“Soyqırım, deportasiyalar və ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları (XIX-XX əsrlər)”

 

Azərbaycan Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayevin “Soyqırım, deportasiyalar və  ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları (XIX-XX əsrlər)” kitabı çapdan çıxmışdır.

Kitabın girişində deyilir ki, hazırda Azərbaycan xalqının qarşısında duran prioritet vəzifələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla həll edilməsidir. Tarixçilərin, siyasətçilərin və ictimaiyyətin ilkin vəzifəsi isə bu münaqişənin meydana çıxması tarixini, səbəblərini öyrənmək, onun nəticələrindən söhbət açmaqdır.

Kitabın müəllifi ilkin mənbələrə və real faktlara istinad edir, burada istər çar Rusiyasının, istərsə də sovet hakimiyyəti illərində kommunist rəhbərlərin məsələnin üzərindən sükutla keçməsi sayəsində, bəzən isə onların təhriki ilə ermənilərin iki yüz il ərzində Azərbaycan xalqına qarşı faciələr, fəlakətlər və vəhşiliklər   törətdiklərini təsdiq edən hadisələr əks olunmuşdur.

Qeyd etmək lazımdır ki, giriş, beş fəsil və nəticədən ibarət olan bu kitab Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilmişdir. Kitabın baş redaktoru əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Y.Mahmudov, elmi redaktoru - tarix üzrə fəlsəfə doktoru E.Məhərrəmovdur.

“Çar Rusiyasının Qafqaz siyasətində erməni faktoru” adlı I fəsildə Cənubi Qafqazın işğalından sonra ermənilərin türk-müsəlman ərazilərində yerləşdirilməsindən bəhs olunur. Bu fəsildə deyilir: “Hələ XVII əsrin əvvəllərində ermənilər xristian dininə mənsub olmalarından istifadə edərək Avropa dövlətlərinin diqqətini şərqə cəlb edə bilmiş, onların köməyi ilə özlərinin “böyük Ermənistan” yaratmaq arzularını və planlarını həyata keçirməyə çalışmışlar. Daha sonra ermənilərin üç dövlətin - Rusiya, Türkiyə və İranın ərazisində yaşayan bütün erməniləri öz bayraqları altında birləşdirmək məqsədi daşıyan terrorçu təşkilatlar yaratmasından söhbət açılır.     

II fəsil “Çarizmin süqutundan və oktyabr çevrilişindən (1917-1920-ci illər) sonra Cənubi Qafqazın türk-müsəlman əhalisi üzərində ermənilərin törətdikləri vəhşiliklər” adlanır. Bu fəsildə ermənilərin türk-müsəlmanlara qarşı soyqırımının və qəsdlərinin ifşa olunmasında Fövqəladə İstintaq Komissiyasının rolundan, Bakı, Şamaxı, Quba, Zəngəzur qırğınından, ermənilərin Qarabağ regionunda, Naxçıvan və Şərur-Dərələyaz qəzalarında ermənilərin vəhşiliklərindən tarixi faktlar və sənədlər əsasında bəhs olunur.

III fəsil “Sovet hakimiyyəti illərində (1920-1990-cı illər) ermənilərin öz ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirməsi və azərbaycanlıların bu ərazilərdən deportasiya olunması” adlanır. Bu fəsildə Ermənistanın sovetləşməsindən sonra erməni sovet rəhbərlərinin ərazi məsələlərində yeritdikləri strategiyanın mahiyyəti, sovet Ermənistanının Azərbaycana qarşı ərazi iddiaları və azərbaycanlıların hər cür “xeyirxah” bəhanələrlə öz doğma yurdlarından çıxarılması, İkinci Dünya müharibəsindən sonra ermənilərin ərazi iddialarının artması, habelə 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiya edilməsi bütün ardıcıllığı ilə şərh olunur. 

“Ermənistan SSR-də millətçilik hərəkatının güclənməsi, Qarabağ hadisələrinin başlanması, SSRİ-nin tənəzzülü. Azərbaycanlıların Ermənistan SSR-dən qovulması” adlı IV bölmədə 1960-1970-ci illərdə Ermənistan SSR-də millətçilik hərəkatının güclənməsindən, Qarabağ hadisələrinin başlanmasından, Ermənistan SSR-in ərazisində yaşayan azərbaycanlıların kütləvi qaydada ölkədən qovulmasından söhbət açılır.

“SSRİ-nin tənəzzülü, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” adlı V fəsildə Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan ordusu tərəfindən işğal olunmasından bəhs edilir.

Nəhayət, “Nəticə” hissəsində müəllif çoxsaylı arxiv sənədlərini və materialları təhlil edərək bir sıra nəticələr çıxarır və belə qənaətə gəlir ki, bu torpaqların taleyi ya beynəlxalq təşkilatların təzyiqi ilə, ya da silahlı yolla həll edilə bilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında