Sumqayıt gənclərinin “Yay məktəbi”nə start verildi

 

 “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın icrası ilə əlaqədar Sumqayıt şəhərində yaşayan yaradıcı, istedadlı və ictimai fəal gənclər üçün “Vətənimizi gəzək, öyrənək, sevək!” devizi altında “Yay məktəbi” öz işinə başlamışdır.

Ulu öndər Heydər Əliyevin 44 il öncə ilk dəfə siyasi hakimiyyətə gəldiyi günə təsadüf edən məktəbin açılışı unudulmaz dahi insanın adını daşıyan Mərkəzdə keçirildi. Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə,  Gənclər və İdman  Baş İdarəsi tərəfindən reallaşdırıldı.

Əvvəlcə gənclər Heydər Əliyev Mərkəzi ilə, ümummilli liderin həyat və fəaliyyəti, Sumqayıta tarixi səfərləri barədə materiallarla tanış oldular. Sonra Baş İdarənin rəisi Musa Həsənov çıxış edərək bildirdi ki, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, onların asudə vaxtının səmərəli təşkili, fəal gənclər arasında qarşılıqlı təcrübə və məlumat mübadiləsinin təşkili məqsədilə keçirilən builki tədbirlər Qusar rayonunda gerçəkləşdiriləcək. İki ay ərzində “Yay məktəbi”ndə 500 nəfər gəncin iştirakı planlaşdırılır. Həmçinin məlumat verildi ki, Baş İdarə tərəfindən son illərdə 7 min nəfərə yaxın yeniyetmə və gəncin Qubadakı “Soyqırımı məzarlığı”na ziyarəti və həmin rayonda mənalı istirahəti təmin edilib.

İştirakçıların hər birinə xüsusi hazırlanmış  köynəklər, papaqlar və sair hədiyyələr, həmçinin “Yay məktəbi”nin proqramı təqdim olundu və 80 nəfərlik ilk dəstə Qusara yola düşdü.

Qusarda qonaqları rayon gənclər və idman idarəsinin rəisi Emin Əmirmətov qarşıladı. Dövlət Bayrağı meydanında xatirə şəkilləri çəkdirildi. Şəhərin ən ucqar yerində ulu öndərin möhtəşəm abidəsi ziyarət edildi, önünə gül dəstələri qoyuldu.

Sonra 1918-ci il mart soyqırımı zamanı Qanlı dərə adlanan yerdə erməni quldur dəstələrini məğlub etmiş Qusar və Quba qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin önünə güllər düzüldü. Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev qonaqları salamlayaraq onların təşəbbüsünü təqdir etdi. Qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsindən məmnunluğunu bildirdi. Natiq 1918-ci il mart soyqırımı zamanı Quba qəzasında 16 minədək həmvətənimizin şəhid olduğunu, nəhayət, Qanlı dərədə daşnak -bolşevik  silahlı dəstələrinin ağır məğlubiyyətə uğrayaraq bölgəni böyük itkilərlə tərk etdiklərini diqqətə çatdırdı.  Soyqırımı qurbanlarının və qəhrəman müqavimətçilərin xatirəsinə bu gözəl abidənin ucaldılması tarixi keçmişimizə ehtiram nümunəsidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış “Şahdağ” Qış-Yay Turizm Kompleksi ilə tanışlıq iştirakçılarda zəngin təəssürat yaratdı. Kompleksin əməkdaşları sumqayıtlı qonaqlara bu müasir, beynəlxalq istirahət mərkəzi barədə ətraflı məlumat verdilər. Kanat səyahətləri hər kəsə unudulmaz təsir bağışladı. Sonra “Yay məktəbi” iştirakçıları ləzgi mətbəxinin gözəl təamlarından daddılar. “Qaya bulaq” zonasında əyləncəli, maraqlı oyunlar təşkil edildi.

Beləcə, gözəl bir yay günündə sumqayıtlı gənclər dağlar diyarı Qusarda, təbiətin əsrarəngiz qoynunda unudulmaz anlar yaşadılar.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında