Azərbaycanlı müəllifin kitabının dünyanın bir çox ölkələrini gəzib dolaşması, çoxsaylı beynəlxalq kitab sərgilərində və yarmarkalarda uğurla nümayiş etdirilməsi, eləcə də planetin aparıcı dillərinə tərcümə olunması soydaşlarımızın sevincinə və məmnunluğuna səbəb olur. Bu zaman ağıla gələn ilk fikir belə olur ki, kitabların da insanlar kimi bəxti olur. Ancaq daha çox inanılası məqam odur ki, hər bir insanın da, hər bir kitabın da yolunu açan ulu qüvvə vardır. Onun göstərdiyi yoldan başqa heç yanda heç nə mümkün olmur.
Söhbət azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzənin müasir elmi, siyasəti , cəmiyyətləri və dövlətləri narahat edən yüzlərlə sahəyə aid minlərlə kəlamın toplandığı “Kəlamlar” kitabının Almaniyanın Frankfurt şəhərində ingilis və almanca nəşrlərindən sonra Azərbaycan dilində də nəşr olunmasından gedir. Əslində Frankfurtdakı “BMP Balta Media & Print” nəşrlər evi bu kitabın Rusiya Federasiyası Yazıçılar İttifaqı Moskva Şəhər Təşkilatının xətti ilə Moskvadakı “İPO U Nikitskix vorot» nəşriyyatında (www.uniki.ru) nəşr olunmuş rusca variantının Kanada və Lvovda keçirilən beynəlxalq sərgilərdəki uğurlarından xəbər tutmuş , sonra onu ingilis və alman dillərinə tərcümə edərək böyük tirajla çap etmişdi. Daha sonra isə almaniyalı naşirlər Frankfurtdakı ziyalı soydaşlarımızın köməyi ilə kitabı məhz müəllifin ana dilinə çevirmişlər.
“Kəlamlar”ın Rusiya Federasiyası Yazıçılar İttifaqı Moskva Şəhər Təşkilatının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Rəyasət Heyətinin ( Ankara) , Avropa Təbiyyat Elmləri Akademiyasının ( Almaniya , Hannover) və Dünya Söz Akademiyasının ( Ankara ) xətti ilə Frankfurtda bu günlərdə işıq üzü görmüş nəşrini imzalayan ziyalıların siyahısı da möhtəşəm bir beynəlmiləlçilik nümunəsidir. Belə ki, yeni kitab TDABEA-nın Ankara bürosunun sədri, professor Xeyrəddin İvgin, Rusiya Federasiyası Yazıçılar İttifaqı Moskva Şəhər Təşkilatının sədri Vladimir Boyarinov və Avropa Təbiyyat Elmləri Akademiyasının prezidenti, professor Vladimir Tıminskinin ön sözləri , eləcə də moskvalı şair Xaydar Bedretdinovun rəyi ilə işıq üzü görmüşdür. Annotasiyada qeyd olunur ki, bu kitab 2013-cü ildə Avropada “İlin kitabı” müsabiqəsinin qalibi elan olunmuşdur.
Müəllif öz kitabında anamız Yer kürəsinin ekoloji tarazlığının qorunması, uca tanrının yaratdığı bütün insanlara dünyanın bütün qütblərində ən ali hüquqların verilməsi və onlara layiq olduqları həyat şəraitinin yaradılması istiqamətində fəal şəkildə çağırışlar səsləndirən, bu məqsədlə çoxsaylı xeyriyyəçilik tədbirləri həyata keçirən, təmənnasız addımlar atmağı vicdan borcu hesab edən ziyalılarımızdan biridir.
O, milliyyətcə azərbaycanlı, dini mənsubiyyətinə görə müsəlman olmasına baxmayaraq, bütün xalqların və bütün dinlərin təmsilçilərinin vəkili qismində çıxış edir, terrorçuluq, separatçılıq, quldurluq, diktatura, hegemonluq, milli ayrı-seçkilik kimi mənfi hallara qarşı barışmaz mövqe nümayiş etdirir, bu məzmunlu çağırışlarının dünyanın hər yerində eşidilməsinə nail olur. Soydaşımızın bu qəbildən olan çağrışlarının hamısının toplandığı “Kəlamlar” kitabı Azərbaycan, türk, rus, ingilis və alman dillərində - bütövlükdə 55 mindən artıq tirajla nəşr olunmuş və tamamilə təmənnasız olaraq paylanılmışdır. Soydaşımız olan bu alimin yaradıcılığına dünya miqyasında olan rəğbət və ehtiramın nəticəsidir ki, o, təkcə öz xalqına , dövlətinə və mənsub olduğu dinə deyil, bütövlükdə bəşəriyyətə xidmət edən kəlamlarına görə dörd beynəlxalq akademiyanın akademiki, dörd ölkənin yaradıcı birliklərinin üzvü, bir neçə qurumun fəxri alimi, bir neçə şəhərin fəxri vətəndaşı adlarına layiq görülmüşdür.
Hacı Fərhad Mirzənin bütün dünyada sülhə, sabitliyə, əmin-amanlığa çağıran “Kəlamlar” kitabı xarici dillərdə nəşr edildikdən sonra Kanada, Frankfurt, Lvov və başqa şəhərlərdə keçirilən beynəlxalq kitab sərgi- yarmarkalarında dünya oxucuları tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir. Məhz həmin qiymətləndirmələrin nəticəsidir ki, “Kəlamlar” kitabı Hacı Fərhad Mirzəyə BMT yanında İctimai Təltiflər Şurasının Puşkin adına qızıl medalı da daxil olmaqla onlarca orden, medal, diplom və fəxri fərman qazandırmışdır. Üç ildir ki, onun kitabından Türkiyə Cümhuriyyətindəki xəstəxanalarda müalicə vasitəsi kimi istifadə olunur.
Xalqımızı beynəlxalq aləmdə uğurla təmsil edən soydaşımıza yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Əlbəy MÜSƏDDİQ
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.