Dövlət müstəqilliyinə xidmət edən siyasətin konseptual əsasları

 

AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Əli Nuriyev respublika elmi ictimaiyyəti arasında geniş və zəngin yaradıcılığı olan alim kimi tanınmışdır. 45 ildən çox müddətdə alimin özünəməxsus iqtisadi, elmi-fəlsəfi və bədii dünyagörüşü onun əsərlərində ifadəsini tapmışdır. Son 15 ildə Əli Nuriyev yaradıcılığını, demək olar ki, tamamilə ümummilli lider Heydər Əliyev siyasətinin, onun Prezident İlham Əliyev tərəfindən davam və yeni formalarda inkişaf etdirilməsinin elmi əsaslarının təhlili və təbliğinə həsr etmişdir.

Alimin bugünlərdə çapdan çıxmış “Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin konseptual əsasları” kitabı (Bakı-AVROPA nəşriyyatı) onu göstərir ki, Əli müəllim bu gün də eyni qüvvə və həvəslə ölkəmizdə demokratik cəmiyyət quruculuğuna həsr edilmiş elmi tədqiqatlarını davam etdirir. Kitab bu il anadan olmasının 90 illik yubileyini böyük təntənə  və qədirbilənliklə qeyd etdiyimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunmuşdur. Müəllif  göstərir ki, bu kitabda Heydər Əliyev və Prezident İlham Əliyev siyasətinə aid son illərdə apardığı tədqiqatların əsas hissəsini ümumiləşdirmək və çap etdirmək qərarına gəlmişdir.

Kitab istər nəzəri-metodoloji, istərsə də praktiki baxımdan yeni ideyalar, yanaşmalarla zəngindir. Birinci hissədə müəllif demokratik cəmiyyətin əsas inkişaf dövrləri və bu dövrlərdə sosial-iqtisadi inkişaf siyasətinin xüsusiyyətlərini şərh etmişdir.  İqtisadçı alim göstərir ki, ölkəmizin hərtərəli inkişafı və modernləşməsinin əsası 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, o dövrdən sonra isə əsas istiqamətləri möhtərəm Prezident İlham Əliyev tərəfindən dəqiq müəyyənləşdirilmişdir.

Qlobal informasiya və modernləşməni müasir cəmiyyətin əsas inkişaf yolu kimi əsaslandırarkən  alim akademik  Ramiz Mehdiyevin əsərlərinə müraciət edir: “Baş verən qlobal dəyişikliklər millətdən mütəşəkkil olmağı, dünyada mövcudluğunu qorumağı, dövlətin rəqabət qabiliyyətini təmin edəcək yollar, metodlar, vasitələr axtarmağı tələb edir. Bu hədəflərin lokomotivi rolunda millət özü, onun intellektual səviyyəsi və yaradıcı qabiliyyəti çıxış edir”.

Kitabın ikinci hissəsi  bütünlüklə XX əsrin 70-80-ci illərində və Azərbaycanın demokratik cəmiyyətə keçid dövrünün birinci 10 ilində Heydər Əliyevin iqtisadi inkişaf siyasətindən  bəhs edir. Müəllif düzgün olaraq qeyd edir ki, Azərbaycan ötən 40 ildən artıq müddətdə, bütövlükdə,  Heydər Əliyevin siyasəti sayəsində onun yaradıcılıqla davam etdirilməsi nəticəsində cahanşümul qələbələr qazanmışdır. Kitabda ulu öndər Heydər Əliyevin respublikaya ikinci dəfə rəhbər seçildikdən sonrakı fəaliyyəti xüsusi maraqla və daha ətraflı işıqlandırılmışdır.  “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətində Heydər Əliyev siyasətinin davam və inkişaf etdirilməsi xüsusiyyətləri” adlanan 3-cü hissə üç fəsildən ibarətdir. Birinci fəsildə Heydər Əliyev siyasətilə Prezident İlham Əliyev siyasəti arasında sıx əlaqə, ardıcıllıq və varislik olduğu əsaslandırılır.

II hissənin 2-ci fəslində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər) yerinə yetirilməsi üçün görülmüş tədbirlər, onların maliyə təminatı ətraflı şərh olunur, bu tədbirlərin həyata keçirilməsi nəticəsində iqtisadi sahədə keçid dövrünün başa çatması, yoxsulluğun və işsizliyin azalması, iqtisadi inkişafda və investisiya siyasətində yeni prioritetlərin yaranması göstərilir. III həssənin 3-cü fəslində isə regionların sosial-iqtisadi inkişafı üzrə birinci proqramla (2004-2008-ci illər) ikinci proqram (2009-2013-cü illər) arasında sıx ardıcıllıq və əlaqə olduğu açıqlanır.

IV hissədə Azərbaycanda keçid dövrünün bütün sahələrdə başa çatdığı demokratik cəmiyyətin öz əsasları üzərində yüksək səviyyədə inkişafı və modernləşməsi dövrünə daxil olduğu əsaslandırılır, yeni dövrün strategiyası və onun reallaşması mərhələləri müəyyənləşdirilir. Müəllif elmi əsaslara istinad edərək bildirir ki, düzgün siyasət nəticəsində Azərbaycan xalqı yeni dövrün — qlobal informasiya cəmiyyəti və modernləşmə dövrünün vəzifələrini də müvəffəqiyyətlə yerinə yetirərək, dünyanın inkişaf etmiş sivil dövlətləri arasında özünün  layiqli yerini tutacaqdır.

İnanırıq ki, AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin yeni yaradıcılıq uğuru olan bu kitabdan geniş oxucu kütləsi qədərincə faydalana biləcəkdir.

Eybalı AĞAYEV, iqtisadçı-politoloq

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında