Ukraynalı hüquqşünas alimlər Heydər Əliyev Mərkəzində olmuşlar

 

Azərbaycanda səfərdə olan ukraynalı  hüquqşünas alimlərin nümayəndə heyəti iyulun 9-da Heydər Əliyev Mərkəzində olmuşdur.

AzərTAc xəbər verir ki, qonaqlara Mərkəzin fəaliyyəti barədə məlumat verilərək bildirilmişdir ki, Heydər Əliyev Mərkəzinin binası  dünya memarlığının şedevrlərindən biri sayılır. Tanınmış  arxitektor  Zəha Hədidin layihəsi əsasında inşa edilmiş bina Baklının müasir rəmzlərindən birinə çevrilmişdir. Bildirilmişdir ki,  Mərkəzin fəaliyyəti  azərbaycançılıq ideologiyasının, dövlətçilik fəlsəfəsinin  və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  siyasi irsinin  dərindən öyrənilməsinə yönəldilmişdir. Mərkəz Azərbaycan dili, tarixi və mədəniyyətinin, milli-mədəni dəyərlərimizin  dünyada təbliğinə, elm və təhsilin inkişafına və dəstəklənməsinə xidmət edən layihələr də həyata keçirir.

Qonaqlara məlumat vermişlər ki, təməli 2007-ci ildə qoyulmuş  Mərkəz  2012-ci il mayın 10-da  - ulu öndərin  doğum günündə açılmışdır.  Rəsmi qəbulların, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi üçün burada hər cür şərait yaradılmışdır.

Ukraynalı qonaqlar “Azərbaycanın inciləri” sərgisi ilə tanış olmuşlar. Sərgidə ölkəmizin zəngin təbii sərvətlərini, çoxəsrlik tarixini və mədəni irsini  əks etdirən nadir eksponatlar nümayiş etdirilir. Sərgidə qədim musiqi alətləri, milli geyimlər, müxtəlif dinlərin müqəddəs kitabları  da təqdim olunmuşdur.

“Mini-Azərbaycan” sərgi salonu ilə tanışlıq zamanı  bildirilmişdir ki, bu layihə  Bakı şəhərinin  və regionların  tarix və memarlıq abidələrinin  təbliği nöqteyi-nəzərindən  böyük əhəmiyyət daşıyır. Qonaqlara  hər bir bina, onun memarlıq üslubu barədə  maraqlı məlumatlar verilir.

Kiyev Milli Dilçilik Universitetinin  Hüquq kafedrasının  müdiri Aleksandr Merejko AzərTAc-a müsahibəsində demişdir ki,  Azərbaycanın özü kimi,  Heydər Əliyev Mərkəzi də  unudulmaz  təəssürat doğurur. O demişdir: “Burada hər şey qeyri-adi, orijinal və maraqlıdır. Zənnimcə, Azərbaycan yeni əsrin ölkəsidir və bunu Heydər Əliyev Mərkəzi də təsdiq edir. Mərkəzin binasının özü, onun hər bir detalı  insana böyük estetik zövq verir. Mən indiyədək buna bənzər heç nə görməmişəm. Heydər Əliyevin ölkənizin həyatında oynadığı  rol, onun xatirəsinə bəslədiyiniz həssas münasibət məni valeh etdi. O, taleyüklü vaxtda Azərbaycana başçılıq etdi,  möhtəşəm və güclü bir dövlət yaratdı. Düşünürəm ki, bu gün burada bizi heyran edən şey Heydər Əliyevin səylərinin bəhrəsidir”.

Qeyd edək ki, hüquqşünas alimlərin səfərinin təşkilatçılarından biri,  hüquq elmləri doktoru,  Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevdir.   AzərTAc-a müsahibəsində Ukrayna alimlərinin Azərbaycana səfərinin  tanışlıq xarakteri daşıdığını bildirən A.Quliyev demişdir: “Əminəm ki, belə səfərlər Azərbaycan gerçəkliklərinin xarici ölkələrdə yayılmasına xidmət edir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında