalq elmi laboratoriyanın yaradıldığını nəzərə çarpdırmışdır. 

A.Əlizadə yeni nəşrlər haqqında söhbət açaraq “Elm dünyası” jurnalının fəaliyyətindən danışmış, dərginin artıq iki nömrəsinin çap olunduğunu bildirmişdir.

Sonra suallar cavablandırılmış, jurnalistlərlə xatirə şəkli çəkdirilmişdir.

Sonda bazar iqtisadiyyatı şəraitində innovativ fəaliyyəti gücləndirmək məqsədi ilə AMEA-nın korporativ üslubunun tətbiqinin əhəmiyyətini özündə əks etdirən sərgi nümayiş etdirilmişdir. Sərgidə AMEA-nın korporativ loqosu, təltif və mükafatları, qovluq və zərflər, blanklar, vəsiqə və vizit kartları, korporativ təbriknamə və təqvimlər, qapı lövhələri, suvenir və aksessuarlar, hədiyyələr və digər nümunələr təqdim olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında