Riyaziyyatın hər bir sahəsi kimi, ehtimal nəzəriyyəsinin də eksperiment, hadisə, ehtimal və s. ilkin anlayışları vardır. Bu anlayışların formal təsviri ehtimal nəzəriyyəsinin hələ 1929-cu ildə akademik A.N.Kolmoqorov tərəfindən təklif olunmuş nəzəri-çoxluq modelinə əsaslandığı göstərilir. Bundan sonra onun sayəsində 1933-cü ildə ehtimal nəzəriyyəsinin aksiomatik modeli yaranmaqla ayrı-ayrı alimlər tərəfindən bu günədək çox mühüm nəzəri-praktiki nəticələr alınmaqdadır.
Belə alimlərdən biri də vaxtilə Rusiya və Ukraynada yaranmış “Kolmoqorov- Qnedenko -Skoroxod” elmi məktəbinin yetişdirməsi- Azərbaycanın əməkdar müəllimi, riyaziyyat üzrə ilk qadın elmlər doktoru, professor Tamilla Hilal qızı Nəsirovadır. Onun elmi yaradıcılıq istedadı hələ orta məktəb illərində büruzə vermişdir.
...Balaca Tamilla Azərbaycanın gözəl guşələrindən biri olan Hacıqabul rayonunun Navahı kənd orta məktəbində beş il oxuduqdan sonra 1948-ci ildə Bakıya gəlir. Burada o, 1953-cü ildə 176 saylı orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olur. Tamilla xanım 1958-ci ildə universiteti bitirdikdən sonra AMEA-nın Kibernetika İnstitutuna təyinatla işə götürülmüşdür. Həmin il aspiranturaya daxil olub Ukrayna EA-nın Riyaziyyat İnstitutuna, oradan isə Moskva Dövlət Universitetinə göndərilmişdir.
Tamilla Nəsirova 1964-cü ildə Daşkənd Dövlət Universitetində akademik B.V.Qnedenkonun rəhbərliyi altında “Kütləvi xidmət nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1980-ci ildə isə BDU-nun tətbiqi riyaziyyat kafedrasına dosent vəzifəsinə seçilmişdir. Elmi axtarışlar, riyaziyyatın fundamental sahələrindən biri sayılan ehtimal nəzəriyyəsində aldığı nəticələr T.Nəsirovanı elm yollarında irəliyə aparmışdır. 1984-cü ildə “Elm” nəşriyyatında çapdan çıxmış “Yarımmarkov dolaşma prosesləri” (rus dilində) monoqrafiyası alimin sonrakı yaradıcılığında əsaslı dönüş yaratmışdır.
Ölkəmizdə ilk dəfə qadınlar arasında riyaziyyat üzrə elmlər doktoru adını almaq məhz T.Nəsirovaya nəsib olmuşdur. O, 1994-cü ildə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda “Semimarkov prosesləri’ mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, bir il sonra BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının professoru seçilmişdir. Tamilla xanım 1996-cı ildən 1999-cu ilədək Türkiyənin Karadəniz Teknik Universitetində professor vəzifəsində çalışmışdır. Bu müddətdə o, bir monoqrafiya və bir dərslik yazmış, xarici jurnallarda isə beş məqalə çap etdirmişdir.
Vətənə döndükdən sonra T.Nəsirova BDU-da tətbiqi riyaziyyat və mexanika - riyaziyyat fakültələrində ehtimal nəzəriyyəsi və riyazi statistikadan, “Təsadüfi proseslər”, “Semimarkov prosesləri” üzrə ixtisas kurslarından mühazirələr oxuyur. Onun mühazirələri dərin bilik və yüksək elmi-pedaqoji səviyyəsi ilə seçilir.
T.Nəsirova yaradıcılığının çiçəkləndiyi bir dövrdə çox geniş tətbiq sahəsinə malik olan semimarkov prosesləri üçün erqodik teorem isbat etmişdir. O, semimarkov proseslərinin tədqiqində prosesin və onun sərhəd funksionallarının paylanmasının tapılması üçün öz metodunu vermişdir. Alim üç müxtəlif tip semimarkov prosesləri arasında əlaqə yaratmışdır.
T.H.Nəsirova elmi və pedoqoji fəaliyyətini uğurla davam etdirməklə yanaşı, seminar və konfransların (respublikadan kənar) da fəal iştirakçısı olmuşdur. 2000-ci ildə Azərbaycan Riyaziyyat Cəmiyyətində onun yüksək səviyyədə çıxışı olmuşdur. 2009-cu ildə T.Nəsirova Azərbaycan Respublikasının əməkdar müəllimi adına layiq görülmüşdür.
T.Nəsirova Erlanq paylanmaları halında semimarkov proseslərinin tədqiqi üçün də üsul yaratmışdır. Təsadüfi proseslər sahəsində 64 elmi məqalənin, 3 monoqrafiya və 4 kitabın müəllifidir. Riyaziyyat üzrə yetişdirdiyi 7 fəlsəfə doktoru onun yaratdığı elmi-pedaqoji məktəbin davamçılarıdır. Alim mürəkkəb semimarkov dolaşma proseslərinin paylanmalarının və onların əsas sərhəd funksionallarının tədqiqini kəsr törəməli diferensial tənliklərin və Monjeron tənliklərin həllinə gətirmişdir.
Gözəl insan, tanınmış riyaziyyatçı, bacarıqlı müəllim Tamilla Hilal qızı Nəsirova ölkəmizdə riyaziyyat elminin inkişafına töhfələr vermiş alimlərdəndir.
Tofiq ƏLİYEV,
riyaziyyat üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.