Azərbaycan Respublikası Prezidenti Katibliyinin Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi xidmətinin, Prezident Kitabxanasının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materialları əsasında hazırladığı “Qaçqınların və məcburi köçkünlərin rifahı naminə” üçcildliyi çapdan çıxmışdır.
AzərTAc xəbər verir ki, orijinal dizayn və zövqlə hazırlanmış bu kitab xalqımızın başına gətirilmiş müsibətlərin öyrənilməsi baxımından olduqca dəyərli bir mənbədir.
Kitabın birinci cildində “Oxucuya” başlıqlı qısa, lakin tutarlı faktlarla zəngin olan yazı yaddaşımızın təzələnməsi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin öyrənilməsi, ulu öndər Heydər Əliyevin böyük xilaskarlıq missiyasının tədqiqi, yurd-yuvasından zorla çıxarılaraq qaçqına və məcburi köçkünə çevrilmiş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi baxımından olduqca maraqlıdır.
Qeyd olunur ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi adı altında ötən əsrin 80-ci illərinin axırlarında başlanmış separatçı hərəkat tez bir zamanda alovlanaraq regionun ən böyük münaqişəsinə çevrildi. Bəzi xarici dairələrin, eləcə də keçmiş SSRİ rəhbərliyindəki ermənipərəst qüvvələrin təkidi ilə qızışdırılan bu hərəkat çox keçmədən elə Sovet İttifaqının özünün süqutuna aparan mərkəzdənqaçma qüvvələri arasında başlıca yer tutdu və uzunmüddətli, qanlı, amansız bir münaqişə kimi müstəqil Azərbaycana sovet imperiyasından “miras” qaldı.
Kitabda faktlar belə əksini tapmışdır: “İşğal nəticəsində Azərbaycan Respublikası ərazisində 946 yaşayış məntəqəsi, 6000 sənaye, kənd təsərrüfatı müəssisəsi və başqa təyinatlı müəssisə, 4366 sosial-mədəni təyinatlı müəssisə, o cümlədən 6690 orta məktəb, 850 məktəbəqədər müəssisə, 665 tibb məntəqəsi, 927 kitabxana, 22 muzey, 4 rəsm qalereyası, 6 dövlət teatrı, 44 məbəd, 9 məscid və ümumi sahəsi 9 milyon kvadratmetr olan 150 min mənzil dağıdılıb məhv edildi. Azərbaycan xalına qarşı hərbi təcavüz nəticəsində vurulan maddi zərərin məbləği 60 milyard ABŞ dollarından (1994-cü ilin qiymətləri ilə) çoxdur. 2013-cü ilin qiymətləri ilə hesabladıqda vurulan zərərin məbləği 300 milyard təşkil edir”.
Kitabda haqlı olaraq bir daha vurğulanmışdır ki, qaçqın və məcburi köçkünlərin faciəsini - onların öz doğma yurd-yuvalarından didərgin düşməsini, ömrü boyu qurub-yaratdıqları ev-eşiklərini, doğulub boya-başa çatdıqları, ömür sürdükləri el-obalarından, yaxınlarının, əzizlərinin uyuduqları torpaqlardan ayrı düşməsini ümummilli lider Heydər Əliyev öz şəxsi faciəsi kimi ürək ağrısı ilə yaşamışdır. Dahi şəxsiyyət Heydər Əliyev özünü cismən və mənən daim qaçqın və məcburi köçkünlərin yanında hiss etmişdir. Ulu öndər özünün zəngin təcrübəsi, fundamental idarəetmə bacarığı və istedadı, ardıcıl, qətiyyətli və genişmiqyaslı fəaliyyəti ilə qaçqın və məcburi köçkünlərin düşdükləri çarəsizlik burulğanında onların harayına yetişməyə çalışmış, qəlblərindəki ümid çırağını sönməyə qoymamış, güzəranlarını yaxşılaşdırmaq naminə gecə-gündüz çalışmış, vəziyyətdən çıxış yolları axtarmışdır.
Ardıcıllıq və böyük ustalıqla sadalanan faktlar deməyə əsas verir ki, ümummilli liderin bu istiqamətdə gördüyü işlər onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha böyük inam və səylə həyata keçirilməkdədir.
Azərbaycan və ingilis dillərində nəşr olunmuş üçcildlikdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin operativ həlli istiqamətində gördükləri işlər, keçirdikləri müşavirələr, onlarla mütəmadi görüşlərini əks etdirən fotoşəkillər və bu səmimi görüşlər zamanı söylədikləri nitqlərin mətni, imzalanmış fərman və sərəncamlar, qəbul olunmuş qərarlar, beynəlxalq qurumların qətnamələri və digər məsələlər öz əksini tapmışdır.
Kitabın birinci cildindəki oxucuya ünvanlanmış yazıda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycanın haqq işinin dünyaya çatdırılması naminə gördükləri işlərə də yer ayrılmışdır.
Bu yeni nəşr Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı münaqişəsinin öyrənilməsi və xarici vətəndaşlara düzgün çatdırılması, eləcə də dövlətimizin qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə yönəltdiyi uğurlu layihələrin ardıcıllıqla izlənilməsi baxımından olduqca əhəmiyyətlidir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.