Neft Akademiyasında Milli Qurtuluş Günü qeyd edildi

 

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rektor, akademik Siyavuş Qarayev bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən hər bir insan üçün çox əzizdir. 15 iyun - əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.

Rektorun sözlərinə görə, həmin dövrdə erməni daşnaklarının “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırmışdı. Burada polkovnik Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissə Müdafiə Nazirliyinə tabe olmur, o zamankı səriştəsiz iqtidar isə hərbi müxalifətin öhdəsindən gələ bilmirdi. İyunun 4-də hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə 3 minədək hərbi qüvvə və texnika yeritmişdi. İki qardaş üz-üzə dayanmışdı. Hökumət qüvvələrini məğlub edən qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefayasını tələb etməyə başlamış, heç bir müqavimətə rast gəlmədən paytaxta yaxınlaşmışdı. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri,  baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur olmuşdular. Belə bir vaxtda ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edərək Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət etmişdilər. Ziyalı insanlar dəfələrlə Naxçıvana gedib onun yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. AXC-Müsavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırmış, vətəndaş müharibəsi üçün zəmin yaratmışdı. Bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar da son anda kömək üçün Heydər Əliyevə müraciət etmişdi.

S.Qarayev bildirdi ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev bu ağır gündə xalqın təkidli dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. İndi inamla söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsi, Azərbaycan xalqını parçalanıb yox olmaq təhlükəsindən qurtarması Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətidir.

Milli Məclisin sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli bildirdi ki, Heydər Əliyev Azərbaycanın müstəqillik tarixində milli xilaskar kimi ad qazanmış bir şəxsiyyətdir. O, hələ keçən əsrin 60-cı illərindən başlayaraq cəsarətli və uzaqgörən lider kimi tanınıb, stereotipləri sındıra bilib. Azərbaycanda sənayenin və kənd təsərrüfatının inkişafı üçün ittifaq dövlətindən lazım olan hər şeyi ala bilib. Bakıda böyük sənaye müəssisələri, o cümlədən Bakı Məişət Kondisionerləri zavodu kimi böyük bir müəssisənin tikilməsinə razılıq alıb. Ölkədə böyük sənaye potensialı və vətəndaşlarımızın sosial rifahının yaxşılaşması üçün hər cür imkan yaradılıb.  Hadi Rəcəblinin sözlərinə görə, sovet dövləti dağıldıqdan sonra Azərbaycan uçurum həddinə qədər gəlib çatıb. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürüb. Erməni təcavüzü ilə bərabər daxili hərc-mərclik, milli-etinik münaqişələr Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. Belə bir vaxtda ulu öndər Heydər Əliyev xalqın köməyinə gəlib və dövlətçiliyimizin, müstəqilliyimizin xilası üçün ardıcıl tədbirlər görməyə başlayıb. İlk növbədə daxili hərc-mərcliyə son qoyulub, separatçı dalğanın qarşısı alınıb, cəbhədə atəşkəsə nail olunub, ictimai-siyasi sabitlik yaradılıb  və sosial problemlərin həllinə başlanılıb. Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk ildə dövlət büdcəsi 500 milyon dollar təşkil etsə də, indi bu rəqəm 25 milyard dollar həddindədir. Bu, Azərbaycanda inkişafın nə qədər sürətlə aparıldığını göstərir. Sonrakı illərdə hakimiyyətin varisliyi prinsipinin qorunub saxlanması, Heydər Əliyevin yaratdıqlarının dağılmasına imkan verilməməsi ölkəyə bü günkü nailiyyətləri qazandırıb. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini böyük uzaqgörənliklə davam etdirərək Azərbaycanı hazırkı sosial-iqtisadi inkişaf mərhələsinə gətirib çatdırıb, dünya dövlətləri arasında söz sahibi edib. İndi ölkəmiz  dünya əhəmiyyətli tədbirlərin keçirildiyi bir məkana çevrilib. Bu günlərdə 340 ABŞ senatorunun Bakıda olması və ölkədəki tərəqqini görməsi də göstərir ki, Azərbaycan beynəlxalq miqyaslı məsələlərin həllinə öz töhfələrini verir, dünyanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır. Ona görə də YAP-ın bu yaxınlarda keçirilmiş qurultayında İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti vəzifəsinə namizəd irəli sürüldü. Bu, eyni zamanda, Azərbaycan xalqının iradəsidir.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında