İki əsrlik əsarət boyunduruğundan ikinci dəfə xilas olmuş xalqımızın yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsinin qəti olaraq sovuşdurulmasından 20 il keçir. Ən yeni tariximizə Milli Qurtuluş Günü adı ilə daxil olmuş həmin taleyüklü məqamda mütləq xilaskar ümummilli lider Heydər Əliyev oldu.
Müstəqil Azərbaycan dövlətini məhv olmaq girdabından qurtaran ulu öndər bu misilsiz rəşadəti ilə milli tariximizin böyük qəhrəmanı kimi ən yüksək zirvəyə ucaldı. Əvvəlki 70 illik ömrünü canından əziz bildiyi Vətəninin xidmətində keçirmiş ümummilli lider yerdə qalan ömrünü də xalqına bağışlayaraq Azərbaycanı əbədi səadət yoluna çıxardı.
Bu gün o qüdrətli şəxsiyyət barədə düşünəndə belə bir ali obraz gözlərimiz önündə canlanır: O Günəş misallı ömür yaşadı - uca, işıqlı və hərarətli bir ömür... Xalqına, millətinə həsr etdiyi vətəndaş, lider, öndər ömründən hamıya təbəssüm, nur, işıq payı bəxş etdi. Yüksək natiqlik məharəti, geniş erudisiyası, ensiklopedik biliyi, dərin analitik zəkası, müdrik və uzaqgörən strategiyası, çevik taktikası, polad məntiqi, sarsılmaz iradəsi, müstəsna idarəçilik istedadı, peşəkar diplomatik manevrləri ilə əfsanələşərək fenomenal şəxsiyyət olimpində qərar tutdu.
Dünyanın görkəmli ictimai-siyasi xadimləri planetar miqyaslı siyasətçi Heydər Əlirza oğlu Əliyevi hələ onun sağlığında “canlı əfsanə”, “dahi şəxsiyyət”, “siyasət ustadı” adlandırırdılar. Planetimizin super dövlətlərindən birinin-keçmiş SSRİ-nin rəhbərlik piramidasının ən yüksək zirvəsinə qədər ucalan əfsanəvi tarixi şəxsiyyət, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyev həmişə böyük qürur hissi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” - deyirdi.
Tarixdə çox rəhbərlər olub ki, adları zamanın dəyirmanında toza dönüb. Qurucu liderlərin adı və əməlləri isə həmişə yaşayır, yeni dövlət və hökumət başçıları üçün timsal kimi xatırlanır. Böyük amallar və əməllər sahibi olan ulu öndər Heydər Əliyev də tarixin nadir keyfiyyətli qurucu rəhbərlərindəndir. Bu dərin zəkalı, tükənməz enerjili insan təkcə gözəgörünən aləmin deyil, həm də maddi dünyanı əsaslı surətdə dəyişməyin mənəvi generatoru olan elm, təhsil, mədəniyyət aləminin də mahir qurucusu idi. Onun bu nadir keyfiyyəti Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrün hər iki mərhələsində saysız-hesabsız əməllərlə yurdumuzu tərəqqiyə aparmış, xalqımızı ulu dəyərlər üzərində sivil inkişafa qovuşdurmuşdur.
Ümummilli liderin hakimiyyətə gəldiyi ilk aylarda Azərbaycanda təhsilin inkişaf istiqamətləri və milli-mənəvi dəyərlər haqqında söylədiyi proqram xarakterli yığcam və məzmunlu bu fikirlər, əslində, mövcud cəmiyyət üçün yeni baxışlar toplusu idi. Yeni birinci katib sovet ideologiyasını təbliğ etmək əvəzinə auditoriyanın, professor-müəllim heyətinin və gənclərin diqqətini Azərbaycan mentalitetinin etalonuna çevrilmiş mütəfəkkir şəxsiyyətlərə, elm və fikir adamlarına yönəldir, onlardan öyrənməyə və bəhrələnməyə dəvət edirdi. Əslində, bu yol – milli təhsilin milli-mənəvi dəyərlər əsasında inkişafı milli müstəqilliyə və milli dövlətçiliyə aparan yollardan biri idi.
Millətin hərtərəfli tərəqqisində təhsilin rolunu və əhəmiyyətini düzgün qiymətləndirən Heydər Əliyev hakimiyyətinin ilk beş ilində respublikada beş yeni ali məktəb yaratmağa müvəffəq oldu. Həmin dövrdə keçmiş SSRİ-nin 40 şəhərinin 140 ali məktəbində təhsil almağa Azərbaycandan tələbələr göndərilirdi ki, bu da təxminən 244 ixtisası və 2500 gənci əhatə edirdi.
Müstəqil Azərbaycanın memarı Heydər Əliyev gözəl bilirdi ki, elmin və iqtisadiyyatın inkişafında, milli tərəqqidə, uğurlu dövlət quruculuğu prosesində təhsil sisteminin rolu əvəzsizdir. O yaratdığı və rəhbərlik etdiyi təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının 19 aprel 1999-cu il tarixli iclasında xüsusi vurğulayırdı: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir hissəsidir. Azərbaycanda iki milyon uşaq, gənc ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında təhsil alır... Təhsil Azərbaycanın hər yerini əhatə edibdir. Azərbaycanda savadsızlıq ləğv olunub, insanlar məktəbdə təhsil alıblar və fəaliyyətə başlayıblar. Bunun əsasında Azərbaycanın böyük elmi yaranıbdır. Elmi müəssisələr yaranıb, Azərbaycanın mədəniyyəti inkişaf edibdir. Bunların hamısı təhsil sisteminin və ondan səmərəli istifadə edilməsinin nəticəsidir”.
Heydər Əliyev təhsil quruculuğu prosesi ilə əlaqədar istər nəzəri görüşlərində, istərsə də müsahibələrində, söhbətlərində sağlam məntiqə əsaslanmağı, dünənə, keçmişə münasibətdə ədalətli, obyektiv fikir söyləməyi, ifrata varmamağı, tarixi təhrif etməməyi, müsbət təcrübədən faydalanmağı vacib sayırdı.
Müstəqil Azərbaycanda milli tərbiyə konsepsiyasının təməl müddəalarının gənclər tərəfindən düzgün dərki və qəbulu üçün açıq-aşkarlıq, obyektivlik, ədalətlilik prinsipi mühüm əhəmiyyət kəsb edir. Milli-mənəvi dəyərlərin qorunmasında, gənclərlə tərbiyə işinin səmərəliliyinin artırılmasında, tariximizin, dilimizin, mədəniyyətimizin, dini dəyərlərimizin tədrisinin və təbliğinin yüksəldilməsində, şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin mövcudluğu ciddi amildir. Heydər Əliyevin “Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz... Bu gün mənəvi tərbiyə də keçmiş illərdən daha çox lazımdır” - kəlamları mövzunun aktuallığını daha da ön plana çəkir.
Azərbaycançılıq hissiyatı - Azərbaycanı sevmək, onun yüksəlişi yolunda çalışmaq və mübarizə aparmaqdır. Heydər Əliyevin elmi-nəzəri irsində azərbaycançılıq hissiyyatı - Azərbaycan xalqının tarixi keçmişi ilə yanaşı, onun çağdaş dövrünü, yeniləşən və yüksələn bu gününü də tam və geniş mənada əhatə edir.
Elmin, iqtisadiyyatın, mədəniyyətin və mənəviyyatın tərəqqi yolu, şübhəsiz ki, dövlətin təhsil siyasətindən, bu sahədəki işlərin uğurla həyata keçirilməsindən başlanır. Təcrübə göstərir ki, ölkədə təhsil siyasətini dünya praktikasına söykənərək düzgün aparan rəhbərlər nəticədə nəinki öz ölkələrinin yüksəlişinə nail olurlar, eyni zamanda, sivilzasiyaya böyük töhfələr bəxş edirlər. Ümummilli lider Heydər Əliyevin titanik xidmətləri sayəsində onun hakimiyyətdə olduğu dövr Azərbaycan elminin, iqtisadiyyatının, mədəniyyətinin və təhsilinin intibah dövrüdür.
Ulu öndər müstəqillik dövründə akademiyanı ləğv etmək istəyənlərə anladırdı: “Tarix, insanlar həmişə quranları, yaradanları qiymətləndirir. Dağıdanlar həmişə tarixdən silinmişlər, yaxud da tarixə mənfi rol oynamış adamlar kimi daxil olmuşlar. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycan elmi inkişaf etməlidir. Universitetlər, ali məktəblər də inkişaf etməlidir.”
Azərbaycan dilinin zənginləşməsində, istifadə miqyasının genişlənməsində, dövlət dili kimi statusunun möhkəmlənməsində Heydər Əliyevin xidmətləri danılmazdır. O, natiqlik məharəti, dəqiq məntiqi, nurlu zəkası, heyrətamiz yaddaşı, müdrikliyi və mövzuya dərindən bələdliyi ilə ana dilimizin, nitq mədəniyyətimizin ən gözəl nümunələrini yaratmışdır. Hakimiyyətdə olduğu bütün zamanlarda Azərbaycan dilinə üstünlük verən, bu dili Avropa ölkələrinin və beynəlxalq təşkilatların rəsmi məclislərində səsləndirən, ölkədəki yüksək çinli məmurları Azərbaycan dilində danışmağa məcbur edən, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayan Heydər Əliyev gənclərə üz tutaraq onlara dönə-dönə xatırladırdı: “...Öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi daim duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz.” Onun qəti qənaətinə görə, “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq millət ola bilməz.” Ümummilli liderin zəngin elmi-fəlsəfi irsi içərisində mədəniyyətimizin, incəsənətimizin müxtəlif sahələrinə aid dəyərli fikir və tövsiyələri geniş yer almışdır. Onun Azərbaycanın milli teatrı, musiqisi, rəssamlığı, heykəltəraşlığı, memarlığı haqqında söylədiyi dəyərli fikirləri, təlim və tövsiyələri uzun əsrlər dövlət siyasətinin mədəniyyət sahəsində aparıcı lokomotivi olacağı şübhəsizdir.
Müstəqil Azərbaycan Respublikasının xilaskarı və memarı ziyalılarımızın gələcək missiyasının əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: “Bu günümüzü gələcəyə aparan ziyalılarımız, mədəniyyət, elm xadimlərimiz, xalqın qabaqcıl adamları - həm bugünkü, həm də gələcək nəsil olacaqdır. Bu adamların içərisində görkəmli yazıçılarımız, bəstəkarlarımız, alimlərimiz, rəssamlarımız, incəsənət xadimlərimiz daim qiymətli olacaq və biz əlimizdən gələni edəcəyik ki, onların yaratması, yaşaması üçün şərait yaradılsın.”
Təməli, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli mənəvi dəyərlərə, elm və təhsil sisteminə, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə dövlət qayğısı, hörmət və diqqət ənənəsi onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsində də bu gün uğurla davam etdirilir. Mədəniyyət və incəsənət ocaqlarının əsaslı təmir edilməsi, yenidən qurulması, elmi layihələrin maliyyələşdirilməsi, ziyalıların, sənət adamlarının yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində atılan yeni-yeni addımlar danılması mümkün olmayan mötəbər dəlillərdir.
Ümummilli lider siyasi fəaliyyəti dövründə elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə Azərbaycanda və onun hüdudlarından kənarda abidələr qoydurdu, ən yüksək pyedestal üzərində isə müstəqil Azərbaycanı ucaltdı. Azad, müstəqil, qüdrətli, yenilməz Azərbaycan dövləti onun öz əli ilə özünə və xalqına yaratdığı ən möhtəşəm abidədir.
Əfsanəvi öndər, misilsiz xilaskar, bütün zamanlar üçün çağdaş tarixi şəxsiyyət Heydər Əliyevin elmi-fəlsəfi, ədəbi-mədəni irsi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi, bəşəri sivilizasiyasının sanballı sərvətidir.
Asif RÜSTƏMLİ,
filologiya elmləri doktoru, ADMİU-nun professoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.