ABŞ-ın Viskonsin Stout Universitetinin professoru Cəfər Cəfəri Azərbaycan Turizm İnstitutunda olmuşdur

 

Turizm Araşdırmaları Beynəlxalq Akademiyasının təsisçi prezidenti, Cəfər Cəfəri ölkəmizdə olarkən Azərbaycan Turizm İnstitutuna gəlmişdir. Qeyd etmək yerinə düşər ki, o, həmçinin “Turizm Tədqiqatları Salnaməsi” jurnalının təsisçisi, Turizm Ensiklopediyasının baş redaktoru, Ümumdünya Turizm Təşkilatının “Ulysses” mükafatı laureatıdır. Amerika Birləşmiş Ştatlarının Viskonsin Stout Universitetinin professoru olan Cəfər Cəfərini ATİ-də bu təhsil ocağının rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov səmimi salamlamış, və söhbət əsnasında rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranmasından, turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı sahəsində qazanılan uğurlardan söz açmış, eləcə də qarşıda duran problemlərə aydınlıq gətirmişdir.

Görüş zamanı institutun beynəlxalq təşkilatlarda təmsilçilik fəaliyyətinə toxunan C.Cəfərov dünyanın nüfuzlu universitetləri ilə tələbə-müəllim mübadiləsinin tədrisin keyfiyyətinə müsbət təsir göstərdiyini də diqqətə çatdırmışdır. Professor C.Cəfəri ATİ-nin professor-müəllim heyəti və struktur rəhbərləri ilə görüş təklifini ürəkdən qarşıladığını bildirmişdir. O, ölkəmizə səfəri çərçivəsində Bakının təmiz, möhtəşəm şəhərlərdən biri olduğuna çox sevindiyini görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Qonaq Turizmi lokal çərçivədə, belə desək, bəziləri tərəfindən biznes kimi dəyərləndirmənin zərərli tendensiya hesab etdiyini bildirmiş, Alim fərqli turizmi inkişaf etdirərkən yerli şəraiti, əhali dinamikasını, adət-ənənələri nəzərə almağın vacibliyindən ətraflı söz açmışdır. “turistləri ölkəyə cəlb etmək üçün təkcə beş ulduzlu otellərin olması işin bir tərəfidir”, – demişdir. Fikrini aydınlaşdırmaq üçün bir sıra detalları incələyən professor C.Cəfəri müxtəlif dünyagörüşlü, eyni zamanda müxtəlif millətlərdən, dinlərdən olan insanlara mədəni xidmət göstərə bilən yüksək ixtisaslı, başlıcası, keyfiyyətli kadr hazırlamaq lazımdır,- fikrini də xüsusi vurğulamışdır. O, demişdir: “Azərbaycan Turizm İnstitutu bu missiyanı qarşısına məqsəd qoyan ali təhsil müəssisəsidir. Tələbələrə aşılanmalıdır ki, yaxşı turizmçi olmaq üçün fəaliyyətə başladıqları ilk illərdə təklif olunan hər hansı işdən, vəzifədən utanıb imtina etməsinlər. Ölkəyə müxtəlif məqsədlərlə təşrif buyuran insanlarla ünsiyyət zamanı çəkingən davranışlara yol verməsinlər. Bu da öz növbəsində turistlərin daha çox ölkəyə cəlb edilməsinə, sonda biznesə yaxşı təsir göstərə bilər. Əks təqdirdə hər hansı turizm müəssisəsi maddi itkilərlə üzləşə bilər.”

Professor C.Cəfəri fikir mübadiləsi zamanı bildirmişdir ki, son vaxtlara kimi turizm sənayesində faiz göstəricilərinə görə işçi heyətdə kişilər daha çox üstünlük təşkil edirdi. Son zamanlar qadınların bu sahədəki geniş fəaliyyəti dünyanın hər yerində müsbət qarşılanmaqdadır. ATİ-də xarici ölkə universitetlərindən tanınmış alim-tədqiqatçı və təlimçilərin tədris prosesinə cəlb edilməsi təcrübəsi təqdirəlayiqdir. O, bu tendensiyanın davamlı olmasını məsləhət görmüşdür.

C.Cəfəri demişdir: “Çoxillik təcrübəmə əsaslanaraq deyə bilərəm ki, turizm sənayesini inkişaf etdirmək üçün ilk növbədə region dövlətləri ilə əlaqələri möhkəmləndirmək lazımdır. Ölkədə sabitliyin mövcudluğu və qorunması turizm imkanlarını daha da genişləndirir. Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi Azərbaycanın bu hüquqa sahibləndiyinə tutarlı sübutdur. Hər hansı ölkə turizmin inkişaf modelini gerçəkləşdirmək üçün ilk növbədə dörd il əvvəl onun ali təhsil bazasını yaradır. Yaxşı bilirəm ki, Azərbaycan Turizm İnstitutu yeddi il əvvəl tələbə qəbuluna başlayıb. Deməli, ATİ turizm sənayesinin yüksək ixtisaslı kadrlara ehtiyacını ödəmək məsuliyyətini daşıyan başlıca ali təhsil ocağıdır. Bir mütəxəssis kimi mənə məsləhət vermək imkanı yaratdığınıza görə çox şad oldum.”

Amerikalı professor C.Cəfərinin ATİ ilə tanışlıq görüşü iki gün davam etmişdir. İnstitutdan ayrılarkən qonaq ona göstərilən isti münasibətdən böyük zövq aldığını xüsusi vurğulamışdır. 

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında