Azərbaycan Turizm İnstitutunda keçirilən “Məzun – 2013” adlı dördüncü buraxılış mərasimində öncə respublikanın dövlət himni oxundu. Tədbiri giriş sözü ilə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açdı.
Rektor çıxışında ATİ-nin 7 illik fəaliyyətinə nəzər salaraq dedi: “Həyatımızda yaddaqalan, unudulmayan elə hadisələr, elə dönəmlər var ki, o günləri, o anları yenidən yaşamaq və yaşatmaq insana zövq verir. Bugünkü növbəti məzun törənimiz həyəcan və sevincin qovuşduğu günlərdən biridir. Bu günü bizlərə bəxş edənlər, heç vaxt haqqını ödəyə bilməyəcəyimiz valideynlərimiz, müəllimlərimiz, bir də Azərbaycan dövləti və ona rəhbərlik edənlərdir. Bu gün ölkə həyatının hansı sahəsinə baxsaq, orada ümummilli lider Heydər Əliyevin böyük imzasını görə bilərik. Ulu öndər bütün fəaliyyəti boyunca məhz cəmiyyət həyatını sabahlara uğurla aparacaq elmə, təhsilə xüsusi diqqət vermişdir. O cümlədən, turizm sahəsində də Azərbaycanın yeni üfüqlərini açmış, mühüm, tarixi töhfələr vermişdir. Bu gün turzim sahəsində icra olunan əsas layihələrin böyük əksəriyyəti ümummilli liderin hələ sovet dövründə təsdiq etdiyi Xəzərin qərb sahillərində turizmin uzunmüddətli inkişaf strategiyasına daxildir. Hər zaman olduğu kimi, bu gün bu dahi şəxsiyyəti böyük ehtiram hissi ilə anırıq. Ulu öndər Heydər Əliyevin qeyri-neft sektorunun rolunun ölkə iqtisadiyyatında artırılması strategiyası Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, turizm sahəsində də uğurla inkişaf etdirilir. Turizmə olan diqqət və qayğı qəbul edilmiş qərarlarda, dövlətin inkişaf proqramlarında, son illərdə bu sahədə görülmüş konkret işlərdə öz əksini tapmışdır. Nəticələr də özünü göstərməkdədir. Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda 2011-ci ilin Turizm ili elan edilməsi turizm sənayesinin inkişafının dövlətimizin strateji maraqlarının tərkib hissəsi olduğunu bir daha təsdiqləmişdir. Bu qərarın heç şübhəsiz, ölkəmizdə turizmin inkişafı üçün böyük işlərin görülməsində müstəsna rolu vardır”.
Sonra C.Cəfərov Azərbaycan turizm sənayesinin inkişaf etdirilməsi, qonaqpərvərlik, turizm, səyahət və istirahət sahəsində ixtisaslı kadrlara olan ehtiyacı ödəmək üçün mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi üçün 7 il bundan öncə Azərbaycan Turizm İnstitutunun yaradılmasından söz açdı. Qeyd etdi ki, bu illər ərzində qabaqcıl universitetlərin müasir təhsil proqramlarını, tədris vəsaitlərini uğurla tətbiq edən ATİ elmi-pedaqoji ictimaiyyətlə yanaşı, Azərbaycan dövlətinin və xalqının da etimadını qazana bilmişdir. Ciddi təhsil sistemi ilə fərqlənən instituta müxtəlif ölkələrdən müəllim və tələbələrin gəlməsi ATİ-də tədrisin keyfiyyətcə artırılması istiqamətində əldə olunan uğurların bariz sübutudur. Məqsədi dünyanın nüfuzlu ali təhsil ocaqları sırasına qatılmaq olan ATİ fəaliyyət göstərdiyi müddət ərzində daim qabaqcıl təhsil texnologiyalarını tətbiq etməklə bir çox vacib yenilikləri həyata keçirmişdir. Azərbaycandakı dövlət ali məktəbləri arasında ilk dəfə olaraq ATİ-də 2008-2016-cı illəri əhatə edən strateji plan qəbul olunmuşdur. ATİ Avropa Kredit Transfer Sistemini (AKTS) ölkəmizdə bütünlüklə tətbiq edən ilk dövlət ali təhsil müəssisəsidir. 2006-cı ildən etibarən tətbiq edilən kreditli tədris sistemi, tədris proqramından geri qalan tələbələrin növbəti ildə digər tələbələrlə paralel oxuya və ya təhsil müddətini daha tez başa vura bilmələri üçün yay təhsil proqramları, keyfiyyəti idarəetmə sisteminin tətbiqi bu yeniliklərin, sadəcə, bir qismidir.
Ötən yeddi il ərzində ATİ-nin müxtəlif qurumlarla, ali təhsil müəssisələri və beynəlxalq təşkilatlarla əlaqələri genişlənmiş, bir sıra struktur dəyişiklikləri həyata keçirilmiş, institutun tanıdılması prosesində mühüm irəliləyişlər olmuşdur. 2006-cı ildə 200 tələbə, bir fakültə, 2 kafedra, 3 ixtisasla tədris prosesinə başlayan ATİ hazırda 2 fakültə, 8 kafedra, 11 ixtisas, 1200-dən artıq tələbə ilə kadr hazırlığını həyata keçirir. 2010-2011-ci tədris ilindən isə ATİ-də magistratura pilləsi fəaliyyətə başlayıb və 3 ixtisas üzrə 19 tələbə təhsil alır. İkinci ali təhsildə hazırda 15-dən çox sənaye nümayəndəsi yenidən ixtisaslaşır. Bu il ATİ-yə bakalavr üzrə 375, magistraturaya 85 nəfərin qəbulu nəzərdə tutulub. Eyni zamanda üçüncü ildir ki, ATİ-də doktorantların hazırlığı həyata keçirilir. Tələbələrin ictimai həyatda aktiv fəaliyyətini dəstəkləmək üçün institutda Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Turist Klubu kimi birliklər fəaliyyət göstərir.
Ölkəmizdə ilk dəfə ATİ tələbələri üçün nəzərdə tutulan 22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr təkcə Azərbaycanda deyil, Türkiyə, Şimali Kipr, və İsrailin turizm müəssisələrində təcrübə keçirlər. Hazırda ATİ-nin 150 -dən çox tələbəsi ölkədə və 11 nəfər Türkiyədə, 20 nəfər İsraildə, 11 nəfər Şimali Kipr Türk Cümhuriyyətində praktikadadır. Artıq ikinci ildir ki, ATİ-nin nəzdində Bakı Turizm Peşə məktəbi fəaliyyət göstərir. Regionlarda, ilk növbədə Qusarda onun filialının yaradılması nəzərdə tutulur. Bacarıqlı xidmət personalının hazırlanması məqsədilə ATİ-nin Təlim Mərkəzində beynəlxalq təcrübə əsasında turizm sahəsi üçün fasiləsiz qısamüddətli ön büro, bələdçi hazırlığı və turagent və turoperator fəaliyyəti üzrə kurslar təşkil olunur. İndiyədək 60 nəfərdən çox iştirakçı bu kursların müdavimi sertifikatını alıb. Önümüzdəki illərdə animatorluq, yeyəcək-içəcək və otaq- mərtəbə xidmətləri üzrə kursların təşkili nəzərdə tutulmuşdur.
İnstitutun beynəlxalq təhsil sisteminə inteqrasiyasını səciyyələndirən xüsusiyyətlərdən əsasları - dünyanın turizm təmayüllü elmi müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqavilələrinin imzalanması və bunun əsasında həyata keçirilən tələbə və təcrübə mübadilələri, beynəlxalq layihə və proqramlarda iştirak, eləcə də nüfuzlu təşkilatlara üzvlük istiqamətində fəaliyyətdir. ATİ Avropa İttifaqının Erasmus-Mundus Xarici Əməkdaşlıq Proqramı çərçivəsində Yunanıstan, Fransa, Bolqarıstan, İtaliya, Litva, Portuqaliya, Niderland və digər ölkələrin universitetləri ilə əməkdaşlıq edir. Bundan başqa, institut Almaniyanın Yade, Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerika, Doğu Akdeniz, Türkiyənin Atatürk universitetləri ilə əməkdaşlıq müqavilələri imzalamışdır. Ötən illər ərzində ATİ-nin bir neçə müəllim və tələbəsi bu proqramlardan yararlanaraq xaricdə təhsil və təcrübə keçmişdir. İnstitut yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurmuşdur.
C.Cəfərov daha sonra dedi: “ATİ-nin Dünya Turizm Təşkilatına “qoşulmuş üzv” kimi təsdiq olunması bizləri daha səmərəli fəaliyyət göstərməyə səfərbər edib. Təşkilata üzvlük Azərbaycan Turizm İnstitutuna Dünya Turizm Təşkilatı tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə, proqramlarda və bir sıra layihələrdə assosiativ üzv kimi Azərbaycanı təmsil etmək hüququ verir. Eyni zamanda, bu hadisə ATİ-nin ümumi fəaliyyət proqramında da öz əksini tapmış, turizm sektoru üçün yüksək ixtisaslı kadr hazırlığının təmin edilməsi istiqamətindəki gərgin fəaliyyətimizə yeni ruh, yeni önəm vermişdir. Hazırda ATİ-nin kollektivi bu qurumun keyfiyyət sertifikatını almaq üçün ciddi hazırlıq işləri görür.
Ali təhsil müəssisəsi olaraq, əldə etdiyimiz nailiyyətlər ölkə rəhbəri cənab İlham Əliyevin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin diqqət və qayğısı, nazirliyin, digər dövlət və özəl strukturların institutumuza səmimi münasibəti, ATİ kollektivinin birgə və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. ATİ-nin bakalavr və magistr pilləsi üzrə 161 nəfər tələbə məzundur, onlardan 15 nəfəri eyni zamanda Avstiryanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomlarını əldə etmişdir”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxış və tövsiyəsi məzunlar tərəfindən alqışlarla qarşılandı. 2012-2013-cü tədris ilinin bakalavr və magistr məzunlarına rəmzi diplomlar, Avstriyanın İMC Krems Universiteti ilə ATİ- nin birgə icra etdiyi beynəlxalq proqram üzrə bitirən məzunlarına ikili diplomlar təqdim olundu. Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin rektoru xanım Eva Verner öz çıxışında builki məzunların bilik səviyyəsindən və hazırlığından razı qaldığını vurğuladı və onlara uğurlar arzuladı.
Tədbirdə Avstriyanın ölkəmizdəki səfiri xanım Silvia Mayer- Kaybiç, Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin 1-ci müavini Vaqif Əliyev, müavinlər Nazim Səmədov və Sevda Məmmədəliyeva, elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, nüfuzlu otel və turizm sənayesi müəssisələrinin məsul əməkdaşları iştirak edirdilər.
Sonra 2012-2013-cü tədris ili məzunlarından ixtisas, fakültə və institut birincilərinə plaketlər, 2012-2013-cü tədris ili üzrə institut birincisinə isə ATİ-nin “Tələbə Fəxri Kitabı” təqdim edildi. Gecədə müxtəlif bilik olimpiada və layihə-müsabiqələrində uğur qazanan tələbələrə dəyərli mükafatlar verildi. Müxtəlif fakültələr üzrə 6 nəfər ixtisas birincisinə fəxri plaket, bir tələbəyə ATİ-də ilk dəfə təqdim edilən fərqlənmə diplomu verildi.
Məzun tədbiri təntənəli konsert proqramı ilə yekunlaşdı.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.