Bakıda “Azərbaycan ədəbiyyatında mübariz qadın obrazı və qadın şairlərimiz” mövzusunda respublika konfransı keçirilmişdir

 

İyulun 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan ədəbiyyatında mübariz qadın obrazı və qadın şairlərimiz” mövzusunda respublika konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfrans xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə həsr olunmuşdur.

Tədbirdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov “Tarix boyunca şerimizdə qadın və qadın şairlərimiz” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzədə Nigar Rəfibəylinin mənalı ömür yolu və zəngin yaradıcılıq axtarışlarından geniş söz açmışdır.

Bildirilmişdir ki, Nigar Rəfibəyli Gəncə şəhərində, həkim ailəsində anadan olmuşdur. Onun atası Xudadat bəy Rəfibəyov əsrimizin əvvəllərində Avropada oxumuş ziyalılarımızdan biri, ali təhsilli ilk azərbaycanlı cərrah idi. O, Azərbaycanın ilk müstəqil hökumətində - Xalq Cümhuriyyətində nazir vəzifəsini tutmuş, sonra repressiya qurbanı olmuşdur.

Qeyd edilmişdir ki, Nigar Rəfibəyli repressiya illərində bəy qızı olduğuna görə min cür əzab və əziyyətlə üzləşmişdir. Onun qohum-qardaşlarını “xalq düşməni” damğası ilə qətlə yetirmişlər. O şanlı nəsildən yadigar qalan Nigar Rəfibəyli bu ədalətsiz münasibətin acığına bütün ömrü boyu ləyaqətlə yaşamışdır. Quruluşun, zamanın, ayrı-ayrı nadanların haqsızlıqlarını torpağın, millətin ayağına yazmayaraq vaxtdan ucada dayanmışdır. Əksinə, çəkdiyi əzabların önündə öz məğrurluğunu saxlayaraq varlığı ilə bağlı olduğu torpağa, Vətənə övlad borcunu yerinə yetirə bilmişdir. Bununla da Nigar Rəfibəyli mənsub olduğu nəslin və xalqın ən dəyərli, unudulmaz sənətkarlarından birinə çevrilmişdir.

Elə bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən,  hazırda müstəqil ölkəmizin hər yerində  görkəmli söz ustasının 100 illik yubileyi əsl poeziya bayramı kimi qeyd olunmaqdadır.

Rafael Hüseynov diqqətə çatdırmışdır ki, Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən Nigar Rəfibəylinin yaradıcılıq qayəsinin əsasını Vətənə bağlılıq, insanın mənəvi ucalığı təşkil edir. Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan şairədir. Onun özünəməxsus deyim və ifadə tərzi vardır. Şairənin poeziyası insanların qəlbinə yol tapan kövrək, lakin davamlı, oxucusunu uzun müddət təsir altında saxlamağı bacaran bir poeziyadır.

Nigar Rəfibəylinin həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb-yaratdığı və sevilə-sevilə oxunan şeirlər külliyyatı Vətən torpağının gözəlliyinə - gülü, çiçəyi, dənizi, bağı, meşəsi, fəsillərin özünəməxsus çalarlarına, dünyamızda baş verən fərəhli və nisgilli hadisələrə, ən başlıcası, insanlar, onların taleyi, mənəvi aləminə həsr olunmuşdur. Bütün bunlar kövrək qəlbli şairənin hissini, şüurunu ehtizaza gətirmiş, gördüklərini şeirə çevirmişdir.

Tədbirdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, xalq şairi Nəriman Həsənzadə və başqaları Rəfibəylilər nəslinin keçdiyi məşəqqətli, lakin xalqa bağlı olan şərəfli ömür yolundan söz açmışlar.

Vurğulanmışdır ki, Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatına şairə, tərcüməçi, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, Azərbaycanın xalq şairi kimi iz salmışdır.

Tədbirdə Nigar Rəfibəyli və onun həyat yoldaşı, böyük şair, ictimai xadim Rəsul Rzanın səs yazıları səsləndirilmiş, şairənin şeirlərinə yazılmış mahnılar ifa olunmuşdur.

Konfrans işini bölmə iclaslarında davam etdirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında