Azərbaycanda dövlət qulluğu sistemi və onun hüquqi bazasının formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

 

Hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Bu bayram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmişdir.

AzərTAc xəbər verir ki, bu münasibətlə iyunun 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycanda elmə əsaslanan iqtisadi inkişaf və dövlət qulluğu sisteminin idarə edilməsinin elmi əsasları barədə danışmışdır. Qeyd etmişdir ki, ölkəmizdə dövlət qulluğu sistemi və onun hüquqi bazası ümummilli lider Heydər Əliyevin xalqın və ziyalıların təkidli tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə formalaşmışdır.

Artıq ölkəmizdə çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən rektor Dövlət Qulluğunu İdarəetmə Şurasına Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin başçılıq etməsinin bu qurumun uğurlu fəaliyyətini şərtləndirən amillərdən biri olduğunu bildirmişdir.

U.Ələkbərov demişdir ki, ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov isə bildirmişdir ki, ilk dəfə “dövlət qulluğu” anlayışı Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilən Konstitusiyada öz əksini tapmışdır. Qeyd etmişdir ki, ölkəmizdə aparılan dövlət qulluğu siyasətinin başlıca qayəsini demokratik dəyərlərə əsaslanan idarəçiliyin yaradılması, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması təşkil edir.

Hazırda Azərbaycanda dövlət qulluğu islahatları üzrə strategiyanın hazırlandığını diqqətə çatdıran B.Xəlilov demişdir ki, strategiyada normativ hüquqi çərçivə, mərkəzi idarəetmə potensialı və koordinasiya öhdəlikləri, istedadlı şəxslərin işə qəbulu, əmək haqqı siyasəti, təlim və inkişaf, dövlət qulluğunun bütövlüyü kimi məsələlər öz əksini tapmışdır.

Dövlətimizin başçısı tərəfindən dövlət qulluğu sahəsinə həmişə böyük diqqət yetirildiyini diqqətə çatdıran B.Xəlilov demişdir ki, bu sahədə əsas problem şəffaflığın təmin edilməsidir.

B.Xəlilov qeyd etmişdir ki, bütün dövlət orqanlarında informasiya üzrə məsul şəxslər təyin olunmuş və istənilən vaxt vətəndaş cəmiyyətinin üzvləri dövlət orqanlarının fəaliyyəti barədə məlumatları qanunvericiliyə uyğun olaraq əldə edə bilərlər.

 Komissiya sədri qeyd etmişdir ki, hazırda əsas vəzifə dövlət qulluğuna peşəkar, yüksək potensiallı gəncləri cəlb etməkdir.

 Konfransda “Dövlət qulluğunun etik məsələləri”, “Dövlət qulluğu sahəsində kadr siyasətinin təkmilləşdirilməsi”, “Dövlət qulluqçularının ixtisasının artırılmasının müasir innovativ metodları”, “Dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsi” mövzularında məruzələr dinlənilmişdir.

Sonra dövlət qulluğu sahəsində vahid siyasətin həyata keçirilməsi, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması ilə bağlı təkliflərin hazırlanması, habelə dövlət qulluqçularının peşə hazırlığı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında