Sergey ZARUBİN: Fəxr edirəm ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Prezident İlham Əliyev kimi məzunu vardır

 

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu (MDBMİ) məzunlarının Bakıda keçirilmiş I Ümumdünya Forumunun iştirakçısı, Yaponiyanın “KZ İnternational” şirkətinin meneceri Sergey Zarubin təhsil aldığı nüfuzlu universitetin Prezident İlham Əliyev kimi məzunu olması ilə fəxr etdiyini bildirmişdir.

AzərTAc-ın Yaponiyadakı xüsusi müxbiri ilə forum haqqında təəssüratlarını bölüşən S.Zarubin bu beynəlxalq tədbirə dəvət alarkən təəccübləndiyini demişdir: “Bu dəvət məni həm xeyli təəccübləndirdi, həm də həddindən artıq sevindirdi. Çünki böyük çətinliklə qəbul olaraq ali təhsil aldığım, gəncliyimin ən xoş xatirələrinin bağlı olduğu institutun professorları ilə, tələbə yoldaşlarımla uzun fasilədən sonra yenidən görüşmək imkanı yaranmışdı. Digər tərəfdən, forumun son illər bütün dünyada yaxşı tanınan Azərbaycanda, Bakıda keçirilməsi də mənim üçün maraqlı idi. Hazırda yaşadığım Yaponiyanın İto şəhərində ölkənizi yaxşı tanıyırlar və bu yaxınlarda həmin şəhərlə Azərbaycanın İsmayıllı şəhəri arasında qardaşlaşma müqaviləsinin imzalanacağı gözlənilir. Bütün bunlara görə mən bu imkanı əldən buraxa bilməzdim və təklifi məmnuniyyətlə qəbul etdim”.

Tədbirin təşəbbüskarı olmuş MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasına minnətdarlığını bildirən S.Zarubin forumun yüksək səviyyədə təşkil olunduğunu və böyük coğrafi məkanı əhatə etdiyini xüsusi vurğulamışdır: “Birlikdə gələcəyə doğru” devizi altında təşkil olunmuş forumda dünyanın 35 ölkəsindən, o cümlədən Rusiya, Ukrayna, Macarıstan, Çexiya, Bolqarıstan, Moldova, Polşa, Slovakiya, Kuba, Yaponiya, Koreya Respublikası, İsrail, Qazaxıstan, Qırğızıstan, Çin, Vyetnam və digər ölkələrdən rəsmi şəxslər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, maliyyə və biznes nümayəndələri iştirak edirdilər. Ümumiyyətlə, forum müxtəlif illərdə MDBMİ-də təhsil almış 500-dən çox məzunu bir araya gətirmişdi. Yəqin ki, Bakı forumu institutun tarixində onun məzunlarının ən böyük toplantısı idi. Çox təəssüf ki, oxuduğum kursdan tək mən gəlmişdim. Digər yoldaşlarım işlərinin çoxluğu səbəbindən tədbirə qatıla bilməmişdilər. Böyük inamla deyə bilərəm ki, forumun gedişini KİV vasitəsilə izləyənlər gələn il mütləq Bakıya can atacaqlar. MDBMİ-nin professoru, tanınmış publisist Yuri Kobaladze yarızarafat, yarıciddi deyirdi ki, gəlin tədbirin çox yaxşı keçdiyini heç kimə deməyək, çünki gələn il Bakıya gəlmək istəyənlərin sayı o qədər çoxalacaq ki, bizə yer qalmayacaq”.  

S.Zarubin qeyd etmişdir ki, Azərbaycanda əvvəllər olmasa da,  azərbaycanlılarla birlikdə işləmək ona nəsib olmuşdu: “Yaxşı xatırlayıram, 2002-ci ildə Tokioda Azərbaycanın neft-qaz maşınqayırması sənayesinin ABŞ standartlarına keçirilməsi ilə bağlı xüsusi proqram təşkil edilmişdi. Mən bu proqramın materiallarının hazırlanmasında yaxından iştirak etmişdim. Azərbaycanlı mütəxəssislər Yaponiyaya gələndə tərcümə işləri mənə həvalə olunduğuna görə, demək olar, bütün günü sizin neftçilərlə ünsiyyətdə idim. Onlar mənə Azərbaycan, Bakı haqqında çox danışmışdılar. Həmin təəssüratların təsiri altında ölkənizi görməyə can atırdım. Forumdan sonra Bakı ilə daha yaxından tanış olmaq üçün mən əlavə olaraq bir neçə gün də orada qaldım.

Foruma gəlincə, qeyd etmək istəyirəm ki, hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu, - deyə S.Zarubin təəssüratlarını bölüşməkdə davam etmişdir: - Bu, təkcə mənim deyil, ünsiyyətdə olduğum digər iştirakçıların da fikridir. Hamı dönə-dönə təkrarlayırdı ki, forumda bütün işlər əla, yüksək dövlət tədbiri səviyyəsində təşkil edilmişdir. Cari məsələlərdən başlamış mədəni proqramlaradək hər şey ən yüksək səviyyədə idi”.

Gündəlikdəki məsələlərin aktuallığı ilə diqqəti cəlb etdiyini bildirən forum iştirakçısı bununla da bağlı fikirlərin açıqlamışdır: “Enerji təhlükəsizliyi, ekoloji problemlər və təhsil. Bu məsələlər həqiqətən müasir dövrümüzdə beynəlxalq ictimaiyyətin ən çox diqqət ayırdığı mövzulardır. Forumda diqqət cəlb edən məqamlardan biri müxtəlif nəsillərin, eyni universitetdə təhsil alsalar da, hazırda ayrı-ayrı sahələrdə, dünyanın bir çox ölkələrində çalışan insanların bir yerə toplaşması idi. Mənə elə gəlir ki, son illər görünməmiş sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq piarı baxımından bu, çox böyük əhəmiyyətə malikdir. Həqiqətən də bu gün Azərbaycanın bütün dünyaya göstərə biləcəyi böyük uğurları vardır. Söz yox ki, forumun nəticələri tez-gec özünü göstərəcəkdir.

Digər tərəfdən, forumda iştirak etmiş insanlar Azərbaycanla qarşılıqlı əlaqələr qurmaq üçün müəyyən fikrə gələcəklər. Şəxsən mən Yaponiyaya qayıtdıqdan sonra öz sahəmlə bağlı Azərbaycan üçün də layihələr düşünməyə başlamışam. Hazırda Rusiya, Ukrayna və Qazaxıstan şirkətləri ilə işləyirəm. Əminəm ki, tezliklə Azərbaycanla bağlı layihələr yaranacaq və yaxın gələcəkdə reallığa çevriləcəkdir. Çünki ölkənizin böyük perspektivləri var. Prezident İlham Əliyevin çıxışında toxunduğu məqamlar bizdə Azərbaycan haqqında tam təsəvvür yaratmışdır. Şəxsən mən öz sahəmlə əlaqədar Azərbaycanda geniş imkanların olduğu qənaətinə gəlmişəm.

Azərbaycan paytaxtı ilə bağlı təəssüratlarını bölüşən S.Zarubin demişdir ki, dinamik inkişaf edən Bakı müəyyən dərəcədə ona Dubayı xatırladır: “Bakı Şərq kaloritini özündə birləşdirən çox gözəl, müasir şəhərdir. Dəniz sahilindəki bulvar, müasir və qədim arxitektura nümunələri, parklar insanda bir daha bu şəhərə gəlmək arzusu yaradır. Çox sürətlə inkişaf edən Bakı, məndə yaxşı mənada qibtə hissləri oyatdı. Mən Azərbaycana Moskvadan gəlmişdim və istər-istəməz düşünürdüm ki, nəyə görə Rusiyanın paytaxtında belə bir inkişaf nəzərə çarpmır. Axı hər bir ölkənin paytaxtı onun simasıdır. Azərbaycan rəhbərliyi ölkəyə layiq paytaxt qurmaq, yaratmaq üçün əzmlə çalışır. Aeroport yolu, şəhərin mərkəzi hissəsi, şəhər sakinlərinə və qonaqlara xidmət sahələrinin işi həqiqətən ürəkaçandır. Çox qonaqpərvər insanlarınız var. Bakı dünyanın elə şəhərlərindədir ki, burada hər bir əcnəbi özünü çox rahat hiss edir. Mən bu mənada bakılıların sevincinə şərikəm. Hazırda Yaponiyada yaşayan bir insan kimi, mən müasir infrastrukturun əhəmiyyətini yaxşı dərk edirəm. Azərbaycanda bu istiqamətdə aparılan işlər həqiqətən təqdirəlayiqdir. Yaxşı bilirəm ki, məhz bütün bu amillər ölkəyə xarici investisiyanın cəlb edilməsində önəmli rol oynayır”. 

Azərbaycanın enerji ehtiyatlarının insanların rifah halının yaxşılaşmasına yönəldildiyinin şahidi olduğunu deyən S.Zarubin əldə edilən mənfəətdən səmərəli istifadə edildiyini vurğulamışdır: “Hökumət neft kapitalını insanların zənginləşməsinə, yaşayış şəraitinin yüksəlməsinə yönəldərək ölkənin ümumi inkişafına çalışır. Ölkə gəncliyinin sağlam, bacarıqlı və savadlı bir nəsil kimi yetişməsi üçün böyük layihələr icra edilir. Ünsiyyətdə olduğum gənclərinizin çoxunun bir neçə xarici dildə, o cümlədən rus və ingilis dillərində çətinlik çəkmədən danışdığını gördüm. Paytaxtın gecə həyatı da çox rəngarəng, gözəl və maraqlıdır. Mən yenə Azərbaycana səfər edərək burada böyük məmnuniyyətlə həm müəyyən iş qurmaq, həm də dincəlmək barədə düşünürəm. Azərbaycan Prezidenti cənab İlham Əliyevə belə gözəl təşəbbüsü dəstəklədiyinə və forumun yüksək səviyyəli təşkilinə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Fəxr edirəm ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Prezident İlham Əliyev kimi məzunu vardır”.

Vüqar AĞAYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tokio

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında