Körpələr evi-uşaq bağçası işini günün tələblərinə uyğun qurur

 

Mingəçevir şəhərindəki məktəbəqədər tərbiyə müəssisələri arasında  16 saylı “Aynur” körpələr evi-uşaq bağçası nümunəvi fəaliyyəti ilə daha çox seçilir. Bağçanın müdiri Kamilə İlyasova söhbət zamanı dedi: -Bu gün bağçaya gələn kiçikyaşlı oğlan və qızlar bizim  işıqlı gələcəyimiz, nurlu sabahımızdır. Onları qorumaq, qayğı göstərmək vətəndaşlıq borcumuzdur.

Kamilə İlyasova körpələrin məktəbə  hazırlığı ilə  bağlı daim yeni fikirlər irəli sürərək bu sahədə daha yüksək nəticələr əldə edilməsinə nail olmuşdur. O, körpələrin məntiqi təfəkkürünün inkişaf etdirilməsi üçün yeni yollar axtarmış, bir-birindən maraqlı stend və metodiki vəsaitlərdən istifadəyə mühüm önəm vermişdir.  Bu bacarıq və qabiliyyət  şəhər icra hakimiyyəti rəhbərliyinin nəzərindən yayınmamış, ötən ayın 1-dən yuxarıda adı çəkilən bağçaya müdir təyin edilmişdir.

Kamilə İlyasova bildirdi ki,  məktəbəqədər təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun şəkildə, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Bu məqsədlə “Aynur” körpələr evi-uşaq bağçası öz işini günün tələblərinə uyğun qurur.

K. İlyasova xatırlatdı ki, dünya yaranandan nəsillərin tərbiyəsi kimi vacib və şərəfli missiya yerinə yetirən müəllimlər, onların dəyərli əməyi haqqında çox sözlər deyilmişdir. Amma müəllimə ən böyük qiyməti bir müddət əvvəl anadan olmasının  90-cı ildönümünü böyük sayğı və ehtiramla qeyd etdiyimiz müasir Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyev verib. Bu böyük şəxsiyyət həyatını müəllimliyə həsr edən insanları həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlar kimi dəyərləndirmişdir.

Dahi öndər müəllimlərin ölkə, dövlət, cəmiyyət qarşısındakı böyük məsuliyyətini çox yaxşı bildiyi üçün özünün zəngin dövlətçilik, liderlik təcrübəsindən çıxış edərək biz müəllimlərə gənc nəslin tərbiyəsi işində hər zaman mayak olan dəyərli tövsiyələr vermiş, yollar göstərmişdir. Həmin tövsiyə və göstərişlər bu gün də gənc nəslin tərbiyəsi işində böyük aktuallıq kəsb edir və yerinə yetirilməsi hər bir müəllim üçün şərəf işidir.

K. İlyasova xatırlatdı ki, ulu öndərin biz müəllimlərə ünvanlanmış tövsiyələrindən biri uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlıdır. Ümummilli liderimiz uşaqların məktəbəqədər yaş dövründən başlayaraq bəşəri dəyərlərdən istifadə edilməklə milli zəmin üzərində, milli adət-ənənələr ruhunda tərbiyə olunmasını biz tərbiyəçilərin qarşısında mühüm bir vəzifə kimi qoyurdu.

K.İlyasova: – Hər bir müəllim və tərbiyəçiyə çox yaxşı məlumdur ki, vətənpərvərlik tərbiyəsinin ən təsirli vasitələrindən biri böyüməkdə olan nəsillərin ölkənin tarixi, milli mədəniyyəti, adət-ənənələri, qəhrəmanlıq salnaməsi ilə yaxından tanış edilməsidir. Xalqımızın qədimliyini, mədəniyyətini, dünya miqyasında böyük şöhrətə malik olduğunu uşaqlara nə qədər dərindən çatdıra bilsək, bir o qədər onlarda vətənpərvərlik hissini yüksəltmiş olarıq.

Vətənpərvərlik tərbiyəsinin digər bir təsirli vasitəsi də xalqımızı dahi şəxsiyyətlərinin həyat və fəaliyyəti ilə məktəblilərin, bağça uşaqlarının tanış edilməsidir. Bu baxımdan ulu öndərimiz Heydər Əliyevin həyat yolu, çoxcəhətli fəaliyyəti, xalqının azadlığı yolunda göstərdiyi qəhrəmanlıqlar, dövlətçiliyimizin möhkəmləndirilməsindəki misilsiz xidmətləri, hər bir insanın həsəd apara biləcəyi yüksək insani keyfiyyətləri böyük tərbiyə məktəbidir.

Rəhbəri olduğum körpələr evi-uşaq bağçasında uşaqların vətənpərvərlik tərbiyəsində qeyd olunan hər iki  vasitədən geniş istifadə edilir. İlk növbədə, uşaqlara Vətənimizi dərindən tanıtdırmaq istiqamətində bütün məşğələlərdə məqsədyönlü işlər aparılır, tədbirlər keçirilir. Bu yolla uşaqlara çatdırılır ki, Azərbaycan qədim tarixə, yüksək mədəniyyətə malik ölkədir. Xalqımızın tarixində neçə-neçə görkəmli şəxsiyyətlər olmuşdur. Uzaq keçmişimizdən adları bizə gəlib çatmış Dədə Qorqud, Cavanşır, Babək, Nizami, Nəsimi, Füzuli kimi şəxsiyyətlərlə haqlı olaraq fəxr edirik və etməliyik. Lakin uca Yaradan 20-ci əsrdə xalqımıza elə böyük bir şəxsiyyət bəxş etmişdir ki, onun tariximizdə tayı-bərabəri yoxdur. Bu, müasir dünyanın ən böyük siyasi və dövlət xadimlərindən biri, ötən əsrin son qərinəsindən başlayaraq 30 ildən çox bir dövr ərzində ölkəmizi, xalqımızı tərəqqi yolu ilə apararaq sürətli inkişafa çatdırmış, müstəqil Azərbaycanımızın memarı və yaradıcısı Heydər Əliyevdir.

K.İlyasova vurğuladı ki, bağçada uşaqların ümummilli liderimizin şəxsiyyəti nümunəsində tərbiyəsi, dahi öndərin zəngin irsinin balacalara çatdırılması üçün olduqca müxtəlif yollardan istifadə olunur. Böyük şəxsiyyətin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar bağçada silsilə tədbirlər hazırlayaraq həyata keçirmişik. Hər bir tərbiyəçi öz qrup uşaqlarının yaş xüsusiyyətlərini nəzərə alaraq gündəlik iş planlarında Heydər Əliyevin həyat və fəaliyyəti haqqında mövzular müəyyənləşdirmişdilər.Bu mövzulara uyğun olaraq həm məşğələlərdə, həm də məşğələdənkənar fəaliyyət zamanı ulu öndər haqqında uşaqlara geniş məlumat verilmişdir.

Uşaqlarla dahi rəhbər haqqında söhbətlər edirik. Bu böyük şəxsiyyət onların körpə qəlblərində həmişəlik yaşayacaq. Çünki onlara bu xoşbəxt həyatı bəxş edən o böyük insandır.

K. İlyasova söhbətin sonunda bildirdi ki, kiçikyaşlı uşaqların vətənpərvərlik tərbiyəsində dövlət rəmzlərinin də mühüm rolu vardır. Ulu öndər dövlət atributlarımız haqqında çox qiymətli fikirlər söyləmişdir. Biz yeri gəldikcə, bu fikirləri uşaqların diqqətinə çatdırır, əsas dövlət atributları olan bayraq, gerb və himnin mənasını onlara izah edir, himnimizi ifa etməyi öyrədirik.

Bütün bunlar təbii ki, hələ kiçik yaşlardan uşaqların güclü vətənpərvərlik hissinə yiyələnməsinə, gələcəyin fəal vətəndaşı kimi böyüməsinə, Vətənin, torpağın mübariz müdafiəçiləri kimi yetişməsinə müsbət təsir göstərir.

Ömrünü uşaqların tərbiyəsinə, cəmiyyətə vətəndaş hazırlanmasına həsr edən Kamilə İlyasova YAP-ın üzvüdür, rayonun bütün ictimai işlərində daim fəal iştirak edir.

Ramiz ƏLİYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında