Ölkəmizin ali təhsil müəssisələrində növbəti tədris ili başa çatır. Artıq bütün dövlət və özəl ali məktəbləri, demək olar ki, yaz imtahan sessiyasını yekunlaşdırmışlar. Hazırda isə sonuncu kurslarda buraxılış yekun dövlət attestasiya imtahanları davam edir. Xatırladaq ki, bir neçə ildir ki, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası ilə əlaqədar olaraq bütün imtahanlar yeni, mütərəqqi prinsiplər əsasında aparılır. Bu da öz növbəsində imtahanların keçirilməsində şəffaflığın təmin olunmasına və tələbələrin biliklərinin düzgün, obyektiv qiymətləndirilməsinə imkan yaradır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə nazirlikdə “qaynar xətt” qərargahı yaradılmışdır. Bu da ali məktəblərdə semestr və buraxılış imtahanlarının obyektiv və şəffaf keçirilməsi, eləcə də baş verə biləcək neqativ halların qarşısının alınması məqsədi daşıyır.
Azərbaycanın qocaman ali təhsil müəssisələrindən sayılan, ölkə məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna yeri olan Dövlət Pedaqoji Universitetində bu baxımdan həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Hazırda universitetin əyani və qiyabi şöbələrində müxtəlif ixtisaslar üzrə 7958 tələbə təhsil alır. Magistratura pilləsində əyani və qiyabi yolla təhsil alanların sayı isə 875 nəfər təşkil edir. Artıq altı ildir ki, universitetin əyani şöbəsində tələbələr kredit sistemi əsasında təhsil alırlar. Həmin tələbələr bütün imtahanları test üsulu ilə, özü də informasiya-kommunikasiya texnologiyaları vasitəsilə verirlər. Bir neçə ildir ki, qiyabi şöbədə də imtahanların analoji üsulla aparılmasına başlanmışdır. Qiyabi şöbənin dörd və beşinci kurslarında təhsil alan tələbələr üçün isə imtahanlar ənənəvi sistemlə aparılır. Onu da deyək ki, kredit sistemi artıq özünü tam doğrultmuş və imtahanların test üsulu ilə aparılması tələbələrin dərin razılığına səbəb olmuşdur. Universitetin tədris-metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyev bildirdi ki, ölkəmizin ali məktəbləri arasında semestr imtahanlarının informasiya-kommunikasiya texnologiyasının tətbiqi yolu ilə aparılması ilk dəfə məhz Azərbaycan Dövlət Pedaqoji Universitetində həyata keçirilmişdir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yusif Məmmədovun bu sahədə irəli sürdüyü ilkin təşəbbüs Təhsil Nazirliyi tərəfindən bəyənildikdən sonra universitet elmi şurasının qərarı ilə həyata keçirilməyə başlanmışdır. Artıq tələbələrin biliklərinin düzgün qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə semestr və buraxılış imtahanlarının informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla keçirilməsi özünü tam doğrultmuş və bu üsulun ölkənin digər ali məktəblərində də tətbiqinə başlanmışdır. Onu da qeyd etmək lazımdır ki, son illər informasiya-kommunikasiya texnologiyalrı sahəsində baş verən sürətli inkişaf və yeniliklər imtahanların bu üsulla həyata keçirilməsini daha da təkmilləşdirməyi tələb edir. ADPU-da bu məsələ də öz praktiki həllini vaxtında tapdığından imtahanların keçirilməsi zamanı qarşıya heç bir çətinlik çıxmır.
Hazırda ölkəmizin bütün ali və orta ixtisas məktəbləri növbəti məzunları ilə vidalaşır. Artıq builki məzunlar buraxılış yekun dövlət attestasiya imtahanlarını verib, ölkənin gənc mütəxəssləri kimi müxtəlif sahələrdə çalışmağa hazırlaşırlar. Dövlət Pedaqoji Universitetində də buraxılış imtahanları tədricən sona yaxınlaşır. Yeri gəlmişkən, bu il universitetin əyani şöbəsini 10 fakültə üzrə 1487 nəfər, qiyabi şöbəsini isə 8 fakültə üzrə 450 nəfər bitirir. Universitetin magistratura şöbəsini qiyabi və əyani üzrə bitirən məzunların sayı 260 nəfərdir. Qeyd etdiyimiz kimi, əyani şöbədə bütün ixtisaslar üzrə semestr imtahanları kimi, buraxılış imtahanları da kompyuter vasitəsilə aparılır. Qiyabi şöbəsini bitirən məzunlar isə yazılı imtahan verirlər. ADPU-nun komyuter mərkəzində imtahanlara nəzarət qrupunun rəhbəri, dosent Qulaməli Balaşov bildirdi ki, universitetin əyani şöbəsi üzrə buraxılış yekun dövlət attestasiya imtahanları iyunun 27-də start götürmüş və bu ayın 4-də müvəffəqiyyətlə başa çatmışdır. İmtahanları lazımi səviyyədə aparmaq üçün ayrı-ayrı fakültələr üzrə buraxılış yekun dövlət imtahan komissiyaları yaradılmış, onun tərkibinə sədrlə yanaşı, fakültə dekanları və kafedra müdirləri daxil edilmişlər. Müxtəlif fakültələr üzrə məzun olmağa hazırlaşan tələbələr müvafiq olaraq beş və altı fənndən kompyuter vasitəsilə imtahan vermişlər. Ayrı-ayrı fənnlər üzrə hər bir tələbə üçün düzgün cavabı 4 balla qiymətləndirilən 25 sual tərtib edilmiş və maksimal olaraq 100 bal müəyyənləşdirilmişdir. Ümumilikdə 51 və daha yuxarı bal toplayanlar müvəffəq qiymət almış hesab olunurlar. Q. Balaşovun dediyinə görə, builki buraxılış yekun dövlət attestasiya imtahanlarında tələbələrin göstərdikləri nəticə əvvəlki illərlə müqayisədə xeyli yüksək olmuşdur.
Sonra universitetin qiyabi şöbəsi üzrə keçirilən buraxılış yekun dövlət attestasiya imtahanlarının gedişi ilə maraqlandıq. Dördüncü mərtəbədə təşkil olunmuş imtahan zallarının birində filologiya fakültəsinin sonuncu kurs tələbələrinin buraxılış yekun dövlət attestasiyası keçirilirdi. Fakültənin dekanı, professor Buludxan Xəlilov bizimlə söhbət zamanı dedi: – Bu il filologiya fakültəsinin əyani şöbəsini 179 nəfər bitirir. Onlar artıq buraxlış yekun dövlət attestasiyasından uğurla keçmişlər. Hazırda isə 84 nəfər qiyabiçi tələbəmiz imtahan verir. Hər il olduğu kimi, bu il də universitetimizdə yekun buraxılış dövlət attestasiyasının keçirilməsi üçün bütün lazımi hazırlıq işləri görülmüşdür. Fakültəmizi bitirməyə hazırlaşan tələbələrin həlledici imtahanlarının keçirilməsi üçün Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Sənubər Abdullayevanın sədrliyi ilə buraxılış yekun dövlət attestasiya komissiyası yaradılmışdır. Çox demokratik şəraitdə keçirilən imtahanlarda tələbələrimizə öz biliklərini yazılı şəkildə nümayiş etdirmək imkanı yaradılmışdır. Tələbələrin imtahan biletinə düşən suallara yazdıqları cavablar komissiyaya təqdim edilir. Komissiya isə öz növbəsində obyektiv və şəffaf şəraitdə hər bir tələbənin yazılı cavabını yoxlayır və qiymətləndirir. Sonra isə komissiya üzvləri kollegial şəkildə qiymətləndirməni müzakirə edib yekun qərar çıxarır. Daha sonra komissiyanın qərarı fakültənin hər bir qrupu üzrə ayrılıqda elan olunur. Yeri gəlmişkən, yoxlama prosesində tələbələrin bakalavr pilləsində oxuduqları zaman əldə etdikləri biliklərlə yanaşı, onların dünyagörüşləri, öyrəndikləri məsələlərə yaradıcı yanaşma qabiliyyətləri və s. keyfiyyətlər də nəzərə alınır.
Digər bir zalda pedaqoji fakültənin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsilini başa vurmuş tələbələrin yekun imtahanı keçirilirdi. Buraxılış yekun dövlət attestasiya komissiyasının sədri, Təhsil Problemləri İnstitunun şöbə müdiri, professor Vidadi Xəlilov bildirdi ki, Dövlət Pedaqoji Universitetində imtahanların keçirilməsi yüksək səviyyədə təşkil olunmuşdur. Tələbələr 6-7 ay öncədən istiqamət xarakterli proqram materialları ilə təmin olunmuşlar ki, bu da onların işini xeyli asanlaşdırmışdır. Bundan əlavə, müxtəlif fənləri tədris edən müəllimlər tərəfindən tələbələrə icmal mühazirələr oxunmuş, onlar üçün məsləhət saatları təşkil olunmuşdur. Universitet rektorunun əmri ilə müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılmış, onun sədri və üzvləri müəyyənləşdirilmişdir. Qeyd edim ki, komissiyanın tərkibinə fakültə dekanları və müvafiq kafedraların müdirləri daxil edilmişlər. Komissiya biletlərin dəqiləşdirilməsindən tutmuş imtahanın keçirilməsi və yekun nəticələrin elan olunmasınadək bütün proseslərə nəzarəti həyata keçirir. Əminliklə söyləyə bilərəm ki, Dövlət Pedaqoji Universitetində buraxılış yekun dövlət attestasiyasının yüksək səviyyədə keçirilməsi üçün obyektivlik və şəffaflıq tam təmin edilmişdir.
Tarix fakültəsinin qiyabiçi tələbələri isə Azərbaycan tarixi, türk xalqlarının tarixi, müasir tarix, tarixin tədrisi metodikası və pedaqogika fənlərindən buraxılış yekun dövlət attestasiyasından keçirdilər. Komissiya sədri, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov qeyd etdi ki, buraxılış yekun dövlət attestasiyası, bir növ, tələbələrin beş illik qalıq biliklərinin nümayişidir. Artıq yekun imtahanları sona yaxınlaşır. Tələbələrin əldə etdikləri nəticələr onu deməyə əsas verir ki, onlar ötən beş ildə seçdiklrəri ixtisas üzrə mükəmməl bilik əldə etmişlər.
Bir sözlə, Dövlət Pedaqoji Universitetində apardığımız müşahidələr, tələbələrlə etdiyimiz söhbətlərdən də tam aydın oldu ki, burada yaradılmış hər bir şərait yalnız və yalnız imtahanların obyektiv və şəffaf keçirilməsinə hesablanmışdır. Elə gələcəyin müəllimləri də universitetdə, sözün əsl mənasında, biliyin yeganə meyar olduğuna əmin olduqları üçün imtahanlara daha böyük səy və həvəslə hazırlaşmışdılar.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.