Neft Akademiyası 2013-cü ilin məzunları ilə vidalaşdı

 

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında 2012-2013-cü tədris ilinin məzunları ilə vidalaşma mərasimi keçirildi. Tədbirdə akademiyanın rəhbərliyi, müəllim və tələbə kollektivi, eləcə də qonaq qismində dəvət olunmuş sənaye və energetika naziri, iqtisad elmləri doktoru, professor Natiq Əliyev, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev iştirak edirdilər.

Görüşü ADNA rektoru, akademik Siyavuş Qarayev açaraq bildirdi ki, bu gün akademiyanı bitirən hər bir məzun üçün həyəcanlı və məsuliyyətli bir gündür. Rektor 2013-cü ilin məzunlarını bu əlamətkar gün münasibətilə təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. “Əminəm ki, bu görüşümüz sizin yaddaşınıza əbədi həkk olunacaq, irəliyə doğru atdığınız hər bir addıma stimul verəcək, vətəndaşlıq məsuliyyətinizi daha da artıracaq”.

Bu il 1500 nəfərin, o cümlədən 137 nəfər xarici ölkə vətəndaşının bakalavr səviyyəsini və 254 nəfər magistrin, o cümlədən 13 nəfər əcnəbinin magistr səviyyəsini bitirdiyini deyən akademik Siyavuş Qarayev qeyd etdi ki, bu ilin məzunları üçün təhsil illəri və maraqlı tələbə həyatı artıq arxada qalmışdır. Onun sözlərinə görə, Neft Akademiyasında vaxtilə ümummilli liderimiz Heydər Əliyev təhsil almışdır. Ona görə də Neft Akademiyasının məzunları bundan qürur duymalı, bəşəri ideyaları layiqincə qiymətləndirməli və müstəqil Azərbaycan dövləti üçün gənc mütəxəssislər olaraq neft sənayesinin inkişafına öz töhfələrini verməlidirlər. Rektor bildirdi ki, əzmkarlığı, yüksək intellekti, şəxsi intizamı və məsuliyyəti ilə seçilən 137 bakalavr və 102 magistr akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir.         

“Ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının əfsanədən reallığa çevrilməsi, Azərbaycanın qüdrətli dövlət səviyyəsinə yüksəlməsi və ölkəmizin Avropanın yanacaq-enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki fəaliyyəti gənclər arasında neft-qaz sektoruna və bu sahədə elmi biliklərə marağı daha da artırmışdır. Neft Akademiyasında tədrisin beynəlxalq standartlar səviyyəsində təşkili, keyfiyyət göstəricilərinin ildən-ilə yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və təhsil ocağında sağlam psixoloji iqlimin yaradılması istiqamətində həyata keçirilən sistem xarakterli tədbirlər müsbət nəticələr verməkdədir.

Akademik Siyavuş Qarayev əmin olduğunu bildirdi ki, bu ilki məzunlar da, əvvəlki illərin məzunları kimi, bu qədim elm məbədinin şərəfli adını doğrultmağa çalışacaq, neft sənayesinin ayrı-ayrı sahələrində ölkəmizin tərəqqisi və çiçəklənməsi naminə fəaliyyət göstərəcək, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən geniş miqyaslı sosial-iqtisadi inkişaf proqramlarının reallaşmasına öz töhfələrini verəcəklər.

Sənaye və energetika naziri, professor Natiq Əliyev də çıxışına məzunları təbrik etməklə başladı, özünün də Neft Akademiyasının məzunu olduğunu və bundan qürur duyduğunu bildirdi. Nazir təhsilini fərqlənmə diplomu ilə bitirənləri xüsusilə təbrik etdi və bildirdi ki, Neft Akademiyasının məzunları keçmiş SSRİ ölkələrinin və Azərbaycanın neft-qaz sənayesi sahəsində, eləcə də dövlət və hökumət strukturlarında qabaqcıl mövqelərə çıxa, yüksək vəzifələr tuta biliblər. Onlar bu gün dünyanın bir sıra ölkələrində də öz bilik və bacarıqlarını müvəffəqiyyətlə tətbiq edirlər.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev məzunları və müəllimləri təbrik edərək bildirdi ki, Neft Akademiyası Azərbaycan üçün çox vacib ali təhsil ocağıdır. Bugünkü məzunlar artıq mühəndis kimi təhsillərini başa çatdırıb, gözəl ixtisaslara yiyələniblər. Bundan sonra onlar öz bilik və təcrübələrini istehsalatda sınaqdan çıxarmalı, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artmasına həsr etməlidirlər. Akademik onu da əlavə etdi ki, məzunlar həm də Azərbaycandan kənarda, Avropada, Amerikada işləmək imkanlarına malikdirlər. Bunun üçün Azərbaycan dövləti hər cür şərait yaradıb, xarici ölkələrlə yaxşı əlaqələr qurub. Prezident İlham Əliyev gənc kadrlarımızın inkişafı, dünyada qabaqcıl mövqelər tutması üçün mümkün olan hər şeyi edir. Gənc mütəxəssislər isə özlərinə tələbkarlıqla yanaşmalı, məsuliyyətli olmalıdırlar.

Sonra məzunlardan Fuad Əliyev, Stanislav Surnin, Cavid Rüstəmov, Rəşad Eyyubov, Elvin Rəcəbli, Pərvin Sadıqova, Həbibə Sadıqlı və məzun Səkinə Həsənovanın atası Sahib Həsənov çıxış edərək gənclərə göstərdikləri diqqət və qayğıya görə akademiya rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Akademiyanı fərqlənmə diplomu ilə bitirən məzunlara diplomlar təqdim edildi. Yekun sözü ilə çıxış edən rektor, akademik Siyavuş Qarayev gənc neftçi kadrlara böyük ümidlər bəslədiyini qeyd etdi.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında