1993-cü ilin ikinci yarısından – ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər başlandı. Dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyev ilk növbədə bir sıra mühüm, təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya qoydu. Həmin vəzifələrdən biri Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqla, respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla yanaşı, “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Azərbaycan Respublikası Prezidenti 1997-ci il 18 dekabr tarixli Fərman vermişdir. Bu Fərmanlar azərbaycanlılara qarşı müxtəlif vaxtlarda ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinin hərtərəfli tədqiq edilməsi, bu cinayətlərə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Son illərdə erməni təcavüzünün nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması, xalqımızın milli mədəniyyət nümunələrinin, toponimlərin özününküləşdirilməsi barədə tarixi faktlara əsaslanan qiymətli əsərlərin çap olunması çox əhəmiyyətlidir. Bu baxımdan bir sıra dəyərli əsərlər yazılmışdır ki, bunun nəticəsində XIX əsrin sonu - XX əsrin əvvəllərinə qədər ermənilərin nəinki Qarabağ, Naxçıvan və Zəngəzurda, hətta İrəvanın özündə də heç vaxt etnik çoxluq təşkil etmədikləri faktlarla sübuta yetirilmişdir. Bundan əlavə, ermənilərin müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törətdikləri soyqırımlarla əlaqədar sənədlər və faktlar aşkar edilmişdir. Buna misal olaraq Qubada aşkar edilmiş kütləvi məzarlığı göstərmək olar.
Bu mənada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin analitik-informasiya mərkəzinin mudiri Elçin Əhmədovun yenicə çapdan çıxmış “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)” adlı kitabı erməni millətçiliyinin mahiyyətini, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayət olunan təcavüzünün XX əsrin sonu və XIX əsrin əvvəllərində də davam etməsi və bunun təkzibolunmaz faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox vacibdir.
Kitabın giriş hissəsində elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilir. Bununla yanaşı, erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.
Kitabın əsas hissəsini isə, XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, işğalçılıq siyasətinin araşdırılması və baş verən hadisələrin xronoloji ardıcıllıqla təhlil olunması təşkil edir ki, bu da müasir dövrdə problemin daha dərindən öyrənilməsi üçün olduqca zəruridir. Eyni zamanda, 1987-2011-ci illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, dünya birliynin bu işğalla bağlı mövqeyi və beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlər də kitabda təhlil edilir.
Xronoloji ardıcıllıqla təhlil edilən kitabda ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatların ən yüksək səviyyədə keçirilən zirvə toplantılarında çıxışları, nitqləri və bəyanatlarının şərhi verilmişdir ki, bu da münaqişənin nizama salınması istiqamətində Azərbaycan dövlətinin mövqeyinin dünyaya daha dolğun və obyektiv çatdırılması baxımından əhəmiyyətli olacaqdır. Bununla yanaşı, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqların xronoloji təhlili, azərbaycanlıların soyqırımının tanıdılması, erməni millətçilərinin cinayətkar əməlləri, eləcə də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının ifşa edilməsi istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar da təhlil edilir.
Kitabın əlavələr bölməsində Azərbaycanın tarixinin müxtəlif dövrlərinə dair xəritələr və sənədlərin verilməsi, xüsusilə 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri, dağıdılmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı ilə yanaşı, bu işğal və təcavüzünün faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar da öz əksini tapmışdır. Bundan əlavə, Kürəkçay, Gülüstan, Türkmənçay müqaviləsinin mətni, 1918-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən dağıdılan və yer üzündən silinən azərbaycanlıların yaşadığı məntəqələrinin adları da göstərilmiş, erməni terror təşkilatları və terrorçularının müxtəlif vaxtlarda həyata keçirdikləri terror aktlarının bir qismi xronoloji ardıcıllıqla göstərilməişdir.
Monoqrafiyanın əlavələr hissəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş sənədlərin (qərar, qətnamə və bəyanatlar və s.) də ardıcıllıqla və sistemli şəkildə verilməsi münaqişənin beynəlxalq-hüquqi aspektlərinin öyrənilməsi baxımından da çox qiymətlidir. Bütün bunlarla yanaşı, bu kitabın yazılması zamanı Azərbaycanda və xaricdə nəşr edilmiş ədəbiyyatlardan, müxtəlif sənəd və materiallardan, dövri mətbuat və rəsmi internet resurslarından geniş istifadə edilmişdir ki, bu da təqdim edilən nəşrin dərin təhlilə, eləcə də elmi əsaslara söykəndiyinə sübutdur. Kitabda münaqişəyə dair istifadə edilmiş və tövsiyə olunan zəngin mənbələr gələcəkdə bu problemlə bağlı digər tədqiqatçılar üçün də bir ensiklopedik vasitə və istiqamət olacaqdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun elmi redaktorluğu ilə nəşr olunan “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)” kitabının rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlı, məsləhətçisi isə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərovdur.
Müasir dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış olmaq istəyən hər bir kəsdə real təsəvvür yaradacaq bu monoqrafiya son 25 illik tariximizdə Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı aparılan tədqiqatların kompleks şəkildə öyrənilməsi işinə çox böyük töhfə verəcək, və aparılcaq digər tədqiqatlarda onun dolğun və dəqiq informasiya daşıyıcısı kimi mühüm rolu olacaqdır. Geniş oxucu auditoriyasının, politolqların, tarixçilərin, o cümlədən xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislərin marağına səbəb olacaq kitab ermənilərin ərazi iddiaları, münaqişənin başlanması, dünya birliyi və beynəlxalq təşkilatların mövqeyinin öyrənilməsi və eləcə də Ermənistanın təcavüzkar siyasətinin yaddaşlarda həkk olunması baxımından da dəyərlidir.
Əliqismət BƏDƏLOV,
“Xaq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.