Seyfəddin Tağı oğlu Qəndilov

Azərbaycanın təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Tağı oğlu Qəndilov 2010-cu il iyulun 20-də ömrünün 80-ci ilində vəfat etmişdir.
Seyfəddin Qəndilov 1930-cu il sentyabr ayının 26-da Tərtər rayonunda anadan olmuşdur. Orta məktəb təhsilini başa vurduqdan sonra, 1948-1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alaraq bu ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, 1953-1956-cı illərdə isə həmin universitetin aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Dövlət Universitetində komsomol komitəsinin katibi kimi başlayan Seyfəddin Qəndilov burada 1958-ci ildə assistent vəzifəsində çalışmışdır. Sonrakı illərdə müxtəlif ali məktəblərdə, o cümlədən 1958-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda dosent, 1962-1966-cı illərdə Azərbaycan Dövlət Universitetində dosent, 1966-1971-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda kafedra müdiri olmuşdur. 1971-ci ildə o, yenidən indiki Bakı Dövlət Universitetinə qayıdaraq professor və kafedra müdiri vəzifələrini tutmuşdur. Seyfəddin Qəndilov 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rəhbərlik etmişdir.
Seyfəddin Qəndilov 1958-ci ildə tarix elmləri üzrə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Onun çoxillik səmərəli araşdırmalarının nəticələri 400-ə yaxın məqalədə, bir sıra monoqrafiyada və dərsliklərdə əksini tapmışdır.
Uzun illər ərzində tarixçi-politoloq, siyasi icmalçı olaraq Seyfəddin Qəndilov özünün əhatəli siyasi biliyi, zəngin elmi-pedaqoji səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti sayəsində respublikamızda və onun hüdudlarından kənarda tanınmışdır. Alimin tədqiqatlarının aparıcı istiqamətini siyasi tarix, beynəlxalq həyat və xarici siyasətlə bağlı problemlərin öyrənilməsi təşkil etmişdir.
Seyfəddin Qəndilovun müxtəlif illərdə sülh, Avropada təhlükəsizlik, milli azadlıq hərəkatı və tərksilah məsələlərini geniş işıqlandıran kitabları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Onun iyirminci əsrdə Yaxın Şərq, Latın Amerikası və Afrika qitəsində cərəyan edən siyasi proseslərlə bağlı silsilə yazıları, radio və televiziya ilə beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələrin şərhinə dair müntəzəm çıxışları yüksək peşəkarlıq nümunəsi kimi yadda qalmışdır.
Professor Seyfəddin Qəndilovun rəhbərliyi altında bir neçə doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. Onun mötəbər beynəlxalq konfrans, elmi simpozium və nüfuzlu toplantılardakı çıxışları mütəxəssislərin marağına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ilk rektoru olan Seyfəddin Qəndilov göstərdiyi çoxşaxəli fəaliyyəti ilə respublikamızda dövlət qulluğu sahəsində kadr hazırlığı işinə layiqli töhfələr vermişdir.
Seyfəddin Qəndilov öz elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ölkəmizin ictimai həyatında da fəal iştirak edərək, əsl vətəndaşlıq mövqeyi tutmuş və milli dövlətçilik prinsiplərinə sadiq qalmışdır.
Tanınmış pedaqoq və alim, əsl ziyalı və səmimi insan Seyfəddin Tağı oğlu Qəndilovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!

{nl}

İlham ƏLİYEV, Artur RASİ-ZADƏ, Oqtay ƏSƏDOV, Ramiz MEaHDİYEV, Elçin ƏFƏNDİYEV, Hacıbala ABUTALIBOV, Fatma ABDULLAZADƏ, Əli HƏSƏNOV, Mahmud KƏRİMOV, Misir MƏRDANOV, Şəmsəddin HACIYEV, Abel MƏHƏRRƏMOV, Cəmil QULİYEV, Nailə VƏLİXANLI, Yaqub MAHMUDOV, Yusif MƏMMƏDOV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında